İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti ilə bir yığın sualla...

591 20.12.2022 08:50 Yazarlar A A

Növbəti ildə necə olacaq? Heç olmasa, bizim dinc, mülki ictimai fəallarımız Dağlıq Qarabağa keçib orada öz ekoloji monitorinqlərini həyata keçirə biləcəklərmi? Bizim “Dağlıq Qarabağ münaqişəsi artıq bitib” haqda dediklərimiz qismən də olsa, doğrulacaqmı? Ukraynada Rusiyanın burnu əziləcəkmi?..

İnanın ki, dünyanın ən zəki politoloqları yığılsa belə, bu suallara birmənalı və dəqiq cavab verə bilməzlər, çünki Ukraynanın ardınca Rusiya Dağlıq Qarabağda da öz oyununu başladıb. İllərlə o, erməni separatçılarının arxasında gizlənmişdi, indi təzədən öz maskasını çıxardıb. İşğal altında olan rayonlarımız azad olanda biz çox sevindik. Özü də haqlı olaraq sevindik. Otuz ildən sonra öz torpaqlarımızın bir hissəsinə qayıtmışdıq. Amma təxminən otuz ildən sonra Moskva da Dağlıq Qarabağdakı öz mövqelərini qaytarmışdı. Əslində o, buradan heç hara getməmişdi, sadəcə, onun rəsmi mandatı yox idi, heç kim onun Dağlıq Qarabağdakı silahlı qüvvələrinə sülhməramlı statusu verməmişdi.

Elə indi də onları heç kim sülhməramlı saymır, əlbəttə ki, Azərbaycandan başqa. Sülhməramlı deyəndə adətən prosesdə maraqlı olmayan, bitərəf tərəfin BMT və yaxud da ki, ATƏT tərəfindən idarə olunan silahlı dəstələri və ya məhdud hərbi kontingenti nəzərdə tutulur.

Uzun illər biz çox çalışdıq ki, bölgəyə bu tələblərə cavab verən beynəlmiləl qüvvə gəlsin. Amma aydın idi ki, belə qüvvələrin gələcəyi təqdirdə Moskva işğal altında olan rayonların azad olunmasına imkan verməyəcdi. Fəqət, biz özümüzü elə göstərməməliyik ki, Rusiya bölgədə nəsə təəccüblü bir iş görür, yox, elə əvvəldən aydın idi ki, Kreml öz silahlılarını bura bölgədəki maraqlarını təmin etmək üçün göndərir, çünki Moskva bölgədəki, Cənubi Qafqazdakı maraqlarını Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi nünaqişələrin sayəsində təmin edir. Bəli, bunlar onun bölgədəki geosiyasi rıçaqlarıdır və Kreml heç vaxt onları itirməyə qərar verməz...

İndi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ geosiyasi teatrında çox gərgin vəziyyət yaranıbdır. Rusiya, İran bir tərəfə, hətta Qərb birmənalı şəkildə Ermənistanın tərəfinə keçib. Qərbin bu addımı heç də Rusiya-Qərb qarşıdurmasının birmənalı nəticəsi deyil. Əlbəttə, belə notlar var və Qərb dairələri açıq şəkildə deyirlər ki, Ukraynada müharibə aparan Kreml heç vaxt Cənubi Qafqaza sülh gətirə bilməz.

Sözsüz, onlar haqlıdır, amma ABŞ və Fransa kimi dövlətlərin ermənipərəst mövqeyi heç də Rusiya ilə indiki qarşıdurmanın nəticəsi deyil, onların ərazilərindəki erməni diasporlarının diqtəsidir. Çox təəssüf ki, hazırda Bakı Türkiyə və bölgədən uzaq Pakistanla tək qalıb. Əlbəttə ki, Bakı öz mövqelərini itirməyib, amma Moskva, Tehran və Paris onun ətrafında yenə də öz şəbəkələrini hörməkdədirlər...

Sözsüz ki, Bakı böyük diplomatik fəallıq göstərir. Amma uzaq dostların dsətəyi diplomatik bəyanatlardan o tərəfə getmir.

İndi çox gərgin vəziyyət yaranıb və biz bunu bir az əvvəldə qeyd etdik. İşğal altında olan rayonları azad edərkən biz Ermənistanla vuruşurduq. İndi isə qarşımızdakı Rusiyadır, hansı ki, hərbi-siyasi ruletkasını təzədən bizə qarşı fırlada bilər. Moskva üçün heç nə dəyişməyibdi. Doğrudan da proseslər otuz il bundan əvvəlkı olayları xatırladır. O vaxt da hər şey formal olaraq ondan başladı ki, ermənilərin Topxana meşəsinin qiymətli ağaclarını qırması haqqında xəbərlər yayıldı. O vaxt da ilk dəfə olaraq Dağlıq Qarabağa yolumuzun üstündə rusları gördük. Daha sonra xüsusi idarəetmə komitəsi, Arkadiy Volskilər peyda oldu. Və Dağlıq Qarabağ bizim üzümüzə bağlandı. İkinci Qarabağ savaşı da Dağlıq Qarabağın əsas hissəsini bizim üzümüzə açmadı, çünki Dağlıq Qarabağda ya biz olmalı idik, ya da ruslar, hansılar ki, tarixləri boyu geosiyasi alturizmlə və ya xeyriyyəçiliklə məşğul olmayıblar, həmişə öz maraqlarını güdüb və özləri üçün çalışıblar...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR