İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəyə gətirilən “kitayski” Çin mallarına qadağa: bahalaşma gözlənilir

5050 09.09.2023 08:03 İqtisadiyyat A A

Ekspertlər deyir ki, yerli istehsalı olmayan ölkə bu addımı atmamalıdır

Bir neçə gün öncə Dövlət Gömrük Komitəsi (DGK) “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna əsaslanaraq gömrük ərazisinə gətirilən pirat və ya kontrafakt malların buraxılışını dayandırmaq hüququna malik olduğunu açıqlamışdı.

Komitənin yaydığı məlumatda qeyd olunurdu ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tədbirlər həyata keçirilir: “Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər. Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət  məsuliyyəti yaradır”.

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, DGK artıq bu məsələdə sözdən hərəkətə keçib: “Artıq bu cür malların ölkə ərazisinə gətirilməsinin qadağan edildiyi bildirilir.  Karqolara da belə malları daşımamaq haqqında göstəriş verilib. Karqolar da müştərilərinə bu haqda məlumatlar göndəriblər. Yəni Çindən mal daşıyan sahibkarlar artıq hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanından və s. istifadə edərək mal gətirə bilməz.

Bunun hansı nəticələri ola bilər? İndiki halda Çindən ölkəyə daxil olan, həmçinin də karqoların indiki anda gətirdiyi malların böyük əksəriyyəti “brend”dir, yəni kontrafaktdir. Amma bunun üzərində uzun illərdi ki, ölkədə nəhəng bir biznes şəbəkəsi qurulub. Bu zəncir halqasında Çindən bu malları daşıyan, topdan satan, pərakəndə satan, servisini təşkil edən, anbar xidməti göstərən, pərakəndə satış bazarları və ticarət mağazaları icarəyə verən, on minlərlə işçiləri işə cəlb edən və s. minlərlə sahibkar subyektləri var. Alıcılar, istehlakçılar da uzun illərdi ki, bu şəbəkə üzərindən alış-veriş edirlər. Hazırda anbarlarında, mağazalarında böyük həcmdə bu cür mallar olan sahibkarlar var. İndi bu sahibkarların, ümumiyyətlə, bu şəbəkənin taleyi necə olacaq? İndiki anda, daxili-yerli istehsalın olmadığı indiki şəraitdə bu cür sərt yanaşmanın nəticələri öncədən hesablanıbmı?

Gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alınıb

Həm də uzun illər oturuşmuş bu infrastruktur hesabına büdcəyə daxil olan vəsaitləri indi kim ödəyəcək, gömrük daxilolmaları əvvəlki səviyyədə qalacaqmı? Hazırda ölkədə mövcud olan, az sayda insanların daxil olduğu həqiqi brend mağazalarıın büdcəyə ödədikləri vəsait indiki səviyyədə olacaqmı? Görəsən DGK-da bu məsələlərlə bağlı ağlabatan bir həllər, proqnozlar varmı? Bahalaşma olacağı qaçılmazdır".

DGK mətbuat xidmətindən “Yeni Müsavat” qadağaların tətbiqinə başlandığı təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanla Çinin qarşılıqlı ticarət dövriyyəsi böyük sürətlə artır. Bu ilin yeddi ayında Çinlə 1 milyard 619 milyon 676,34 min dollarlıq alver etmişik. Bunun cəmi 63 milyon 474.27 min dolları ixracımız, 1 milyard 556 milyon 202.07 min dolları isə idxalımızdır. Yeddi ayda ümumi ticarətimizdə Çin 4-cü, idxalımızda isə 2-ci ölkə olub. Bununla da ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,4 faizi Çinin payına düşüb. Ötən ilin eyni dövründə qarşılıqlı ticarət 1 milyard 148 milyon 415,84 min dollara bərabər olmuşdu. Bunun cəmi 28 milyon 763.70 min dolları Azərbaycanın ixracı,  1 milyard 119 milyon 652.14 min dollar isə Çindən idxal idi. Ötən ilin eyni dövründə Çin Azərbaycanın ümumi ticarətində 5-ci, idxalında 3-cü yeri tutmuşdu. İndi isə Türkiyəni qabaqlayaraq 2-ci yerdə qərarlaşıb. Bir ildə Çindən idxalımızda 39 faizlik artım baş verib. Çinə ixracımızda isə 2,2 dəfədən çox artım qeydə alınıb.

Azərbaycanın Çinə ixracı əsasən polipropilen, neft koksu və qeyri-neft məhsullarından ibarətdir. Oradan isə dodaqların, gözlərin makiyajı üçün vasitələrdən tutmuş, dülgər, cərrah alətlərinə, bir sözlə, iynədən sapa qədər çoxsaylı və çoxprofilli məhsullar alırıq. Bu məhsullar arasında Çində dünya markalarının adı altında, onların lisenziyalı zavodlarında istehsal olunan məişət texnikası da var, sadəcə, üzərinə saxta logo yapışdırılan texnika da. Çindən gələn və böyük brendlərin adından icazəsiz istifadə olunan mallar arasında geyim, kosmetik vasitələr və geyim aksesuarları böyük bir paya malikdir. Bu gün rahatlıqlar ölkə əhalisinin 90 faizə yaxınının geyiminin Çinin belə malları ilə təmin olunduğunu deyə bilərik. Ölkə bazarının bu seqmenti böyük ölçüdə belə mallardan asılı vəziyyətdədir.

Dünya brendlərindən Azərbaycanda öz nümayəndələyini açan, yaxud rəsmi distribüterlərlə işləyənlər barmaqla sayılacaq qədərdir. Bir sıra Türkiyə brendlərini çıxmaq şərtilə, onların mağazalarında müxtəlif əşyaların qiyməti orta gəlirli Azərbaycan ailəsi üçün belə əlçatmazdır. Həmin mağazalardan öz ehtiyaclarını ödəyənlərin əhali sayında payı 3-4 faizə güclə çatar.

Çin mallarının satış biznesinin həcmini təsəvvür etmək üçün Bakıdakı “Sədərək”, “Binə” yarmarkaları ilə yanaşı, rayonların hər birində ən azı 400-500 şəxsin çalışdığı mərkəzi bazarları, demək olar ki, hər kənddə olan kiçik mağazaları nəzərə almaq lazımdır. Bu satış mərkəzlərində, mağazalarda dövriyyənin heç 10 faizi belə uçota alınmır. Yəni bu biznesdə ildə milyardlarla manatlıq dövriyyə var. Ondan ölkə boyu on minlərlə ailəyə gəlir daxil olur. Belə bir böyük biznesin qarşısını almaq, onu əsl brendlərlə təmin etmək qeyri-mümkündür.

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, tanınmış brendlərin adından istifadə edilərək istehsal olunan kontrafakt malların satışının qarşısını tam almaq heç bir ölkəyə nəsib olmayıb: “Dünyada heç bir ölkə bunun qarşısını tam ala bilməyib. Avropa ölkələrinin hamısında belə malların satışına rast gəlmək mümkündür. Hətta mən özüm İspaniyada olarkən bunun şəxsən şahidi oldum. Fransanın məşhur bir qadın çantası brendinin rəsmi mağazasının həmən qarşısında əldə insanlar eyni brendin kontrafakt malını insanlara ikiqat ucuza təklif edirdilər və onlar da alırdılar”. 

Ekspert bildirir ki, Azərbaycanda da bu məsələ zaman-zaman qaldırılır: “Kampaniya şəklində proses başlanır, bir müddət hansısa qadağalar qoyulur, daha sonra unudulub gedir. İndi Gömrük Komitəsi rəsmi açıqlama verib və prosesi yenidən başladır. Hesab edirəm ki, bir müddət hansısa qadağalar olacaq, hansısa malların gətirilməsində çətinliklər yaranacaq. Bundan da sahibkarlar, sonda isə Azərbaycan əhalisi əziyyət çəkəcək. Düşünürəm ki, bu məsələdə sərt addımlara gedilməsi üçün əsas yoxdur. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü belə olmayıb ki, onun tələbləri əsasında əqli mülkiyyət hüququnun qorunması üçün hansısa addımlar atılması zərurəti yaransın. Bir çox ölkələr belə addımı yerli istehsalı qorumaq üçün atırlar. Azərbaycanda yerli istehsal da yoxdur ki, qorumağa ehtiyac yaransın. Hansısa brendin yerli nümayəndəliyi məhkəməyə müraciət edərsə, onun adı altında saxtalaşdırılmış malların idxalına qadağa qoyula bilər. Lakin bunu kütləvi şəkildə bütün mallar üzrə etmək ölkədə ciddi bahalaşmaya gətirib çıxaracaq. Bu baxımdan, qadağaların uzunmüddətli olacağını gözləmirəm”.

Onu da qeyd edək ki, Azərbaycan Çinlə iqtisadi əlaqələrin genişləndirilməsi üçün təşəbbüskar tərəfdir. Ölkə rəhbərliyinin bilavasitə təşəbbüsü ilə Çindən Avropaya və əksinə yükdaşımaların Azərbaycan ərazisindən reallaşması üçün infrastrukturun qurulmasına milyardlarla manat sərf olunub, olunmaqda da davam edir. Elə bu günlərdə Azərbaycanın böyük bir nümayəndə heyəti Çində səfərdə olub. İki ölkə arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, “Şərq-Qərb”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlıqlar və ötən həftə Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı ilə dərinləşir.

Üstəlik, hazırda Çin ixracının azalması dövrünü yaşayır. ABŞ və Avropa İttifaqının məhdudiyyətləri üzündən bu ölkələrə ixracda kəskin azalma müşahidə olunur. Pekin bu azalmanı digər ölkələrə ixracı artırmaqla kompensasiya etməyə çalışır. Azərbaycan və bütövlükdə Cənubi Qafqaz bu fəaliyyətlərin əhəmiyyətli istiqamətlərindən biridir. Bu ilin 6 ayında Çin Gürcüstanın əsas ticarət tərəfdaşı statusuna yüksəlib. Belə bir dövrdə Azərbaycanın Çindən ixracı böyük ölçüdə qadağan etməsi ölkə üçün ciddi problemlər yarada bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR