İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakıya yalnız belə gələ bilər! – Baş nazirin özü Njde sevdalısıdırsa...

1881 07.06.2024 15:29 Siyasət A A

İkinci Qarabağ savaşından illər keçməsinə rəğmən, hələ də Ermənistanla müharibə vəziyyətindəyik. Səbəb bəlli: hərtərəfli sülh müqaviləsinin ləngiməsi. Sülhün alternativi isə savaşdır, o cümlədən ala-yarımçıq sülhün...

Əfsus ki, rəsmi İrəvan neçə vaxtdır quru sözdən o yana keçə bilmir. Elə bu gün Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb ki, rəvan sülh sənədi üzərində işi yaxın bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır. Bu qəbil bəyanatları az eşitməmişik. Amma fakt budur ki, erməni toplumu, onun radikal kəsimi, hətta Paşinyan iqtidarı revanşizm ideyasından tam imtina etməyib.

Erməni mediası isə Azərbaycanın azad edilmiş şəhər və qəsəbələrinin adlarını günü bu gün də uydurma və eybəcər erməni adları ilə təqdim edir. Həyasızlığa davam edərək, “Azərbaycanın işğalı altında olan qədim erməni şəhəri Şuşi” ifadəsini işlədirlər.

Türkə nifrət, “türk” sözünün təhqir kimi işlədilməsi, nasist və terrorçu ermənilərə davam edən kütləvi sevgi də öz yerində (İki il öncə Paşinyan insanlıq düşməni, faşist Qaregin Njdeni “milli qəhrəman” adlandırmışdı)...

Belə təfəkkür yiyələri ilə daimi barışıq mümkünmü? Ümumiyyətlə, cəmiyyət, hakimiyyət və müxalifət olaraq Ermənistanın Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağa hazır olmadığını göstərən iki mühüm reallıq var: 1. Qonşu dövlətlərə torpaq iddialarının yer aldığı konstitusiyanı dəyişmək istəməmələri. 2. Hələ də ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) bərpasını bəslənən ümidlər.

Misal üçün, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononu rəsmi İrəvan özünətəsəlli kimi daim “Minsk Qrupunun amerikalı həmsədri” kimi təqdim edir. Eləcə də fransalı müşaviri. Çünki MQ ermənipərəst qurum olmaqla, BMT TŞ-nin məlum qətnamələrini qulaqardı etməklə de-fakto işğalı rəsmiləşdirməklə məşğul olub...

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti dünən bir daha bildirdi ki, Ermənistan konstitusiyası dəyişməz qaldıqca sülh sazişini bağlamaq mümkün olmayacaq. İlham Əliyev eyni zamanda, İrəvana səslənərək, MQ-nin de-yure ləğvi üçün ATƏT-ə birgə müraciət təklif edib. İmtinanın Azərbaycana qarşı ərazi iddiasının davam etməsi anlamına gələcəyini vurğulayıb.

İndi buyursunlar, “bu meydan, bu da şeytan”. Əməldə sübut etsinlər ki, həqiqətən də beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə sadiqdirdilər. İsbat etsinlər ki, söz oyunu oynamırlar. Daha Ararat Mirzəyan kimi durub “konstitusiya dəyişikliyi bizim öz daxili işimizdir”, “Bizim də Azərbaycan Konstitusiyasına iradımız var” tipli sərsəmləmələr səsləndirməsinlər.

Bunun harası sizin “daxili işiniz” oldu, əgər Ermənistan konstitusiyasında açıq-aşkar qonşu ölkəyə aid qanuni əraziləri özünüzünkü elan etmisinizsə? Azərbaycan Prezidentinin məlum tələb və çağırışlarında görəsən ədalətsiz nə var?..

Ermənistanın mövcud konstitusiyasından fərqli olaraq Azərbaycan konstitusiyasında heç bir ölkəyə ərazi iddiası yoxdur. Bu xüsusda orada başqa hər hansı ölkənin adı, ərazisi keçmir. Üstəgəl, Ermənistan konstitusiyası gələcək potensial münaqişələr üçün “hüquqi əsas” yaradacaq bazadır.

Demək ki, heç sülh müqaviləsinin imzalanması ilə də hər şey bitmir. Ermənistan əlverişli bildiyi vaxtda təzədən həmin konstitusiyaya istinad edib Azərbaycana qarşı işğalçı müharibəyə başlaya bilər. Ən azı bu səbəbə Ermənistan konstitusiyasının dəyişdirilməsi onun daxili işi sayıla bilməz!

Azərbaycan XİN rəhbəri Ceyhin Bayramov da tam haqlıdır deyəndə ki, iki ölkənin konstitusiyalarında paralellik aparmaq cəhdi qəbuledilməzdir. Əlavə edərdik: həm də sülh prosesini süni şəkildə uzatmaq, sabotaj etmək cəhdi...

Doğru Ermənistan XİN-in bugünkü açıqlamasında belə fikir də yer alıb: “Sülh sazişi layihəsində razılaşdırılmış belə bir müddəa da var ki, tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Sazişin imzalanması və onun daxili prosedurlar vasitəsilə ratifikasiyası bu prinsipləri möhkəmləndirəcək”.

Yəni İrəvan əslində sülhə qarşı konstitusiya əngəlinin mövcudluğunu etiraf edir. O zaman Bakının konstitusiya dəyişikliyi tələbi niyə süngü ucunda qarşılansın?..

Problem də ondadır ki, qonşularla sülh istəyən ölkə səmimi olmalı, siyasi buqələmunluq etməməlidir. Amma biz nəyi müşahidə edirik? İlham Əliyevin dünən xüsusi vurğuladığı kimi, kapitulyant ölkədə revanşizm ovqatı iqtidarda da özünü göstərməkdədir.

Odur ki, Nikol Paşinyan Bakıya yalnız təzə konstitusiyanın qəbulundan, yaxud onun məlum təxribatçı bəndinin Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salınmasından sonra gələ bilər. Hansı ki, artıq həm də revanşizmdən, müharibədən və MQ-dən imtina anlamı verəcək...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR