İnsanlara hürriyət, millətlərə istiqlal!

Olaf Şolts: “Müharibə Putinin qələbəsi ilə bitməyəcək”

603 17.05.2023 16:03 Son xəbər A A

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin qələbəsi ilə bitməyəcək”. Novator.az-ın məlumatına görə, Almaniya kansleri Olaf Şolts Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə belə deyib.

46 ölkə liderinin iştirakı ilə İslandiya paytaxtı Reykyavikdə keçirilən ikigünlük toplantı mayın 16-dan başlanıb. Məqsəd Rusiyanın Ukraynaya hərbi təcavüzünün Avropada yaratdığı problemləri və Kiyevə dəstək məsələlərini müzakirə etməkdir.

Olaf Şolts bildirib ki, Avropa sülhə mümkün qədər tez nail ola bilmək üçün Ukrayna demokratiyasının arxasında möhkəm durmalıdır: “Günün birində Rusiyanın bu müharibəsi bitəcək. Münaqişənin Putin imperiyasının qələbəsi ilə bitməyəcəyi də bəllidir. Biz ədalətli sülh əldə olunana qədər Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.

Almaniya kansleri avropalı müttəfiqləri var qüvvəni bu işə səfərbər etməyə çağırıb: “Avropa Rusiyanın qitədə mövcud olan sülh nizamına təcavüzündən nəticə çıxarmalı, demokratiya yolunu seçmiş Ukraynanı dəstəkləmək üçün əlindən gələni əsirgəməməlidir”.

Olaf Şolts qeyd edib ki, Avropa Şurası işğalçıların, rusiyalı hərbi canilərin məsuliyyətə cəlb olunması, Ukraynaya dəyən ziyanın ölçülməsi və Moskvanın vurduğu zərərə görə təzminat ödəməsi mexanizminin qurulması sahəsində mühüm işlər görür.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır. Rusiyanın işğalçı müharibəsi dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR