İnsanlara hürriyət, millətlərə istiqlal!

Novxanıda işgəncə zirzəmisində narkomanı döyüb öldürüblər - məhkəmə işi

818 03.02.2023 13:27 Kriminal A A

Narkomanlara işgəncə verməkdə, ayağından asmaqda ittiham olunan məsləhətçi “Nyu Layf”dakı olaylardan danışdı

“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

Musavat.com xəbər verir ki, ittihama görə, Fərhad Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri – Hüseyn Məmmədovun ölümünə səbəb olublar. Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” reabilitasiya mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. “Nyu Layf” reabilitasiya mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur.

İstintaq orqanı tərəfindən Fərhad Əliyevin barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Cinayət işində adı keçən Orucəli Heydərov, Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun işi ayrıca icraatda araşdırılıb. Bu şəxslərin də cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baxılır.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, mərkəzin rəhbəri Orucəli Heydərov olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər narkotik vasitələrdən özü də əziyyət çəkib və sonradan sağalıb. Qeyd edib ki, bundan sonra mərkəzdə məsləhətçi kimi işləyib. Fərhad Əliyev bildirib ki, mərkəzdə narkotik vasitələrdən əziyyət çəkən xəstələrdən qaçmaq istəyənlər olub: “Orada növbədə olan işçilər qaçmaq istəyən xəstələri saxlayıblar, qaçmalarına imkan verməyiblər. Sonra mərkəzin rəhbəri gəlib və onlarla söhbətlər aparıb. Mən bunu səhəri gün eşitdim. Həmin şəxslər mərkəzin zirzəmisində qaçmaları ilə bağlı sorğu-sual olundular”.

Fərhad Əliyev qeyd edib ki, mərhum Hüseyn Məmmədovu hadisədən 2 ay əvvəl tanıyıb. O bildirib ki, mərkəzdə müalicə olunan xəstələrə narkotik vasitə verilməyib: “Verilməsi hallarının isə şahidi olmamışam”.

F.Əliyev həmçinin narkotik vasitədən əziyyət çəkən şəxslərə cəza tədbirlərinin tətbiq olunub-olunmamasından da danışıb: “Onlara heç bir cəza tədbiri verilməyib. Belə hal mərkəzdə olmayıb. Əgər olubsa da, mən bununla bağlı tədbirlərdə iştirak etməmişəm. Belə halların şahidi olmamışam. Kiminsə ayağından asılmasını da eşitməmişəm, şahidi də olmamışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, mərkəzdə müalicə alan xəstələrə əsasən “yazı-pozu” işi gördürmək tətbiq olunub. Prokurorun “yazı-pozu” işi gördürməyin işgəncə mexanizmi olub-olmaması ilə bağlı sualına təqsirləndirilən şəxs belə cavab verib: “Bu hal müalicə üçün əsasdır. Çünki “yazı-pozu” ilə başlarını qatırdılar. Özüm də arada “yazı-pozu” işi ilə məşğul olmuşam. Bu yolla narkotik vasitədən kənarda qalmaq olur”.

Təqsirləndirilən bildirib ki, “yazı-pozu” aparmaqla xəstələri orada saxlamaq doğru addım olub: “Mən özüm də hərdən mərkəzdən getmək istəmişəm. “Yazı-pozu” aparmaqla başımı qatmışam. Bu addım cəza tənbehi yox, müalicə üsulu olub”.

Təqsirləndirilən şəxs deyib ki, mərkəzdən getmək istəyən xəstələrin heç biri ondan icazə istəməyib: “Ümumiyyətlə, mənim belə bir səlahiyyətim olmayıb ki, kiməsə göstəriş verim, orada qalıb-qalmamasını müəyyən edim. Heç kim məndən getmək barədə icazə istəməyib. Mənim belə bir hüququm da olmayıb ki, kimisə orada məcbur saxlayım. Mən ancaq müalicə tədbirləri ilə bağlı məsləhətlər görmüşəm. Xəstələrlə ümumiyyətlə, ünsiyyətdə olmurdum. Buna görə də qeyd edirəm ki, mərkəzin heç bir işçisi ilə xəstələrə işgəncə vermək barədə razılığımız olmayıb. Mən heç kimə xəsarət yetirməmişəm. Ümumiyyətlə, orada xəsarət alanlar da olmayıb. Yazırlar ki, xəstələri mərkəzin zirzəmisinə aparmışıq, orada onlara işgəncə vermişik. Belə bir hal olmayıb. Bəzi xəstələri zirzəmiyə aparıblar. Amma onların yanında mən olmamışam. Orada baş verənlərdən də xəbərim olmayıb. Həmin vaxt mən mərkəzin 2-ci mərtəbəsində olmuşam. Zirzəmidən də səs gəlməyib, səs-küy eşitməmişəm”.

Təqsirləndirilən şəxsin ifadəsindən sonra proses fevralın 6-na qədər təxirə salınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR