İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan da erkən seçkiyə getsə - sülh danışıqları ləngiyə bilərmi...

1304 12.12.2023 09:42 Siyasət A A

Ekspertlər deyir ki, Nikol bunu istəyə bilər, qərarı vermək asan deyil...

“Prezident İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın baş naziri Nikol Paşinyan da eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər”. 

Elxan Şahinoğlu: "Putin “taxıl sazişini” uzatmaq istəmir"

Elxan Şahinoğlu

“Yeni Musavat”ın məlumatına görə, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloqun fikrincə, gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək: “Ermənistan müxalifəti indidən Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək. Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Bu, Paşinyanın işinə yarayır”. 

Ancaq məsələ ondadır ki, Azərbaycanda prezident seçkisi kifayət qədər sakit atmosferdə keçəcək. Ermənistan haqda isə bunu söyləmək çətindir. O halda ölkə qarışa, nəticə etibarilə Bakı ilə sülh danışıqları dondurula bilərmi? Onu da nəzərə almaq lazımdır ki, Paşinyan iqtidarının sülh müqaviləsi məsələsində vaxtı uzatmaq və ya zaman qazanmaq məramının olduğu da söylənilir.

Bəhruz Məhərrəmov: “Bakıdan gələcək adekvat reaksiya Ermənistana çox baha  başa gələ bilər” Pravda.az

Məhərrəmov Ermənistanda 

Deputat Bəhruz Məhərrəmov Ermənistanda durmadan vəziyyətin gərginləşdiyini bildirdi: “Bildiyiniz kimi, Ermənistanda erkən seçim anonsları artıq bir neçə aydır ki, gündəmdədir. Lakin Azərbaycan və Ermənistanın bütün müstəvilərdə olduğu kimi, erkən seçim məsələsində də hər hansı formada müqayisə olunması,  yaxud aramızda paralel aparılması birmənalı şəkildə yolverilməzdir. Azərbaycan qalib dövlətdir və cənab İlham Əliyev müzəffər lider kimi Azərbaycan üçün yeni bir səhifə açıb. Növbədənkənar seçkilər isə dövlət başçımızın yeni reallıqda islahatların tamamilə yeni mərhələsini böyük siyasi mədəniyyət nümunəsi göstərərək yuxarıdan başlamasıdır. Cənab İlham Əliyevin yeganə məqsədi daha güclü Azərbaycan quruculuğu, habelə cəmiyyətdə hər kəsin firavanlığı, layiqli sosial rifahın təmin olunmasıdır. Ermənistana gəlincə, bu ölkədə siyasi böhran hər ötən gün dərinləşir. Azərbaycana məğlub olduqdan və 3 il ərzində 2 dəfə kapitulyasiyaya məcbur edildikdən sonra Paşinyan və komandası sülhün zərurətini daha yaxşı anlamağa başlayıb. Lakin erməni cəmiyyətində, ayrı-ayrı kəsimlərdə isə revanş əhval-ruhiyyəsi qalmaqdadır və Paşinyan təslimçilikdə və qorxaqlıqda günahlandırılır. Lakin Nikol Paşinyan da, onu günahlandıranlar da yaxşı başa düşür ki, hakimiyyətdə kimin olacağından asılı olmayaraq, Ermənistanın Bakı qarşısında faktiki olaraq yenidən üstünlük əldə etməsi və cənab İlham Əliyevin yaratdığı status-kvonu dəyişməsi şansı yoxdur. Bu mənada, Paşinyan əslində erkən seçkilərlə rəqiblərini daha da küncə sıxmaq, yaxud siyasi səhnədən sıxışdırmaq niyyətindədir. Etiraf etməliyik ki, bu proses uğursuz da alınmır və xüsusən Paşinyanın ötən gün qondarma Qarabağ barədə açıqlamaları, separatçı rejimin buraxılmasının zəruriliyinə dair fikirləri bunu bir daha sübut edir. Əlbəttə, İrəvanda baş verənlər Ermənistanın daxili işdir. Lakin qərb qonşumuz unutmamalıdır ki, zaman onların əleyhinə işləyir və hər dövrün öz hökmü var. Yəni Azərbaycanın bu gün aktual olan sülh şərtləri və Ermənistana tanıdığı şans sabahkı reallıqda əhəmiyyətini itirə bilər. Bu mənada, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının yaydığı bəyanat və etimad quruculuğu istiqamətində atılan addımlar fonunda İrəvan fürsəti qaçırmamalı, Azərbaycanla sülh prosesinin daxili siyasi mübarizə alətinə çevrilməsinə imkan verməməlidir”.

Regionda YENİ GÜC:

 Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy bu iddialarda real əsaslar görür: “Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinə getməsi ilə bağlı ciddi iddialar var. Bu iddialar isə olduqca real görünür. Nəzərə alsaq ki, son günlər Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı ümidlər də artıb. Təbii ki, Paşinyan üçün bu qərarı vermək asan deyil, amma onun alternativi də yoxdur. Azərbaycanın şərtlərini qəbul edib sənədə imza atmaq lazımdır. Əks təqdirdə, 30 il öncə buraxılan səhvi indiki hökumət də təkrarlayacaq və prezident Əliyevin də dediyi kimi, Ermənistanın suverenliyi də şübhə altına düşəcək. Bu illər ərzində Ermənistan iqtisadi dalanda qaldı, heç bir qlobal və regional layihələrdə iştirak edə bilmədi. Hərçənd Azərbaycanla münasibətləri normallaşdıra bilsəydi Azərbaycan neftinin və qazının Avropaya daşınmasından milyardlar qazana bilərdi. İndi də gec deyil, nəhayət ki, reallığı anlamaq və adekvat addımlar atmağın zamanıdır. Əlbəttə ki, əsas sual budur ki, Ermənistan hökuməti sənədə imza atarsa, çevriliş və ya sui-qəsd müşahidə edə bilərikmi? Buna cəhdlər ola bilər, lakin düşünürəm ki, Nikolun təhlükəsizliyi ilə bağlı qərb dairələri də öz önəmlərini alıblar və əslində orada olan müşahidəçi missiya keçmiş hərbçilərdən ibarətdir. Bütün bunları nəzərə aldığımız zaman Paşinyanın növbədənkənar parlament seçkilərinə getməsi gözlənilə bilər. Çünki o bu vəziyyətdə mövqelərini daha da möhkəmləndirmək istəyəcək. Ancaq Rusiyaya bağlı qruplar və ya Rusiya özü birbaşa prosesə müdaxilə edə bilərmi deyə soruşsanız, deyə bilərəm ki, Rusiya da artıq reallıqlarla barışıb və qəbul edib. Onun mübarizəsi, sadəcə, Paşinyanla ola bilər. Ancaq burada da unutmaq olmaz ki, bugünkü hakimiyyəti dəstəkləyən əksəriyyət var. Ermənistanda 3 ildir ki, etirazlar edilir, küçədə çadırlar qurulur və s. Lakin bunların heç biri Nikolun mövqelərinin zəifləməsinə səbəb olmadı. Bu gün Rusiyanın Paşinyana alternativ çıxara bilməməsi də ümumi prosesə zərbə dəyməyəcəyini deməyə əsas verir”.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, erməni baş nazir seçkiləri Azərbaycanla sülh sazişindən öncə keçirməlidir: “Paşinyanın erkən seçkilərlə bağlı mövqelərini yenidən bərpa etmək istəyi bəllidir və Azərbaycanla sülh imzalamaq istəyirsə, daxildə buna ehtiyacı var. Bu məntiqlə seçkiləri sülh sazişindən öncə keçirməlidir, əks təqdirdə, sazişdən sonra seçkinin keçirilməsi hakimiyyətinə risklər yarada bilər. Mümkün seçki ərəfəsində Ermənistan daxilində xaosun baş verəcəyi, yaxud bunun hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi imkanları isə azdır. Çünki mövcud müxalifətin potensialı zəifdir və Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı tərəf olan Rusiya regionla bağlı planları fonunda hələ ki bu addıma getmir. Hərçənd sülh sazişinin imzalanması hələ də sual altındadır. Hər iki tərəfdən bunun mümkünlüyü haqda açıqlamalar verilsə də, mövcud fikir ayrılıqları bunun yaxın dövrdə baş verə biləcəyi ehtimalını zəiflədir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR