İnsanlara hürriyət, millətlərə istiqlal!

On nəfərin ölümünə görə həbs edilən biznesmenin külli miqdarda borcu var

2415 21.02.2024 08:38 Gündəm A A

Tağı İbrahimovun vergi ilə yanaşı banka da borcu yaranıb

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. 

Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir. 

“Qaynarinfo”nun məlumatına görə, hazırda həbsdə olan Tağı İbrahimovun rəhbərlik etdiyi “Bakı Ağac Emalı” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 195 min 354 manat 58 qəpik vergi borcu var. Onun banklara da kifayət qədər borcu yaranıb. Məlumata görə, ASC Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olub. Şirkətin qanuni təmsilçisi isə Natiq Məmmədrəhim oğlu Əkbərovdur.  Natiq Əkbərovun adı bir neçə il əvvəl də Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin siyahsında olub. Hazırda da onun sözügedən borca görə ölkədən çıxışının məhdudlaşdırıldığı deyilir. 

ASC-nin ilk qanuni təmsilçisi isə Həmid Kazım oğlu İbrahimov olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu olub və 2020-ci ildə dünyasını dəyişib. ASC isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib. 

Tağı İbrahimov mebel sexindəki yanğına görə həbs edilib | | Xural qəzeti

 Qeyd edək ki, ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. 

Tağı İbrahimova məxsus sexdə baş verən dəhşətli partlayış-yanğından sonra müxtəlif versiyalar səsləndirilsə də, istintaq ilkin olaraq bu qənaətə gəlib ki, hadisə taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yaymışdı.

Taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində bu dərəcədə dəhşətli partlayışı meydana gətirməsi Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində  araşdırılmaqdadır. Hazırda cinayət işinin istintaqı aparılır. 

İstintaq zamanı toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrini yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar vermədiyi üzə çıxıb.  

ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirləri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, istintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR