İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan düyüsü idxal rüsumundan azad edildi - daha hansı məhsullara ehtiyac var?

1295 24.11.2022 09:40 İqtisadiyyat A A

Assosiasiya sədri: “Yem və yem əlavələrinin idxalına tətbiq olunan azadolmaların müddəti uzadılmalıdır”

Qlobal ərzaq qıtlığı məsələsi hazırda bir çox ölkələri adekvat tədbirlər görməyə, ehtiyatını tutmağa, idxal olunan məhsulların bahalaşmasının qarşısını almaq üçün addımlar atmağa sövq edir. İnkişaf etmiş ölkələrdə inflyasiyanın əhaliyə mənfi təsirini yumşaltmaq üçün çoxmilyardlı dəstək paketləri işə salınır. Bir sıra beynəlxalq təşkilatlar isə aclıq təhlükəsi ilə üzləşən ölkələrə ərzaq təminatı üçün yardım edirlər. Məsələn, ötən həftə Avropa Komissiyası qlobal ərzaq təhlükəsizliyi üçün 210 milyon avro maliyyə yardımı ayırıb. Avropa Komissiyasının mətbuat xidmətinin bununla bağlı açıqlamasına görə, qlobal miqyasda ərzaq təhlükəsizliyinə olan təhdidlərin dağıdıcı nəticələrindən ən çox təsirlənənlərə kömək etmək və bu ölkələrin artan ehtiyaclarını ödəmək üçün 15 ölkəyə ümumilikdə 210 milyon avroluq yeni humanitar yardım paketi ayrılır.

Bununla da Aİ-nin 2020-2024 üçün qlobal ərzaq təhlükəsizliyinə ümumi dəstəyi 8 milyard avroya çatdırılır: “2022-ci ildə ərzaq təhlükəsizliyi həm miqyas, həm də şiddət baxımından görünməmiş səviyyələrə çatıb və ən azı 205 milyon insan hazırda kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkir. Əfqanıstan, Efiopiya, Nigeriya, Cənubi Sudan, Somali və Yəməndə aclıq təhlükəsi qalmaqdadır.  Qərbi və Mərkəzi Afrika regionunda Burkina-Fasoya 2 milyon avro, Maliyə 1 milyon avro, Nigeriyaya 2 milyon avro, Çada 1 milyon avro və Mərkəzi Afrika Respublikasına 4 milyon avro dəyərində ərzaq təhlükəsizliyi ilə bağlı yardım, habelə qoruma, qidalanma və dolanışıq dəstəyi ayrılacaq.

Həmçinin Şərqi və Cənubi Afrika regionunda Sudana 9 milyon avro, Cənubi Sudana 6 milyon avro, Efiopiyaya 10 milyon avro, Somaliyə 10 milyon avro humanitar yardım ayrılacaq".

Avro Bölgesi'nin kamu borcu 12,1 trilyon avro oldu

Avropa Komissiyası Yaxın Şərq regionuna da maliyyə yardımı ayırıb. Yardım paketi çərçivəsində Yəmənə 35 milyon avro, Suriyaya 15 milyon avro, Livana 5 milyon avro, Əfqanıstana 75 milyon avro, Venesuelaya 30 milyon avro ayrılır.

İnkişaf etmiş dövlətlər öz vətəndaşlarına, üstəlik, kasıb ölkələrə ərzaq dəstəyi verdiyi bir zamanda inkişaf etməkdə olan Azərbaycan kimi dövlətlər öz ərzaq təhlükəsizliklərini təmin etməyə çalışırlar. Rusiyanın Ukraynaya hücumundan sonra qlobal ərzaq bazarında gedən kəskin bahalaşma, həmçinin çatdırılma zəncirindəki problemlər Azərbaycan üçün də risklər formalaşdırır. Belə ki, Azərbaycan əsas ərzaq məhsulları ilə təminatda idxaldan yüksək asılı ölkələr sırasındadır. Bu asılılıq buğda kimi birbaşa olmaqla yanaşı, ət, yağ, şəkər kimi dolayı xarakter də daşıyır: yerli istehsal böyük ölçüdə xarici xammaldan asılıdır. Digər tərəfdən, həm yerli istehsal, həm də idxal sahəsində oturuşmuş inhisarçılıq ölkənin ərzaq bazarında qiymətlərin qlobal bazarlara nisbətən daha yüksək sürətlə bahalaşmasına səbəb olur. Hökumətin ərzaq inflyasiyasının qarşısını almaq üçün atdığı addımlar məhz yüksək inhisarçılıq səbəbindən gözlənilən effekti vermir.

Halbuki kifayət qədər ciddi addımlar atılıb. Mart ayından Nazirlər Kabinetinin qərarı ilə bir sıra məhsulların ixracı qadağaın olunub. Bundan əlavə, ölkədə zəruri ərzaq ehtiyatının yaradılması üçün idxalçı və istehsalçı şirkətlərə subsidiya ayrılıb. May ayından Nazirlər Kabinetinin qərarı ilə heyvandarlıq və quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin  30 iyun tarixli  “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən isə 72 növdə yem və yem əlavələrinin satışı əlavə dəyər vergisindən azad olunub.

İyulda Azərbaycan Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.

Hökumət 2023-cü ildən etibarən ölkənin yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsini əhəmiyyətli şəkildə yüksəltməyə nail olmağı hədəfləyir. Maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki büdcə müzakirələri zamanı dediyinə görə, bu il ölkədə buğda ehtiyatının yaradılması üçün addımlar atılır: “Artıq müvafiq qurum da formalaşdırılıb. Dövlət Ehtiyatları Agentliyində taxıl ehtiyatlarımızı formalaşdıracağıq. Eyni zamanda digər ehtiyatlarımızı da formalaşdırmaq istiqamətində iş gedir. Ehtiyatların formalaşdırılması ehtiyatların yenilənməsi siyasəti ilə uyğunlaşdırılmalıdır. Xüsusilə ərzaqların istifadə müddəti var. Yəni Dövlət Ehtiyatları Agentliyi ərzaqları satmaqla, ondan gələn gəlirdən yeni ehtiyatları formalaşdırmalıdır”.

Azərbaycanda gələn ilin dövlət büdcəsində ərzaqlıq buğda istehsalı üçün 800 milyon manat vəsait ayrılır. Həmçinin işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycanda  ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Növbəti ildən həmçinin aqrar sahədə fəaliyyət göstərən fiziki şəxslərin satışdankənar gəlirlərinin və onlara ödənilən subsidiyaların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad olunur. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə şatışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif olunur.

Milli Məclisin üzvü Azər Badamov hesab edir ki, Vergi Məcəlləsindəki bu güzəştlər 1 illik deyil, ən azı 3 illik olmalıdır: “İqtisadiyyatın elə sahələri var ki, həmin sahələr daima dövlət dəstəyinə ehtiyacı duyur. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Vergi Məcəlləsinə təkil olunan əlavə və dəyişikliklərdə təşviqlən 1 illikdir, Amma yaxın vaxtlarda ərzaq təhlükəsizliyi ilə bağlı müsbət proqnozlar yoxdur. Ona görə də təşviqlərin 3 illik olmasını təklif edirəm”.

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

 Azər Badamov

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin fikrincə, heyvandarlıq və quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalına tətbiq olunan güzəştlər minimum 5 il davam etməlidir: “Bu güzəştlərin bir çoxunun müddəti 2023-cü ilin 1 yanvarında bitir. Halbuki onlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Biz bugünlərdə müvafiq dövlət orqanları ilə səmərəli müzakirələr apardıq. Gözləntilərimiz güzəştlərin 2027-ci ilədək davam etdirilməsi yönündədir. Çünki dünyada ərzaq təhlükəsizliyi sahəsində təhdidlər qalmaqdadır. Xüsusilə gələn il əlverişsiz hava şərtləri səbəbilə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsalında azalma gözlənilir. Bu isə bütünlükdə ərzaq bazarında çatışmazlıq və bahalaşma təhlükəsi yaradır. Belə şərtlər daxilində yerli istehsalçıların dəstəklənməsi mexanizmlərinin davam etməsi zəruridir”.

Onu da bildirək ki, noyabrın 22-də Nazirlər Kabineti əhalinin qida rasionunda ciddi payı olan düyünün idxalı ilə bağlı qərar qəbul edib. Bir ay sonra qüvvəyə minəcək qərara əsasən Pakistandan idxal edilən həmin ölkə mənşəli düyünün idxalı 2027-ci ilin 31 dekabrına qədər idxal gömrük rüsumundan azad olunur.

Rəsmi statistikaya görə, Azərbaycanda ildə 64-65 min ton civarında düyu istehlak olunur ki, bunun da ən yaxşı halda 9-10 min tonu ölkədə istehsal edilir, qalanı xaricdən alınır. İndiyədək Azərbaycanın düyü idxalında əsas pay Hindistana məxsus olub. 2021-ci ildə 45 min 882,2 ton düyünün 31 min tona yaxını bu ölkədən, cəmi  2212,18 tonu Pakistandan reallaşıb. Bu ilin 9 ayında Azərbaycana  qabığı yarı təmizlənmiş və ya qabığı tam təmizlənmiş, pardaxlanmış və ya pardaxlanmamış düyü idxalı - 42 min 872,63 ton (36 milyon 306.23 min dollar dəyərlə) təşkil edib. Bunun 31 min 740,49 tonu (29 milyon 363,53 min dollar) Hindistandan, cəmi 935,51 tonu(666,68 min dollar) Pakistandan, 1021,01 tonu Tailanddan (768,11 min dollar), 4874,3 tonu Qazaxıstandan (2 milyon 960,16 min dollar), 4109,21 tonu Rusiyadan (2 milyon 344,32 min dollar) alınıb. Maraqlıdır ki, sentyabr ayında Rusiyadan düyü idxalı qeydə alınmayıb.

Son illərdə Pakistanda düyü istehsalı və ixracında ciddi artım baş verib. Ölkədə düyü istehsalı 2019-cu ildə 7,5 milyon tona, 2021-ci ildə 9 milyon tona çatıb. İstehsalla yanaşı ixrac da sürətlə artır. 2021-ci ildə Pakistan 2,15 milyard dollarlıq düyü ixrac edib. Bu ildən dost ölkənin ixrac coğrafiyasında da genişlənmə qeydə alınıb.

APA.AZ - Sahibkarlıq xəbərləri

Azərbaycan hökumətinin Pakistandan düyü idxalını stimullaşdırması ilk növbədə iqtisadi amillərlə bağlıdır. Belə ki, Hindistan düyüsünün 1 tonu 925 dollara, Pakistan düyüsü isə 713 dollara başa gəlir. Pakistan düyüsünün idxal gömrük rüsumundan azad edilməsi onun qiymətdə daha böyük üstünlük əldə etməsinə gətirib çıxaracaq.

Hökumətin bu addımı həm də siyasi məqsədli ola bilər. Bu addım Hindistanın Ermənistana siyasi-hərbi dəstək verməsinə qarşı atılmış addım da hesab oluna bilər.

Məqsədinə baxmayaraq, daha ucuz Pakistan düyüsünün idxalının stimullaşdırılması ölkənin ərzaq bazarında qiymət artımına qarşı effektiv addım sayılmalıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR