İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Vaşinqtona niyə uçmuşdular? – Kreml “arxa bağça”sini qoruya bilmir

1626 15.11.2025 12:35 Analitika A A

Mərkəzi Asiya liderlərinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona uçmaları Rusiyanın diqqətini bu toplu səfərə cəmləşdirib.

Sözügedən görüş 10 gün öncə, noyabrın 6-da baş tutub. Bundan əvvəl beş ölkənin xarici işlər nazirlikləri gecə-gündüz işləyərək, səfərin detallarını dəqiqləşdirib, protokolunu tərtib ediblər və dövlət başçıları öz cədvəllərini dəyişdiriblər. Nəticədə Vaşinqtondakı görüşdə beş prezidentin hamısı iştirak edib: Şavkat Mirziyoyev (Özbəkistan), Serdar Berdımuhəmmədov (Türkmənistan), Sadır Japarov (Qırğızıstan), Emoməli Rəhmon (Tacikistan) və Qasım-Jomart Tokayev (Qazaxıstan).

Bu, ilk C5+1 sammiti deyil. İlk bənzər görüş 2023-cü ildə Cozef Baydenin rəhbərliyi altında keçirilib. Tramp isə həmişə pislədiyi sələfinin Mərkəzi Asiya üzrə yeritdiyi siyasi kursa sadiq qalıb.

Görünür, ABŞ dövlətini idarə edən dairələr prezidentə anladıblar ki, ənənəvi olaraq Rusiyanın dominantlıq etdiyi Mərkəzi Asiyada aktivləşmək və bu regionda Çin qədər təsirə malik olduğunu nümayiş etdirməyə ehtiyac var.

ABŞ-nin Mərkəzi Asiyanın postsovet ölkələrindən umacağı diplomaitik cümləpərdazlıqla pərdələnməyib və Tramp başçılıq etdiyi dövlətin “qarnının ağrısı”nın nə olduğunu gizlətməyib. Bu, ABŞ-nin ehtiyac duyduğu nadir metalların istehsalını şaxələndirmək məsələsidir. Amerikalılar bu məqsədlərinə çatdıqları halda Çin və Rusiyadan tədarük asılılığından azad olacaqlar. Üstəlik, Vaşinqton Rusiyadan yan keçəsi “Transxəzər nəqliyyat dəhlizi”nin yaradılmasına kömək edəcək. Bu, həm siyasi riskləri, Avropanın Rusiya ixracatından asılılığını azaldacaq, həm də Mərkəzi Asiya ölkələrinin suverenliyini gücləndirəcək.

D.Tramp görüşdə həmsöhbətlərinə bildirib ki, bu razılaşma Amerika şirkətləri üçün faydalı olacaq, eyni zamanda regiona investisiya qoyuluşu və infrastrukturun inkişafı üçün yol açacaq. Sammit ABŞ-ın xarici siyasət məqsədlərinə çatmaq üçün tez-tez istifadə etdiyi tipik "maliyyə diplomatiyası”nı nümayiş etdirib.

Rusiya bu kommunikasiyadan əndişəlidir, çünki nadir metal ixracından və yük tranzitindən əldə edilən gəlirləri azala, Şərqlə Qərb arasında əlaqə kimi rolu kiçilə və regiondakı təsiri məhdudlaşa bilər. ABŞ-nin hər bir ölkədən nə əldə edə biləcəyini anlayan ruslar ona da arxayındırlar ki, Vaşinqton Mərkəzi Asiyanı idarə etmir və edə bilməyəcək. Kremldə dominant düşüncə budur ki, bu region Rusiyanın “arxa bağça”sıdır, elə də qalmalıdır və mütləq o cür də qalacaq.

Rusiya Mərkəzi Asiya respublikalarının müəyyən suverenlik atributları əldə etməsinə göz yumur. Məsələn, Qırğızıstanda rəsmi əlifba kiril əlifbasıdır, qalanları isə latın əlifbasından istifadə edir və Kreml, prinsipcə, buna qarşı deyil. Başqa bir nümunə: Özbəkistan “Taliban”la layihələrdən qazanc əldə edir, Tacikistan Əfqanıstanla tərəfdaşlığa can atır. Bu ölkələrin Çinlə əlaqələri, Türk Dövlətləri Təşkilatının üzvü olmaları Moskva üçün müəyyən narahatlıq yaratsa da, indilikdə çox ciddi təhlükə hesab olunmur.

Bildirildiyinə görə, zirvə görüşünün nəticələri ümumilikdə bütün tərəfləri qane edib. ABŞ şirkəti “Cove Capital” artıq Qazaxıstanda dünyanın ən böyük volfram yatağına, sursatda istifadə edilən nadir odadavamlı metala çıxış əldə edib. Qazaxıstan ABŞ şirkəti “Wabtec” ilə 300 yük lokomotivi istehsal etməyi planlaşdırır.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Trampla görüşdən eyni dərəcədə məmnun ola bilər - onun ölkəsi bu yaxınlarda ABŞ-dən 22 “Boeing 787” təyyarəsinin alınması üçün müqavilə imzalayıb; qızıl və nadir metallar istehsal edən iki mədən klasterinə (Navoi və Almalıq) ABŞ investisiyası qoyulacaq. Bundan əlavə, Özbəkistan yeni yataqların axtarışı və kəşfiyyatına, ixracın artırılmasına və məşğulluğun artırılmasına investisiyaları qəbul edəcək.

Qırğızıstan litium və nadir metalların potensial kommersiya ehtiyatlarına malik bir neçə yatağa ABŞ-ni cəlb etmək imkanı qazanıb.

Tacikistan Pamirdəki Tuz-Kul gölünün sularında olan litium da daxil olmaqla nadir metalların ehtiyatlarına, eləcə də geoloji və mədən sənayesində ABŞ investisiyalarını qəbul etmək imkanı əldə edib.

Türkmənbaşıdakı dəniz limanı və Türkmənistanın sənayesi də ABŞ investisiyalarına ümid edir və “Transxəzər nəqliyyat dəhlizi”nin bir hissəsi ola bilər.

Mərkəzi Asiyanın 5 ölkəsinin liderləri ilə Trampın görüşü zamanı bir sıra sənədlər və yeni müqavilələr imzalanıb, lakin sammitdə qəbul edilən bəzi qərarlar məxfi saxlanılıb və ictimaiyyətə açıqlanmayacaq.

Güman edilir ki, ABŞ prezidentinin regiona ilk səfəri yaxın gələcəkdə mütləq baş tutacaq və Ağ Evin Mərkəzi Asiyada əldə etmək istədiyi razılaşmaların möhkəmləndirilməsinə kömək edəcək.

Rusiya bütün bu gəlişmələri diqqətlə izləyir və yəqin ki, “arxa bağça”sına soxulmaq istəyən “yad qonağı” oradan perikdirmək üçün tədbirlər üzərində düşünür. Amma bu, nə vaxt, necə olacaq, indilikdə bəlli deyil.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR