İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “artsax”dan imtina etdi: İrəvan Ermənistanın hədəfdə olan bölgəsini açıqladı

6543 12.04.2022 18:45 Analitika A A

Ermənistan baş naziri Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyanın üzərindən erməni toplumunu Azərbaycanla sülh sazişinin rəsmi Bakı tərəfindən diqtə olunan şərtlərinin qəbul edilməsinə hazırlayır; Paşinyan hakimiyyətinə yaxın erməni siyasətçilər isə sülh sazişi imzalanmayacağı təqdirdə, yeni müharibənin qaçılmaz olacağını və Azərbaycanın ilk hərbi zərbələrinin Ermənistanın bütün cənub bölgəsini əhatə edəcəyini vurğulayırlar…

Ermənistan ikibaşlı oyunlarına davam edir. Rəsmi İrəvan bir tərəfdən Azərbaycan-Ermənistan sülh danışıqları prosesində Rusiyanın rolunu şübhə altına salmağa çalışır. ABŞ və Qərblə yaxınlaşmağa çalışaraq, Ermənistana Rusiyadan daha ümidverici müttəfiq axtarır. Digər tərəfdənsə, Paşinyan hakimiyyəti bu “sürüşkən manevrləri” ilə Kremli şantaj etməyə cəhd göstərir. Bununla da, Rusiyadan daha güclü himayə və ya dəstək ala biləcəyinə ümid bəsləyir.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiyadan dəstək gözləsə də, buna parallel olaraq da Brüssel görüşünün nəticələrinə sadiq  qalmağa çalışdığını da sezdirir. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana hərbi müdafiə imkanlarını artırmaqda və sərhədlərin qorunmasında dəstək vəd etsə də, rəsmi İrəvan hələlik Brüssel görüşündə əldə olunan anlaşmaları da arxa plana keçirtməyə tələsmir. Və bu, Paşinyan hakimiyyətinin Rusiyanın Cənubi Qafqazdakı gələcək perspektivlərinə tam əmin olmadığını göstərir.

Məsələ ondadır ki, Brüssel görüşündə əldə olunan anlaşmalara uyğun olaraq, Azərbaycan və Ermənistan arasında ikitərəfli, yəni birbaşa təmaslara start verilib. Kremlin maraqlarına nə qədər uyğun olmasa da, hər iki ölkənin xarici işlər nazirləri telefon əlaqəsi quraraq, sərhədlərin delimitasiya prosesinə başlamaq üçün ikitərəfli komissiyanın yaradılmasını müzakirə ediblər. Və müzakirə zamanı iki ölkə arasında yekun sülh sazişinin hazırlanması məsələsinə də toxunulub.

6da05382222e66fe699e5c6490bdb0e55.jpg (44 KB)

Belə anlaşılır ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik dönəminin başladılması istiqamətində ilk addımlar artıq atılmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması üçün təklif etdiyi beş şərti artıq qəbul edib. Bu baxımdan, Rusiya regionda hərbi-siyasi gərginliyi aretıraraq, ciddi əngəl törətməzsə, sülh danışıqları prosesində yaxın vaxtlarda hətta müəyyən irəliləyişlərin ola biləcəyi də qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Brüssel görüşündən sonra Paşinyan hakimiyyəti proseslərin davamı üçün rəsmi Bakının reaksiyasını gözləyir. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın sülh sazişi ilə bağlı təklifinin bütün detallarının yaxın günlərdə məlum olacağını bildirib: “Yaxın günlərdə Azərbaycanın sülh sazişi üçün təklif etdiyi beş prinsipin detallı təfsilatı məlum olacaq. Nəticədə Ermənistan ətrafındakı və “artsax”dakı situasiya aydınlaşmış olacaq”.

A.Simonyanın açıqlamalarında bir çox maraqlı və önəmli məqamlar mövcuddur. Həmin məqamlarda Paşinyan hakimiyyətinin “artsax” mövzusuna real mövqeyi biruzə verilir. Belə ki, Ermənistan parlamentinin spikeri vurğulayıb ki, ölkəsi Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyib: “Biz həmişə demişik ki, özünütəyinetmə hüququ “artsax” xalqının məsələsidir”.

Buradan belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanı artıq “artsax” xəyalına qurban vermək istəmir. “Biz qarışmırıq, özləri nə edə bilirlərsə, etsinlər” prinsipi üzrə hərəkət etməyə çalışır. Halbuki, son dövrlərə qədər rəsmi İrəvan “artsax”ın “status”ndan danışırdı. Üstəlik, A.Simonyanın dediklərinin əksinə olaraq, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən maddələr də mövcuddur. Yəni, rəsmi Bakının siyasi iradəsi və Azərbaycanın hərbi qüdrəti Paşinyan hakmiyyətini erməni toplumunun 30 illik iddialarından geri çəkilmək mıəcburiyyətində buraxıb.

1065183.jpg (25 KB)

A.Simonyanın “Ermənistan hakimiyyəti “Dağlıq Qarabağ respublikası” və ya “artsax” respublikası ifadələrini də işlətmir” deməsi də böyük önəm daşıyır. Halbuki son vaxtlara qədər Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatlarında bu ifadələrə rast gəlinirdi. İndi isə A.Simonyanın dediyinə görə, belə ifadələrin işlədilməsi sülh danışıqları mərhələsində Ermənistanın maraqları baxımından məqsədəuyğun deyil.

Yəni, bu, o deməkdir ki, Paşinyan hakimiyyəti sülh danışıqları prosesində “artsax”dan imtina edib və belə bir mövzunu masaya gətirmək niyyətində deyil. Ermənistanın müxtəlif şəhərlərində erməni müxalifəti “artsax” bayrağını asmağa çalışsalar da, ölkə parlamentində tetrisli həmin “əski parçası”nın endirilməsi də bunu təsdiqləyir.

Nəhayət, Ermənistan parlamentinin spikeri “artsaxa səfər” mövzusuna da aydınlıq gətirib. Belə ki, A.Simonyan Azərbaycanla silahlı toqquşmalara səbəb olmamaq üçün “artsaxa” səfər etmədiyini bildirib: “Tutaq ki, mən oraya getdim. Mənə heç olmayacaq, geri dönə biləcəyəm. Ancaq bu səfərdən sonra Azərbaycan atəş açmağa başlaya bilər”.

Göründüyü kimi, rəsmi Bakı Ermənistana öz hərbi-siyasi iradəsini artıq böyük ölçüdə qəbul etdirməyi bacarıb. Paşinyan hakimiyyəti sülh sazişinin hazırlanması prosesində birmənalı şəkildə Azərbaycanın diqtə etdiyi şərtlər daxilində qalmağa məcburdur. Cənubi Qafqazda yaranmış vəziyyət Ermənistanın manevr imkanlarını demək olar ki, tamamilə bloklayıb. ABŞ və Qərbin Rusiya ilə qarşıdurması Ermənistanı himayədarsız buraxıb.

Məsələ onadır ki, ABŞ və Qərb Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasında birbaşa maraqlıdır. Ona görə də, ATƏT-in Minsk Qrupundan imtina olunub, Ermənistana maliyyə dəstəyi azaldılıb, “artsaxa” maliyyə yardımları isə ümumiyyətlə, kəsilib. ABŞ və Qərb rəsmi İrəvana Rusiyadan uzaqlaşmağın vacibliyini anlatmağa çalışır.

4fd8985b-35a7-4386-8332-e3e8bbbf984e.jpg (208 KB)

Təbii ki, belə vəziyyətdə Paşinyan hakimiyyəti ABŞ və Qərb ilə Rusiya arasında prinsipial seçim etmək məcburiyyətindədir. Əks halda, Qərbdən umduğu maliyyə dəstəyini də ala bilməyəcək. Rusiyanı seçəcəyi təqdirdəsə, yenə də maliyyə problemlərı ilə çarpışmalı olacaq. Çünki Kreml heç vaxt öz müttəfiqlərinə maliyyə yardımları göstərməsi ilə diqqəti çəkməyib. İndiki zəifləmiş Rusiyanın isə hazırda özünün maliyyə dəstəyinə ehtiyacı var.

Ona görə də, hazırda Paşinyan hakimiyyəti Rusiya ilə təmaslarını davam etdirsə də, rəsmi Bakının beş şərtinin və Azərbaycanla imzalanacaq sülh sazişinin Ermənistan cəmiyyətinə təbliğinə də çalışır. Rəsmi İrəvan Ermənistan cəmiyyətinin də yaxın gələcəkdə qəbul olunacaq qərarların elə əvvəlcədən həzm etməsinə cəhd göstərir. Hətta erməni toplumuna yeni müharibə təhlükəsi ilə psixoloji təzyiq kampaniyasına da başlanılıb.

Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən erməni siyasətçiləri Azərbaycanla sülh sazişinin imzalanmasının Ermənistan üçün vacibliyini bunun alternativinin məhz yeni müharibə ola biləcəyi ilə arqumentləşdirirlər. Onların fikrincə, tezliklə sülh sazişi imzalanmazsa, Azərbaycan buna hərbi məzmunlu reaksiya verə bilər.

Üstəlik, hakimiyyətyönlü erməni siyasətçilər yeni müharibənin başlayacağı təqdirdə, Azərbaycanın ilk hərbi zərbəsinin Ermənistanın bütün cənub bölgəsini əhatə edəcəyini vurğulayırlar. Bu isə Ermənistan cəmiyyətini sülh sazişi və yeni savaş arasında seçim qarşısında buraxır. Və müşahidələrə əsasən, erməni toplumu yeni savaş təhglükəsinə həm ciddi yanaşır, həm də bundan çəkinir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR