İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyaların maliyyələşməsi ilə bağlı sərt qaydalar gəlir - siyasilər və iqtidar təmsilçilərindən mövqe

527 22.06.2023 12:46 Siyasət A A

Ölkədə fəaliyyət göstərən partiyaların qəbul etdiyi qanunsuz ianələrlə bağlı sərt cərimələr tətbiq olunacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklikdə bu və digər məsələlərlə bağlı maraqlı məqamlar var.

Layihəyə əsasən, siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində “Siyasi partiyalar haqqında” Qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) məbləğdən və ya ianənin qəbil edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə ediləcək.

Həmçinin layihəyə əsasən, siyasi partiyanın “Siyasi partiyalar haqqında” Qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə ediləcək.

Eyni zamanda layihəyə əsasən, siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin, “Siyasi partiyalar haqqında” Qanuna görə ianə hesab olunan maddi yardımlar barədə məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.

Habelə, Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər iki min manatdan üç manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.

Yuxarıda qeyd olunan xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.

Qüvvədə olan məcəlləyə əsasən, Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə görə fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Həmçinin partiyanın qeydiyyatsız fəaliyyətinə görə cərimə müəyyənləşir. Bu da  İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Siyasi partiyanın Azərbaycandan kənarda istənilən növ hesab açmasına görə cərimə tətbiq ediləcək.

Maraqlı məqamlardan biri də partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələrdir.

Dövlət orqanlarının (qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edən siyasi partiyalar 5 min manatadək cərimələnəcək.

Həmçinin layihəyə əsasən, ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ediləcək.

Partiyalarla bağlı bu qaydaların sərtləşməsi nədən xəbər verir? Siyasilər bunu necə qarşılayır? İqtidar təmsilçiləri nə cür izah edir?

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov: “Belə bir addımın atılması önəmlidir”

YAP-çı deputat Ceyhun Məmmədov qərarı çox vacib sayır: “Hesab edirəm ki, belə bir addımın atılması, qərarın qəbul edilməsi önəmlidir. Son proseslər göstərdi ki, uzun illər Azərbaycanda fəaliyyət göstərən bir çox partiyaların heç birinin 5 min nəfər belə üzvü yoxdur. Heç bəzilərinin min nəfər belə üzvü yoxdur. Bu partiyalar uzun illər idi ki, fəaliyyət göstərirdi. Bir sıra hallarda dövlətdən, ayrı-ayrı qurumlardan maliyyə yardımı alırlar. Ancaq bunların arxasında heç bir baza yoxdur. Əgər bir partiyanın beş minə yaxın üzvü, yaxud ümumiyyətlə, min nəfər üzvü yoxdursa, hesab edirəm ki, bunun fəaliyyəti ciddi sual doğuran bir məsələdir. Siyasi fəaliyyət önəmli fəaliyyətdir. Bu fəaliyyətin tənzimlənməsinə böyük ehtiyac var. Bu gün Amerikaya baxanda burada bir neçə partiya normal fəaliyyət göstərir. Azərbaycanda isə onlarla partiya mövcud idi. Bu partiyaların çoxunda da, qeyd etdiyimi kimi, kifayət qədər üzv yox idi. Son proseslər bunu bir daha sübut etdi. Ona görə də bəzi partiyalar özlərini buraxıblar. Bir sıra partiyalar da var ki, hansısa addımlar atmağa çalışırlar. Düşünürəm ki, qeydiyyatla bağlı məsələlərə baxıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinə də dəyişikliyin edilməsi normaldır. Bu, gözləniləndir. Hər kəs çalışmalıdır ki, fəaliyyətini qanuna uyğun şəkildə qursun. Burada söhbət fəaliyyətin düzgün, qanunun tələblərinə uyğun şəkildə qurulmasından gedir. Kim quracaqsa, fəaliyyət göstərəcək, qura bilməyən də əlbəttə qanuna müvafiq olaraq cəzalandırılacaq”. 

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı: “Cərimələr sisteminin sərtləşdirilməsi partiyaların məsuliyyət hissinin artırılmasına xidmət edəcək”

Azad Vətən Partiyasının sədri Akif Nağı məsələlərə bu cür şərh verdi: “İnanmaq istəyirəm ki, cərimələr sisteminin sərtləşdirilməsi partiyaların məsuliyyət hissinin artırılmasına xidmət edəcək. İnsanların, həmçinin qurumların qanunlar çərçivəsində fəaliyyət göstərməsi dövlətin və cəmiyyətin inkişaf səviyyəsini göstərir. Buna nail olmaq üçün isə iki vasitədən istifadə olunur. Onlardan biri maarifləndirmə, inandırma, digəri isə məcburetmə, o cümlədən cərimələr yolu ilə məcburetmə vasitəsidir. Hər iki vasitə eyni dərəcədə tətbiq olunanda nəticə də əldə edilir. Onlardan biri digərini üstələməməlidir. Avropa ölkələrində insanların və ictimai , siyasi qurumların öz funksiyalarını yetinə yetirməsi üçün cərimələrdən geniş şəkildə istifadə olunur. Belə demək mümkündürsə, "qanunlar cərimələrlə işləyir". Cərimələrlə bağlı yeni müddəalara baxdım. Bunları şərti olaraq, ianə, üzvlük haqqı, xaricdən dəstək, ödənişlər, inzibati qanun pozuntuları və digər kateqoriyalara bölmək olar. Hesab edirəm ki, normal yanaşmadır. Partiyalar bu cərimə təhlükələrini nəzərə almaqla qanunları pozmaqdan çəkinməlidir. Xüsusi olaraq, başqalarının, o cümlədən xaricdəki “dayı”larının əlinə baxmamalıdırlar. Hər kəs özünün imkanlarına uyğun fəaliyyət göstərməlidir. Kimlərdənsə vəsait alıb, sonra onların sifarişlərini yerinə yetirmək zorunda qalmamalıdır. Amma bu cərimələr fonunda başqa məsələləri təklif etmək istəyirəm. Birincisi, qeydiyyatdan keçmiş bütün partiyalar dövlət büdcəsindən maliyyələşdirilməlidir. Burada seçkilərdə yer qazanmaq deyil, iştirak əsas götürülməlidir. İkincisi, partiya üzvlərinin, təəssübkeşlərinin biznes fəaliyyəti ilə məşğul olmasına maneçilik törədilməməlidir. Üçüncüsü, iş adamlarının bu və ya digər partiyaya daxil olmasına, qanunlar çərçivəsində, qanunla müəyyən edilən miqdarda yardım göstərməsinin qarşısı alınmamalı, əksinə həvəsləndirilməlidir. Dördüncüsü, bu cərimələr ilk növbədə hakim Yeni Azərbaycan Partiyasına şamil edilməlidir ki, digərləri də qanunla işləməyə öyrəşsinlər. Beşincisi, partiyalardan alınan cərimələrin müəyyən hissəsi nümunəvi partiyaların büdcəsinə yönəldilməlidir ki, daha yaxşı işləməyə həvəslənsinlər".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Qeydiyyatdan keçən partiya nə qədər, hansı məbləğdə ianə yığır, bu onun öz işidir”

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli isə bu qanunla qətiyyən razı deyil: “Qeydiyyatdan keçən partiya nə qədər, hansı məbləğdə ianə yığır, bu onun şəxsi işi, hüquqi haqqı və siyasi azadlığıdır. Eyni yanaşma üzvlük haqlarına da aid olmalıdır. Bu cür qanunları qəbul etmək rəqib, müxalif partiyaların maddi baxımından güclənməsinin qarşısını almaqdan başqa bir şey deyil. Güclənmək bir yana, bu, hakimiyyətin müxalifət partiyalarının maddi ehtiyaclar içində çapalamasına hədəflənən siyasi addımıdır. Siyasi iqtidarın işi hər sahədə sağlam rəqabət, bərabər hüquqlar qorumaqdır. Yoxsa durub müxalifət partiyalarının üzvlərinə, maliyyəsinə, hər şeyinə total nəzarət etmək - bunlar özünü hüquqi-demokratik ölkə sayan Azərbaycanın dövlət quruluşuna, konstitusiyasına qarşı atılmış hayqırı addımlardır. Mənə maraqlıdır, parlamentdə özünü müxalifət adlandıran deputatlar niyə bu cür qanun layihəsinin lehinə səs verirlər?! Rəsmi ana müxalifət olan, vitse-spikerlə təmsil olunanlar necə bu cür qanun layihəsinə səs verirlər?! Milli Məclisdə bu cür absurd qərarların qəbuluna özünü müxalifət adlandıranların da dəstək olması parlamentimizin nə qədər tragikomik durumda olmasının göstəricisidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR