İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Əliyevlə görüşdən qaçdı - kapitulyanta yaraşan əcaib hərəkətin ilginc səbəbi

2252 19.07.2024 10:12 Siyasət A A

Azərbaycan Prezidenti Londonda mühüm görüşlər keçirdi; erməni baş nazirin davranışına reaksiyalar; “Ermənistan revanş iddasından əl çəkməyib...”

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona səfər edib. O, toplantıya qatılmaq üçün Oksforddakı Blenheim sarayına gəlib. 

Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb. Musavat.com-un Londona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub. Səfər çərçivəsində dövlətimizin başçısının bir sıra mühüm görüşləri olub.

İlham Əliyev həmin gün Macarıstanın baş naziri Viktor Orbanla söhbət edib. Dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Macarıstanın baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti eyni gündə İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherlə də söhbət edib. Söhbət zamanı Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub. Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev iyulun 18-də həmçinin Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Fridenlə görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli əlaqələr müzakirə olunub. Lüksemburqun baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulanıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb. 

Lyuk Friden COP29-da iştirak edəcək. APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, o bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Oksfordda görüşü zamanı deyib. Dövlət başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd etdi. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb.

Azərbaycanla Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və ittifaqa üzv ölkələrlə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib. Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.

Dünən Oksfordda Avropa Siyasi Birliyi 4-cü zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Britaniya baş nazirinin ofisinin məlumatına görə, tədbirdə 45 avropalı lider, həmçinin NATO, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak ediblər. Sammitin əsas mövzuları Ukraynada münaqişə, enerji təhlükəsizliyi, miqrasiyadır, məqsəd isə “Avropa daxilində və onun sərhədləri yaxınlığında münaqişə və qeyri-sabitliyə cavab olaraq birliyi qorumaqdır”.

Avropa Siyasi Birliyi 2022-ci ilin mayından mövcuddur. Onun yaradılmasına Fransa təşəbbüs göstərib. Birlik ildə iki dəfə sammit keçirir, 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermənistan, Britaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna da var. Avropa siyasi birliyini sammitləri ardıcıl olaraq Çexiya, Moldova, İspaniyada keçirilib.

Sammitin planı belədir: əvvəlcə plenar sessiyanın açılışı, sonra miqrasiya, energetika və rabitə, həmçinin demokratiyanın müdafiəsi və təmin edilməsinə həsr olunmuş üç “dəyirmi masa”; sammit plenar sessiyanın bağlanışı ilə başa çatacaq (APA).

Görüş NATO-nun Vaşinqtondakı sammitindən bir həftə sonra keçirilir, həmin tədbirdə də əsas mövzulardan biri Ukrayna olub. Sammitdə Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli görüşün keçirilməsi istisna deyil.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətini yarımçıq qoyaraq Londona gəlib. Böyük Britaniyanın Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək cəhdi isə Ermənistanın destruktiv yanaşması səbəbindən baş tutmayıb.

 Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bununla bağlı “Report”un sualını cavablandırıb: 

- Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?

- Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüsünü öz tərəfimizdən yüksək qiymətləndiririk".

Sahib Məmmədov: "Terrora çağırış edənlərə qarşı cinayət işi açılmalıdır"

Sahib Məmmədov 

Prezidentin London səfəri və Ermənistanın görüşdən imtinası barədə “Yeni Müsavat”a danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bunları söylədi: “Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan heç zaman Ermənistanla dialoqdan imtina etməyib. Yalnız Fransa prezidentinin Aİ formatında görüşə qatılmaq istəməsi istisna olmaqla. Azərbaycanın aydın mövqeyi var və bu mövqe beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Ermənistanda isə vahid mövqe yoxdur. Onlar günü-günə satmaqda davam edir. Ümid edirlər ki, vəziyyət əsaslı dəyişə bilər. Ermənistan revanş iddasından əl çəkməyib”. 

S.Məmmədov deyib ki, Böyük Britaniyanın təşəbbüsü təqdirəlayiqdir: “Londonda Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün təşəbbüskarı da rəsmi Londondur. Əslində bildiyim qədər bu görüş ikitərəfli formada olacaqdı. Rəsmi London isə sadəcə təşəbbüskar tərəf idi. Amma indi məlum olur ki, Paşinyan görüşə hazır deyil. Görünür, İrəvan Azərbaycanın beynəlxalq hüququn prinsipinə əsaslanan və hər iki tərəfin mənafelərinə uyğun olan təkliflərinə müsbət cavab vermək iqtidarında deyil və vəziyyətin qeyri-müəyyən qalmasında maraqlıdır”. 

S.Məmmədovun fikrincə, bu məsələnin bizim üçün faydalı tərəfi odur ki, növbəti dəfə böyük bir forumun iştirakçıları Ermənistanın destruktiv mövqeyinin şahidi oldular: “O cümlədən Ermənistanı hər addımda dəstəkləyən Lüksemburq kimi ölkələrin rəhbərləri də bunun şahidi oldu”.

İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir - AZƏRTAC

İlyas Hüseynov

Politoloq İlyas Hüseynovun sözlərinə görə, Ermənistanın baş naziri Azərbaycan prezidenti ilə Avropa Siyasi Birliyinin Londonda keçirilən toplantısı çərçivəsində görüşməkdən imtina etməsi göstərir ki, rəsmi İrəvan sülh danışıqlarında maraqlı deyil: “Nikol Paşinyanın bu addımının kənar güc mərkəzlərinin təsiri ilə atmasını istisna etmirəm. Adətən erməni tərəfi Qərb meydançalarında görüşlərin keçirilməsini arzulayır və buna can atırdı. Lakin burada vəziyyət fərqli oldu. Bəlkə də erməni siyasətçilər düşünürdülər ki, Azərbaycan lideri görüşə qatılmayacaq və ölkəmizin iştirakı olmadan regional prosesləri müzakirə edəcəklər. ABŞ tərəfi bundan öncə kompromislərdən danışırdı. Amma bu cür görüş üçün fürsət düşmüşkən, Ermənistanın baş naziri Nikol Paşinyan çəkindi və görüş üçün özündə iradə tapa bilmədi. İstənilən halda görüşün baş tutmaması sülh gündəliyi üçün böyük zərbə kimi qiymətləndirilir”.

Sosial mediada maraqlı paylaşım diqqəti çəkir. Belə ki, jurnalistlərin “sülh danışıqları necə gedir” sualına Azərbaycan Prezidenti “əla” işarəsi ilə cavab versə də, Paşinyan sualı cavablandırmayıb.

“Əminəm ki, bu tapşırığı Rusiya verib. Bu dəqiqə Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. Ermənilər bu addımla Rusiyaya göstərmək istəyirlər ki, ona sadiqdirlər”.

Tofiq Zülfüqarov — Vikipediya

 Tofiq Zülfüqarov

Bu sözləri isə Axar.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov  Paşinyanın Azərbaycan Prezidenti ilə görüş təklifindən imtina etməsi haqda yayılan məlumata münasibətində deyib. 

“Bu imtinanın sonrasını gözləmək lazımdır, çünki tədbirlər davam edir. Aydındır ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirir ki, ermənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmir. Həmçinin Ermənistan mühitində müxtəlif versiyalar səslənir ki, noyabrda onlar Qərbə yönələn siyasətdən imtina etməlidir. Çünki hazırda Baydenin qalib gəlməsi şansı çox azdır və İrəvanın Qərbə yönəlik siyasətində ermənilərə təkcə Fransanın dəstəyi bəs eləməz. Ona görə də Qərblə hansısa inteqrasiya prosedurlarına ehtiyat edirlər”, - politoloq bildirib və əlavə edib ki, imtinanın səbəbini sülhdən qaçmaq kimi qəbul etmək hələ tezdir.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR