İnsanlara hürriyət, millətlərə istiqlal!

"O evləri tikəndən sonra bankrot oldum" - Məhkəmə

1196 31.10.2022 18:10 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com-un xəbərinə görə, bu gün keçirilən prosesdə "Ellada" MMC-nin rəhbəri Əhməd Bağırov ifadə verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikib. Onun sözlərinə görə, hər evin tikintisi üçün nazirliyin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizova 6 min manat rüşvət verib.

Digər şahid Səxavət Cəlilov ifadəsində bildirib ki, "Erol" şirkəti onun adına rəsmiləşdirilib: "Söküntü işləri ilə məşğul olmuşam. Maliyyə işlərindən xəbərim olmayıb. Sənədləri gətiriblər, imzalamışam. Nazirlikdən heç kimlə görüşməmişəm. Sadəcə şirkət mənim adıma rəsmiləşdirilib. Özüm usta işləmişəm. Heç nədən xəbərim olmayıb".

Digər şahid Şahlar Məmmədov isə deyib ki, 2014-cü ildə Ağdaşda 2 ev tikib: "Mən işi götürməyə peşman olmuşam. İndiki vaxta qədər də pulumu ala bilməmişəm. O evləri tikəndən sonra bankrot oldum. Maliyyə Nazirliyi gələrək yoxlama keçirdi, 31 min manat ziyan müəyyənləşdirdi. Mən isə bununla razı deyiləm. Mən məhkəməyə verdim, sonradan danışıqlar apardılar, dedilər ki, ödəyəcəyik. Mən də şikayətimi geri götürdüm. Öz pulumu ala bilməmişəm".

Digər şahid Adil Cabbarov isə bildirib ki, 2015-ci ildə Ağdaş rayonunda 1 ev tikib: "İnflyasiya dövrünə düşdü deyə dedilər ki, sonra pul veriləcək. Pulu vermədilər. Kommunikasiya işlərini başa çatdıra bilmədim. Ev hazırdır o vaxtdan, kommunikasiya işləri qalıb".

Şahid Sübhan Əliyev qeyd edib ki, şirkət direktoru olub. Onun sözlərinə görə, "FF-TM" şirkəti onun şirkətinin adı ilə səhv olub: "Mənim heç bir prosesdə iştirakım olmayıb. Sadəcə şirkətin adı səhv düşüb".

Abusəlim Cəfərov isə deyib ki, qardaşı Elman Cəfərovla birlikdə Zaqatalada 2 ev tikib: "Maliyyə işlərinə Elman baxıb. 6 min manat bir evə, 12 min manat isə digər evə görə Natiq Əzizova rüşvət verilib".

Samir Şahmirov bildirib ki, qohumu Elman Səfərov onun adına şirkət açıb: "Şirkətə qohumum Elman Səfərov rəhbərlik edirdi. Mən usta olmuşam. Bankdan pul götürəndə sənədləri mən imzalamışam. Amma pulu Elman alırdı".

Növbəti proses noyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onun rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf etməklə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR