İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Araikə niyə ifşa təhdidi edib: Kreml isə Azərbaycan-Türkiyə İttifaqından çəkinir

4013 19.04.2022 19:02 Analitika A A

Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfəri ərəfəsində Rusiyanın himayəsinə can atan Araik Arutyunyanı biabırçı materialların ictimailədirilə biləcəyi ilə hədələdiyi iddia olunur; Ermənistanı Rusiyanın orbitində saxlamağa çalışan Kreml isə erməni baş nazir üçün “şirnikləndirici hədiyyələr” hazırlasa da, maksimum səviyyədə ehtiyatlı davranaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanmasından da yayınmağa cəhd göstərir...

Rusiya Cənubi Qafqazı Qərbdən olan rəqiblərinə güzəştə getmək istəmir. Kreml regionda Rusiyanın mövqelərini qorumaq uğrunda mübarizəni bütün istiqamətlər üzrə davam etdirmək niyyətindədir. Və Kremlin Rusiyanın maraqları baxımından, Ermənistanı “zəif həlqə” hesab etdiyi də qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Paşinyan hökumətinin ABŞ-ın “Soros” Fondunun himayəsi ilə Ermənistanda hakimiyyətə gəlməsi Kremlə ciddi problemlər yaratmaqdadır. Kreml Paşinyan hakimiyyətinə qətiyyən güvənmir. Əslində, Paşinyan hakimiyyəti də Kremlin ona olan güvənsizliyini heç vaxt boşa çıxartmayıb.

Baş nazir Nikol Paşinyanın hakimiyyəti dönəmində Ermənistanın xarici və daxili siyasi kursunda Rusiya əleyhinə atılan addımlar artıq ənənəvi xarakter daşıyır. Rəsmi İrəvan müxtəlif zaman intervalında Kremllə münasibətlərini normal tutmağa məcbur qalsa da, əsasən Rusiyadan tədricən uzaqlaşma xətti üzrə hərəkət edir. Və Cənubi Qafqazda sülh dönəminin başladılmasına yönəlik proseslərdə də rəsmi İrəvan bu xəttinə sadiq qalmağa çalışır.

6da05382222e66fe699e5c6490bdb0e55.jpg (44 KB)

Hələ birinci Brüssel görüşünün təşkilində belə, rəsmi İrəvan əsas təşəbbüskar olmuşdu. Avropa Birliyi Şurasına belə bir  görüşün keçirilməsi məqsədilə müraciət etmişdi. Kreml nə qədər qəzəblənsə də, tez-tələsik Soçi görüşü ilə qabaqlayıcı addımlar atmağa çalışsa da, hər halda, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel müzakirələri baş tutmuşdu. Və bu, əslində, Cənubi Qafqaz regionundakı geopolitik proseslərin Ruisyanın nəzarətindən çıxarılması istiqamətində ilk addım idi.

Çünki, Rusiyanın oyundankənar vəziyyətə salınması ilə bağlı növbəti addım da özünü çox gözlətmədi. Belə ki, aprelin 6-da Azərbaycan və Ermənistan liderləri növbəti dəfə Brüsseldə Ş.Mişelin vasitəçiliyi ilə görüşdülər. Önəmli anlaşmalar əldə olundu və Cənubi Qafqazda mübahisəli məsələlərin həllində Rusiyasız yeni mərhələnin mümkün olduğu təsdiqləndi.

Təbii ki, Ukrayna savaşına başı qarışmış Kremlin belə vəziyyətdə manevr imkanları o qədər də geniş deyil. Ancaq buna baxmayaraq, Kreml artıq hərəkətə keçib və regional situasiyanın Rusiyanın nəzarətindən çıxarılma cəhdlərinə müqavimət göstərməyə çalışır. Bu baxımdan, Rusiyanı işarə edərək, “Erməni xalqını “qurbanlıq qoyun” statusundan xilas etməyə çalışmalıyıq” deyən Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfəri “iplərin qırılması”na da yol aça bilər. Və böyük ehtimalla bir çox şey erməni baş nazirin Kreml sahibi Vladimir Putinin sərt təzyiqlərinə verəcəyi reaksiyadan asılı olacaq.

Onu da qeyd edək ki, baş nazir N.Paşinyan Moskvaya qətiyyən əliboş getməyib. Birincisi, erməni baş nazir və tərəfdarları Ermənistan cəmiyyətində Rusiyanın süıh danışıqları prosesini pozmaqda maraqlı olması barədə qənaət formalaşdıra bilib. Ona görə də, hazırda baş nazir N.Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına yönəlik çağırışlarla kütləvi etiraz aksiyaları keçirtmək istəyən revanşist müxalif düşərgə Ermənistan cəmiyyətindən elə bir ciddi dəstək ala bilmir. Əksinə, revanşist düşərgəyə qarşı Rusiyanın siyasi sifarişlərinin yerinə yetirilməsi ilə bağlı ittihamlar intensivləşib.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Digər tərəfdən, erməni baş nazir Moskva səfəri ərəfəsində rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçu dəstənin rəhbəri Araik Arutyunyanı qəbul edib. Halbuki məlumdur ki, Qərbyönümlü Paşinyan hakimiyyəti ilə Rusiyanın himayəsi altına girməyə can atan separatçı A.Arutyunyanın münasibətlərində ciddi ziddiyyətlər və gərginlik mövcuddur. Və hətta bu münasibətlərin son vaxtlar artıq düşmənçilik həddinə çatması barədə də məlumatlar mövcuddur.

Ermənistan mətbuatının iddiaların görə, Paşinyan-Arutyunyan görüşündə erməni separatçıların rəhbərinin rəsmi İrəvana qarşı ittihamları müzakirə olunub. Erməni baş nazirin separatçıya xəbərdarlıq etdiyi, ona təhdidlərlə təzyiq göstərməyə çalışdığı, hətta kompromatların açıqlana biləcəyi ilə bağlı hədələdiyi də bildirilir. Və iddialara görə, erməni baş nazir hansısa səbəbdən Moskva səfəri ərəfəsində baş separatçıya həddini bildirməkdə maraqlı olub.

Ermənistan KİV-ləri baş nazir N.Paşinyanın Moskva səfəri ilə bağlı da müəyyən versiyalar irəli sürüblər. Həmin versiyalara görə, erməni baş nazir Kreml sahibinin təzyiqlərinə və tələblərinə müqavimət göstərmək niyyətindədir. Hətta adının çəkilməsini istəməyən mənbəyə istinadən Rusiyanın Cənubi Qafqazda cərəyan edən proseslərə müdaxilə imkanlarının da Kreml üçün ümidverici olmadığı vurğulanır.

Məsələ ondadır ki, Ermənistan mətbuatına danışan mənbə Rusiyanın rəsmi İrəvanın Azərbaycanla sülh danışıqları prosesini pozmaq istəsə də, bu istiqamətdə kəskin addımlar atmaqdan çəkindiyini bildirib. Onun iddialarına görə, Kremlə yaxın siyasi dairələr Ermənistanda nüfuzu olan bir siyasətçiyə Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamaqda maraqlı olmadığı barədə mesaj veriblər. Ona görə də, indi Kremlin əsas gözləntisi baş nazir N.Paşinyanın mövqeyinə düzəliş etməyə razı salına biləcəyi ilə bağlıdır.

865049d5-4b31-4d0d-8cd0-d35f3cd66f3a.jpg (294 KB)

Ancaq erməni baş nazirin Moskva səfəri ərəfəsində ABŞ və Qərb də Cənubi Qafqazda prosesləri nəzarətdə saxladığını biruzə verməkdədir. ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Ned Prays açıqlama verərək, Ağ Evin sülh danışıqları prosesini dəstəklədiyini vurğulamaqla yanaşı, Azərbaycan və Ermənistana yenidən birbaşa təmas mexanizmlərindən istifadə etməyi məsləhət görüb. Yəni, Ağ Ev dolayısı ilə hər iki tərəfi mövcud problemlərin həlli prosesinə Rusiyanı bulaşdırmaqdan çəkinməyə çağırmış olur.

Digər tərəfdən, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin də bu ərəfədə baş nazir Nikol Paşinyana zəng etməsi qətiyyən təsadüfi deyil. Çünki o, rəhbərlik etdiyi qurumun Brüssel görüşündə əldə olunun nəticələrə sadiq olduğunu vurğulayıb. Və bu, müəyyən mənada, baş nazir N.Paşinyana Kreml sahibi V.Putinlə çətin görüş ərəfəsində ürək-dirək verilməsi təsiri bağışlayır.

Ona görə də, Putin-Paşinyan görüşünün hansı nəticələrə yol aça biləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Əvvəlcə bu görüşdə heç bir rəsmi sənədin imzalanmayacağı bildirilmişdi. İndisə, Rusiya və Ermənistan hökumətləri arasında bəzi paket sənədlərin imzalanma ehtimalı gündəmə gətirilib. Görünür, Kreml for-post mövqeyindən qopmağa can atan Ermənistanı Rusiyanın orbitində saxlamaq üçün müəyyən “şirnikləndirici hədiyyələr” hazırlamaq məcburiyyəndə qalıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR