Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir maraqlı etiraf edib. Deyib ki, əvvəllər yanlış olaraq Azərbaycan və Türkiyənin həqiqətən Ermənistanı yox etmək niyyətində olduğuna inanıb, ancaq sonra bu fikirdən vaz keçib.
Sitat: “Mən anladım ki, biz konseptual olaraq səhvə yol veririk. Onda həm də düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formulalarımız dəyişdi və təhlillər nəticəsində ortaya çıxan sualların, demək olar, hamısına cavab verən “Real Ermənistan” ideologiyası yarandı”.
Paşinyan əlavə edib ki, yeni konsepsiya yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır.
Yəni ki, əlində olan qanuni ərazilərə qane olmaq məsələsi. Hansı ki, yüz ildən çoxdur qonşu toplum bunu anlamaq istəmir və “böyük Ermənistan” xülyası ilə yaşayır. Nəticə bəlli...
Əslində söhbət həm də Türkə nifrətin qayəsində duran bir məsələdən gedir. Paşinyan bununla faktiki demək istəyir ki, qonşuya nifrət ideologiyası, böyüklük maniyası qətiyyən erməni xalqının yox, bəzi xarici güclərin, özəlliklə Rusiyanın maraqlarına işləyir. Belə bir narrativin gündəmdə qalması həmin güc mərkəzlərinin mənafeyinə xidmət edib və edir.

Təsadüfi deyil ki, Rusiya, onun zatulinləri, solovyovları, duqinləri daim Türkiyədən, Azərbaycandan ermənilər üçün “xoxan düzəltməyə çalışıb və çalışırlar. Üzdə özlərini regional sülhün tərəfdarı kimi göstərsələr də. Ona görə ki, qonşular arasında siyasi-diplomatik, iqtisadi-ticari əlaqələrin bərpası, sərhədlərin açılması, ümumən düşmənçiliyin bitməsi halında Gümrüdə Rusiya hərbi bazasına ehtiyac olmayacaq...
Avropa İttifaqının (Aİ) neçə ildir sərhədimizdə davam edən casus missiyası da aşağı-yuxarı Moskvanın destruktiv kursunun davamıdır. Bu kursun başqa bir əcaib formada təzahürüdür. Bu dəfə başqa bir xarici güc mərkəzinin Azərbaycanı ermənilərin gözündə düşmən qismində göstərməsidir.
Ayrı sözlə, Paşinyanın yuxarıdakı etirafı məntiqlə Aİ-nin pozucu missiyanın da gərəksizliyinin etirafıdır. Qısacası, Bakı və Ankaranın Ermənistanı yox eləmək kimi bir niyyəti yoxdursa (olmayıb da!), Ermənistana nəinki öz ərazisində xarici baza, heç özü üçün ordu saxlamasına da lüzum yox...
Odur ki, erməni cəmiyyəti nəhayət, qulağında sırğa eləməlidir ki, “Ermənistan” adlı 29.7 min kv km-lik süni dövlətin “kadastr şəhadətnaməsi”ni, yaxud “kupçası”nı yalnız Azərbaycanla Türkiyə verə bilər. Başqa heç bir dövlət. Onun legitimliyi yalnız Bakı və Ankaranın əlində.
Ancaq nə qədər ki, Ermənistan konstitusiyasında bu iki qonşu ölkəyə qarşı sərsəm ərazi iddiaları qalır, “kadastr şəhadətnaməsi” da əlçatmaz olsaq qalacaq. Və belə vəziyyətdən müstəsna olaraq İrəvanın dost cildinə girmiş düşmənləri, aranı qarışdırmaq istəyənlər, iki xalqın barışığına qarşı olanlar faydalanacaq.
“Kupça” almağın yolu isə bəlli: Bakının əsas tələbi reallaşmalıdır. Amma görün erməni revanşist politoloq Vladimir Poqosyan nə deyir. Onun əminliyinə görə, hətta 7 iyun seçkilərində hakim partiyaya səs verənlərin 92 faizi yeni konstitusiyanın əleyhinə səs verəcək. Belə çıxır, Azərbaycan və Türkiyə ilə sülhə “hə”, yeni konstitusiyaya - “yox”? Bu, necə olur? İkisi bir yerdə mümkünmü? Təbii ki, yox.
Elə olacaqsa, bir daha qənaət hasil olacaq ki, haylar toplum olaraq düzələn deyillər. Bununla da özləri haqda de-fakto “ölüm hökmü” çıxarmış olacaqlar. Bizdən xəbərdarlıq eləmək...
Analitik xidmət,
Musavat.com






