İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədrlərinin seçkiyə qatıldıqları dairələr məlum oldu

295 19.07.2024 09:57 Ölkə A A

İddiaçılar arasında keçmiş bitərəf deputatlar da var

Sentyabr ayının 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyanın əksəriyyəti iştirak etmək barədə qərar qəbul edib. Modern.az-ın məlumatına görə, bəzi partiya liderləri seçkidə iştirak etməsələr də, təşkilatın digər üzvləri namizəd kimi irəli sürülüb. Əksər partiyaların isə sədrləri namizədliyini irəli sürüb. 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 125 seçki dairəsi üzrə namizədini açıqlayıb. Partiyanın rəhbər strukturunda təmsil olunan Əli Əhmədov 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olacaq.

VI çağırış parlamentdə 3 deputatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bu seçkidə namizədliyini irəli sürməyəcək. Onun seçildiyi dairədən həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyi irəli sürülüb.

“Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı da seçkilərdə namizəd olmayacaq. Onun əvəzinə həmin dairədən qızı Günay Ağamalının namizədliyi partiyası tərəfindən irəli sürüləcək.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də seçkidə iştirak etməyəcəyini bəyan edib. “Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - o deyib. Müsavat seçkiyə 34 dairədən namizəd irəli sürməklə qatılıb. 

AĞ Partiyanın sədri Tural Abbaslı isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini verib. 

Ümid Partiyasının sədri İqbal Ağazadə də seçkidə iştirak etməyəcəyini açıqlayıb. 

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq.  Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədlyini verib.  

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə 27 saylı Sabunçu II seçki dairəsindən namizədliyimi irəli sürüb. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürüb.

Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətində olmadığını bildirib: “Seçkiyə hazırlıq çərçivəsində partiyadan 11 nəfərin namizədliyi irəli sürülüb. Onlardan bir neçəsinin sənədləri hazırlanaraq, müvafiq qaydada dairə seçki komissiyalarına təqdim olunub. Mən özüm isə seçkidə iştirak etmək niyyətində deyiləm”.

Böyük Quruluş Partiyasının (BQP) hazırda deputatı olduğu 26 saylı Sabunçu 1-ci Seçki Dairəsindən namizədliyini irəli sürüb və seçici imzalarını toplayıb DSK-ya təqdim edib. 

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən irəli sürülüb.

Böyük Azərbaycan Partiyası (BAP) da seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Sonuncu prezident seçkisində namizəd olan partiya sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.  

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) lideri Mirhahmud Mirəlioğlu isə 43 saylı Sumqayıt İkinci seçki dairəsindən namizədliyini irəli sürdüyünü söyləyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev seçkidə iştirak etmək niyyətindədir. “Növbədənkənar parlament seçkilərində həm mən, həm də partiyamız fəal iştirak etməyi planlaşdırır. Hələlik siyahı üzrə 11 nəfərin namizədliyi müəyyən olunub. Özüm də seçkilərə qatılmaqla bağlı qərar vermişəm”.

Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə yenidən 81 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürüb. 

Respublikaçı Alternativ (REAL) Partiyası hələlik seçkidə 13 namizədlə iştirak edəcəyini bəyan edib. Partiyanın sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini verib. 

Haqq Ədalət Partiyası (HƏP) seçkilərdə 9 namizədlə iştirak edəcək. Partiyanın sədri, sabiq səhiyyə naziri Əli İnsanov isə namizəd olmayacaq.

Azad Vətən Partiyasının sədri Akif Nağı namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.

Gələcək Azərbaycan Partiyasının sədri (GAP) Ağasif Şakiroğlu 8 saylı Binəqədi seçki dairəsindən namizədliyini verib.

Yeni Zaman Partiyası və Ədalət Partiyası seçkilərdə iştirak etməklə bağlı qərar verib. YZP sədri Musa Ağayevin hələlik hansı dairədən namizəd olacağı məlum deyil. Ədalət Partiyasının sədri İlyas İsmayılov namizədliyini verməyəcəyini açıqlayıb. 

Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli isə seçki ilə bağlı hələlik qərarını verməyib.

Seçki prosesi irəlilədikcə digər tanınmış simalar, bəzi deputatlar da namizədliklərini irəli sürməkdədirlər. Deputat Aqil Abbas bildirib ki, 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən namizədliyini verəcək. 

Sentyabrın 1-də keçiriləcək seçkilərdə deputat Vüqar Bayramov da iştirak edəcək. V.Bayramov 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürüb.

VI çağırış Milli Məclisin digər deputatı Sahib Alıyev də növbədənkənar parlament seçkilərinə qatılacaq. Sahib Alıyev bu dəfə Tərtər rayonundan deyil, 93 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürüb. Hazırda Ağdaşın deputatı Cavid Osmanovdur. Yeni Azərbaycan Partiyası bu dəfə Cavid Osmanovun adını namizəd siyahısına daxil etməyib. YAP-ın siyahısında 93 saylı dairədən Şahmuradov Anar Raqif oğlunun namizədliyi irəli sürülüb. 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərli isə 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürüb. 123 saylı dairədən YAP Aidə Əhmədovanın namizədliyini verib. Dairənin hazırkı deputatı Aqil Məmmədovdur. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR