İnsanlara hürriyət, millətlərə istiqlal!

Okamponun anti-Azərbaycan hesabatı haqda yeni xəbər: “Bu dövlətin sifarişidir”

1258 30.08.2023 11:42 Siyasət A A

Yeganə Hacıyeva: “Onun arxasında Kremlin dayandığı barədə mülahizə təxribat məqsədi güdür”

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Qarabağın erməniəsilli sakinlərinin qondarma “soyqırımı” ilə bağlı “ekspert rəyi” ətrafında müzakirələr davam edir. Yada salaq ki, iyulun 29-da özünü “Qarabağ ermənilərinin lideri” adlandıran hərbi cinayətkar Araik Arutyunyan “təcili xahiş”lə Luis Moreno Okampoya müraciət edərək, Qarabağdakı vəziyyətlə bağlı ekspert rəyi tələb edib.

Məlumata görə, Arutyunyan öz sorğusuna “vəziyyətlə bağlı məlumatlar olan sənədlər qovluğu” əlavə edib. İki gün sonra Okampo məktuba cavab verib.

O, “qərəzsiz qiymət verəcəyinə” söz verib. Budur, Okamponun fikrincə, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin “fiziki məhv edilməsinin” qarşısını almaq üçün digər məsələlərlə yanaşı, “blokadanı” aradan qaldırmaq və bir neçə həftəlik zəruri malların tədarükünü bərpa etmək lazımdır". O, məruzəsində “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyaya istinad edib.

Okampo Kim Kardaşyana və kinoprodüser Erik İsraelyana müraciət edərək, onları Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə kömək etməyə və səslərini dünya ictimaiyyətinə çatdırmağa çağırıb.

Okamponun 2012-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən istefaya getdiyini, o vaxtdan onun adının dünya KİV-ində yalnız korrupsiya qalmaqalları ilə və cinayətkarların maraqlarını ört-basdır etmək kontekstində hallandığını nəzərə alsaq, həmin şəxsin sözlərinin heç bir çəkisi yoxdur. Amma indi onun niyə Azərbaycan əleyhinə danışdığı haqda yeni bir versiya ortaya atılıb.

“EU Reporter”in məqaləsində deyilir ki, Luis Moreno Okamponun arxasında Kreml dayanır.

“Qarabağdakı vəziyyəti "erməni soyqırımı" adlandırmaq qərəzdir və Okamponun arxasında Kremlin dayandığını sübut edir. Moskva Bakı ilə İrəvanın sülh müqaviləsi məsələsində tədricən yaxınlaşmasından son dərəcədə narahatdır. Moskva üçün bu ssenari qəbuledilməzdir, çünki bu, Rusiyanın Cənubi Qafqazda təsirinin itirilməsi demək olacaq", - məqalədə qeyd edilir.

Okamponu dövriyyəyə gətirənlər əslində məlumdur, - erməni əsilli amerikalı ulduz Kim Kardaşyan və amerikalı klinik professor Erik İsraelyan. Qeyd edək ki, professor İsraelyan bir neçə gün əvvəl özünün sosial şəbəkə hesabında Okamponun “hesabatını” böyük sevinclə paylaşmışdı. Ardınca isə onun dostu və iş ortağı Kardaşyan professorun paylaşımını öz səhifəsində yenidən yayımlamışdı. Beləliklə, Ermənistanın manipulyativ aktlarına daha bir yenisi əlavə olundu.

Luis Moreno Okamponun sərsəm fikirlərinə çox keçmədən adekvat cavab verilib. İstər beynəlxalq məkanda, istərsə də Azərbaycan daxilindən bu cür əsassız bəyanatların təxribat xarakterli olduğu dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. İlk öncə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib.

Bəs bu hesabatın arxasında Rusiyanın dayanması iddiası nə qədər gerçəkdir? Bu, Moskva-Bakı münasibətlərinin gərginləşməsinə yönəlik informasiya təxribatı ola bilərmi?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Okamponun hazırladığı hesabat tamamilə qərəzlidir. Beynəlxalq Ədalət Məhkəməsinin prokuroru olmuş şəxsin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı erməni tezislərindən ibarət yalan, heç bir reallığa aidiyyəti olmayan fikirləri onun necə “professional” olmasından xəbər verir: “İstənilən orta savadı olan şəxs o rəyi oxuyanda onun qeyri-obyektiv, səviyyəsiz, savadsız hazırlandığını və bu rəyin əhəmiyyətsiz kağız parçası olduğunu görə bilər. Okampo erməni lobbisinin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirməyə çalışır. Bu vəzifə Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində hər hansı sənədin qəbul olunması ilə bağlı təşəbbüsləri artırmağa çalışmaqdır. Luis Morena Okampo Argentinadandır və  erməni lobbisinə çox yaxın şəxsdir. Onun bu gün sponsoru olan şəxs Argentinada xüsusi xidmət və təhlükəsizlik naziri olmuş, erməni lobbisinin üzvü olan şəxsdir. Ona görə də Argentinadakı erməni lobbisinin əksər tədbirlərində Luis Morena Okampo başda oturur. Həmin keçmiş nazir "aeroportlar kralı" kimi tanınır, dünyanın bir sıra ölkələrində, o cümlədən Ermənistanda ona məxsus hava limanları var. Xocalıda aeroport tikilməsində də onun şirkətinin adı keçirdi. Okampo bu illər ərzində erməni lobbisinin onu bəsləməsinin haqqını ödəyir. O əmindir ki, erməni lobbisi əlini onun üzərindən çəkərsə, etdiyi qanunsuzluqlara görə həbs olunacaq".

Y.Hacıyeva qeyd etdi ki, Okamponun şəxsiyyətinin ətrafında çox ilginc məlumatlar var: “Argentina mediasında o, seksual manyak olaraq təqdim olunur. Onun prokuror olduğu dövrdəki işlərini araşdırdıqda bəlli olub ki, arxasında Kreml durur. Bütün işləri Rusiyanın xeyrinə olub. Amma bir məsələ var ki, bu adam rüşvətxordur və pulu kim verir onun üçün də işləyir. Adam pullu xidmət göstərir. Pulu kimin verməsi onun üçün vacib deyil. Çünki prinsipsiz bir adamdır. Şəxsiyyətini pula satmış birisidir.

Lakin ermənilərin istəyi ilə saxta rəy hazırlamasının arxasında Rusiyanın dayandığı barədə iddia düzgün deyil. Bu iddianı ortaya atmaqda məqsəd Kremllə Bakının arasında nifaq toxumu səpmək ola bilər. “EU Reporter”in məqaləsində Luis Moreno Okamponun Azərbaycana qarşı rəy hazırlamasının arxasında Kremlin dayandığı barədə mülahizə doğru deyil və təxribat məqsədi güdür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR