İnsanlara hürriyət, millətlərə istiqlal!

Papanın Bakıya mümkün səfəri nə vəd edir?

576 18.06.2026 12:32 Analitika A A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasterliyinin prefekti Corc Yakob Kuvakadı qəbul edərkən Azərbaycanla Vatikan arasında əlaqələrin uğurlu inkişafı qeyd edilib.Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda İlham Əliyev Corc Ceykob Kuvakadaya Papanı Azərbaycana səfərə dəvət edən məktub təqdim edib.

Yeni Roma Papası ilk səfərini Türkiyəyə edəcək

Qeyd edək ki, diplomatik anlamda bu cür rəsmi dəvət o halda ictmailəşdirilir ki, qarşı tərəfin buna razılığı olsun. Azərbaycan ilə Müqəddəs Taxt-Tac (Vatikan) arasında münasibətlər son illərdə sabit və qarşılıqlı hörmət əsasında inkişaf edir.

Bu əməkdaşlıq yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də dinlərarası dialoq, mədəni irsin qorunması və humanitar təşəbbüslər kimi sahələri əhatə edir. Papanın Bakıya səfəri ilk növbədə Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelinin beynəlxalq səviyyədə təqdimatı baxımından önəmli platforma yarada bilər. Azərbaycan uzun illərdir fərqli din və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan kimi tanınır və Vatikanla əməkdaşlıq bu imicin daha da güclənməsinə xidmət edir.Bununla yanaşı, belə bir səfər Qərb dünyası ilə əlaqələrin dərinləşməsinə, xüsusilə humanitar və mədəni sahələrdə  yeni layihələrin başlamasına təkan verə bilər. Vatikanın qlobal təsir imkanları nəzərə alındıqda, bu münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərə bilər. Papanın Azərbaycana mümkün səfəri təkcə dini liderin ziyarəti deyil, həm də diplomatik, mədəni və geosiyasi baxımdan çoxşaxəli əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilə bilər.

AĞ Partiya başqanının dini-ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov Musavat.com-a dedi ki, Vatikan ərazi və əhali baxımından dünyanın ən kiçik dövlətlərindən biri olsa da, onun beynəlxalq münasibətlər sistemindəki çəkisi və təsir imkanları ölçülərinə uyğun olmayan dərəcədə böyükdür: "Bu xüsusiyyət Vatikanı digər kiçik dövlətlərdən fərqləndirən əsas amildir. Vatikan təkcə siyasi institut deyil, eyni zamanda dünya katoliklərinin mənəvi mərkəzi hesab olunur. Dünyanın müxtəlif regionlarında yaşayan bir milyarddan çox katolikin dini bağlılığı Vatikanın beynəlxalq nüfuzunun əsas mənbələrindən biridir. Xüsusilə Avropa və Amerika qitələrində milyonlarla insanın katolik məzhəbinə mənsub olması, eləcə də bir sıra aparıcı dövlətlərin siyasi elitalarında katolik ənənələrinin müəyyən təsirə malik olması Vatikanın beynəlxalq proseslərə təsir imkanlarını artırır. Bu səbəbdən Vatikan yalnız dini qurum kimi deyil, həm də qlobal diplomatiyanın mühüm aktorlarından biri kimi qiymətləndirilir.

Müasir beynəlxalq münasibətlər sistemində dini faktorun rolu yenidən artmaqdadır. Son illərdə dünyanın müxtəlif bölgələrində müharibələrin, etnik və dini qarşıdurmaların, humanitar böhranların və geosiyasi gərginliklərin artması dini liderlərin və dini institutların nüfuzunu daha da ön plana çıxarmışdır. Bir çox hallarda siyasi liderlərin çətinlik çəkdiyi məsələlərdə dini liderlər vasitəçi kimi çıxış edə bilir, müxtəlif tərəflər arasında dialoqun qurulmasına töhfə verirlər. Bu baxımdan Vatikan beynəlxalq sülh təşəbbüslərinin, humanitar fəaliyyətlərin və mədəniyyətlərarası dialoqun mühüm iştirakçılarından biri hesab olunur. Roma Papasının müxtəlif ölkələrə səfərləri və verdiyi mesajlar çox zaman yalnız dini deyil, həm də siyasi və diplomatik məzmun daşıyır".

Ekspert dedi ki, belə bir şəraitdə dövlətlər xarici siyasətlərini həyata keçirərkən dini amilləri də nəzərə almağa çalışırlar: "Çünki müasir dünyada yumşaq güc elementləri, o cümlədən dini diplomatiya, klassik siyasi və iqtisadi vasitələr qədər əhəmiyyət qazanmışdır. Vatikan kimi nüfuzlu dini mərkəzlə münasibətlər bir çox dövlətlər üçün əlavə diplomatik imkanlar yaradır. Bu münasibətlər beynəlxalq imicin formalaşdırılması, yeni əməkdaşlıq platformalarının yaradılması və müəyyən siyasi məsələlərdə əlavə dəstəyin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan da bu proseslərdən kənarda deyil. Tarixən İslamın erkən yayıldığı məkanlardan biri olan Azərbaycan zəngin dini və mədəni irsə malikdir. Ölkə əhalisinin böyük əksəriyyəti müsəlman olsa da, Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyətlərindən biri dini tolerantlıq və müxtəlif konfessiyaların dinc şəkildə birgə yaşamasıdır. Doğrudur, Azərbaycan cəmiyyətində bəzi müsəlman ölkələri ilə müqayisədə əhkami dindarlıq səviyyəsi daha aşağıdır. Lakin bu, İslamın milli-mədəni kimliyə təsirinin zəif olması anlamına gəlmir. Əksinə, İslam əsrlər boyu Azərbaycan xalqının mənəvi dəyərlərinin, adət-ənənələrinin və ictimai şüurunun formalaşmasında mühüm rol oynamışdır".

Ватикан решил отойти от латыни

Müsahibimiz dedi ki, Azərbaycan dövləti müstəqillik dövründə multikulturalizm və dinlərarası dialoq siyasətini xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir: "Bakıda keçirilən beynəlxalq forumlar, müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirlər və dövlət səviyyəsində həyata keçirilən təşəbbüslər Azərbaycanın bu sahədə formalaşdırdığı modelin əsas göstəriciləridir. Azərbaycan rəhbərliyi dəfələrlə ölkənin Şərqlə Qərb arasında körpü rolunu oynadığını vurğulamış, müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun inkişafını dəstəklədiyini bəyan etmişdir.

Bu baxımdan Vatikan rəhbərinin Azərbaycana mümkün səfəri yalnız dini hadisə kimi deyil, daha geniş siyasi və diplomatik kontekstdə qiymətləndirilməlidir. Belə bir səfər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, multikulturalizm modelinin dünyaya təqdim olunması və müxtəlif beynəlxalq aktorlarla münasibətlərin dərinləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Bundan əlavə, Vatikanla əməkdaşlığın inkişafı Azərbaycanın Avropa və Qərb dünyası ilə əlaqələrinin yeni müstəvidə genişlənməsinə də töhfə verə bilər. Vatikanın beynəlxalq aləmdə malik olduğu mənəvi və diplomatik nüfuz müəyyən məsələlərdə Azərbaycanın mövqelərinin daha geniş auditoriyalara çatdırılması üçün əlavə imkanlar yarada bilər".

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR