Bəlkə də bir müddət sonra Ermənistan adlı dövlətlə aramızda sərhəd dirəklərinə ehtiyac qalmadı...
Co Bayden hakimiyyətə gələn kimi saxta “erməni soyqırımını” rəsmən tanıdı. ABŞ prezidentlərindən heç biri ötən əsrin əvvəlində baş vermiş ziddiyyətli tarixi hadisələrə “soyqırım” adlı yalan donu biçməyi özünə rəva görməmişdi, Bayden hakimiyyəti isə bunu etdi. “Soyqırım” deməklə ermənilərin İkinci Qarabağ müharibəsində incidilmiş arxasına sığal çəkmək məqsədi də vardı, amma faydası olmadı. İndi hakimiyyətlərinin 4-cü ilinin sonunda Ermənistanla hələ təfərrüatı tam bəlli olmayan strateji tərəfdaşlıq sənədi imzalanması “soyqırımı tanımaq” kimi xüsusi əhəmiyyətli hadisə deyil. Azərbaycana şəxsən mən xüsusi risklər görmürəm. Çünki hələ bu strateji tərəfdaşlıq daha ciddi addımlarla möhkəmlənəcək, yoxsa kağız üzərində qalacaq, bilinmir. Zatən ABŞ və Ermənistan hökumətləri 2024-cü ilin iyununda ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi planlarına dair birgə bəyanat yaymışdılar. Ermənistandan başqa, postsovet ölkələri arasında Ukraynanın da ABŞ-la oxşar müqaviləsi var. 2024-cü il dekabrın əvvəlində Moldova hökuməti də ABŞ-la strateji tərəfdaşlığın bağlanması ilə bağlı müzakirələrə başlayıb. Ötən ilin noyabr ayının 30-da isə Vaşinqton “sözəbaxmazlığına” görə Gürcüstanla olan analoji razılaşmanı dayandırdı.
Bu mövzuda emosiyalara yer vermək, Amerikanın Demokratlar Partiyasının 4 illik ermənipərəst fəaliyyətinə görə ingilicsə söymək də olar, amma bunlar prinsipcə, mənasız işdir. İş elə gətirib ki, Qərbə indi erməni kimi “obijinnik” lazımdır, Ermənistan regionda o “küskün və incidilmiş” parametrlərə tam uyğundur. Amerika kəşf etməyək, hər şey bəllidir. Ermənistan Cənubi Qafqazda əhəmiyyətli ölkə deyil, məsələn, Gürcüstan kimi dənizə açılan mövqeyi yoxdur, xalq olaraq isə mütidirlər. Amma yanıqları, “quyruq acıları” var, bu da Qərbin işinə gəlir.
Yanıqların ən ciddisi işğaldakı torpaqları itirmələridir. Bu azmış kimi, ürəklərinə daha bir dağ Xankəndi və ətraf rayonlarımızdan ermənilərin rədd olub getməkləridir. Yüz illik erməni xəyallarının boşa çıxması Ermənistanın bir dövlət kimi “boş qazan” olduğunu ortaya çıxardı. İşğalda saxladığı torpaqlarımıza görə özlərini illərlə regionda əhəmiyyətli dövlət hesab edirdilər, danışıqlar masasında əsas şərtləri Ermənistan diktə edirdi. Ermənilər özləri haqda mif yaratmışdılar ki, guya güc amilinə söykənən dünyanın bir parçasıdırlar, regionda onların diktəsi keçərlidir və sairə. Əlbəttə, onların arxalarında Rusiya vardı. Ona görə “torpaqları qaytarın” deyəndə bizi “Yevlağa qədər işğalla” hədələyirdilər. Dünyada dəyişən dəngələri zərgər dəqiqliyi ilə Azərbaycanın tarixi uğurlarına yönəldən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan ordusu Ermənistanı dünyada biabır etdi, 10 min fərarisi olan ordusunun darmadağınına hamı şahid oldu. Sonrakı proseslər də, cəmi 23 saatlıq antiterror əməliyyatı da ermənilərin bu savaşda “zəif bənd” olduğunu bir daha göstərdi.
İrəvan Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin 32 illik işğaldan sonra Azərbaycana geri qaytarılmasını da xoşluqla etmədi. İndi bizim Ermənistandan geri alacağımız ərazi qalmayıb, ya da o kəndlər ki, dəyişdirilə bilər, gələcək müzakirələr üçündür. Dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğununun təxminən 996 km olduğunu nəzərə alsaq, bu prosesin hələ nə qədər davam edəcəyini söyləmək çətindir.
Dünyada bir neçə ölkə var ki, qonşuları ilə sərhədlərin müəyyənləşməsi üçün illərini sərf etməkdədir. Biz də gözləyərik.
Son 4 ildə Azərbaycan elə bir tarixi uğurlara imza atıb, Ermənistan isə o qədər pərişan duruma düşüb ki, bunun acısını yüz belə “strateji sənəd” imzalamaqla çıxarmaq mümkünsüzdür. O da həqiqətdir ki, ermənilər müharibədəki ağır məğlubiyyətinə rəğmən yenə “buynuz” çıxarmaq istəyir, hansısa revanşist arzular peşinə düşür. Biz regionda sabitlik üçün üzərimizə düşəni etməyə çalışırıq, amma olmayacaqsa, biz bundan uduzmayacağıq. Həm də Ermənistanın arxasında durub onu qızışdıranlar indi Rusiyanı daha çox hədəf seçiblər. Onların davası isə belə görünür ki, hələ qarşıdadır. Biz çox da qarışmayıb, bu savaşı kənardan izləməliyik. Sonda bəlkə Ermənistan adlı dövlətlə aramızda sərhəd dirəklərinə ehtiyac qalmadı...