İnsanlara hürriyət, millətlərə istiqlal!

Nirvanaya çatmış oğru

16044 12.11.2022 08:00 Yazarlar A A

 

“Meşədə ağacın düzün seçərlər”

(ata sözü)

Öncə keçən nömrədəki “Hasın xatırlanması” yazıma gələn iki münasibəti dərc etmək istəyirəm. Qarabağ qazisi, Ağsu rayon Pirhəsənli kənd sakini Məğrub Bədəlsoy yazır: “Bizim kənddə o has adlandırdığınız heyvana pars deyirdilər”. Maraqlı şərhdir. Xüsusilə son geopolitik münasibətlər zəminində diqqətimi çəkdi. Füzuli rayonundan tanınmış seyid, türk dünyasının ünlü öncəgörəni, cəddinə qurban olduğum Yalçın İslamzadə isə mənim hasın ələ keçməzliyi haqda şərhimə bir növ tənqidi yanaşıbdır: “Biz (uşaq vaxtı) bir dəfə o hası izləyib yuvasını tapmışdıq. Söyüd ağacının təpəsində, quş yuvası kimi yuvası var idi. Bəlkə də hansısa quşu qovub özü ora yerləşmişdi. Nə qədər balası var idi, saysız hesabsız”. Sitatın sonu. Araşdırmalarımız davam edir, növbəti məktubu Zoologiya İnstitutundan gözləyirəm.

Mövzu isə əlbəttə, yenə Rəşad Dağlı cinayətidir. Ziddiyyətli xəbərlər axır, eynilə yapon yazıçısı Akutaqavanın “Cəngəllikdə” hekayəsində qətlin azı 4 həqiqətə uyğun versiyasının ortaya çıxması əhvalatı kimi şeydir. Vurulan bıçaq sayı da fərqli göstərilir: doqquz, yeddi, səkkiz, on dörd rəqəmləri səslənmişdir. Ola bilsin burada nəsə şifrə var. O cümlədən, bəzi KİV-lərin guya istintaq materiallarını artıq əldə edib yayması düşündürücüdür. Sanki istintaq sirri-zad anlayışı ləğv olunubdur, müstəntiqlər alınan ifadələri dərhal mətbuata, internetə çıxarır. Xeyir ola? Məqsəd nədir? Bu şəffaflığa görə nəyə borcluyuq?

Yeri gəlmişkən, dünən bir ev oğrusu haqda xəbər oxudum. Deyir bu yoldaş 50 evi soymuşdur. Axırıncı soyduğu evdə isə şəxsiyyət vəsiqəsini düşürmüşdür, buna görə ələ keçmişdir.

Məncə adam şəxsiyyət vəsiqəsini orda qəsdən atıb gedib, çünki daha oğurluqdan bezibmiş. Axı nə qədər ələ keçmədən oğurluq etmək olar? Bir ev deyil, beş ev deyil... Əlli ev. Zarafat gəlməsin. Ölkəmizdə elə adam var şəxsi evinə heç o qədər sayda düzgün girə bilmir, gəl gör yad evlərə əlli dəfə oğurluğa girəsən və üstəlik səni tutan olmaya. Bu da axırda əldən düşüb, apardığı qızıllardan, pullardan doyub, nirvanaya çatıb, vəsiqəsini cinayət yerinə atıb ki, gəlin məni aparın. Arxayınçılıqdan da ola bilər, ancaq mən daha çox bezginlik variantına səs verirəm. Eyni işi uzun müddət, təkrarən görəndə insanlar əldən düşürlər. Gərək əlaqədar orqanlar gələcək fəaliyyətlərində bu kimi halları nəzərə alsınlar. Ev oğurlayanlar hərdən narkotik satsın, cibgirlər adam bıçaqlasın, şairlər nəsrlə məşğul olsun, jurnalistlər mətbuat xidmətində işləsin, prokurorlar təmsil yazsın, bələdiyyə seçkilərinə namizədlər irəli sürülsün və sairə.

Dəyişiklik, rəngarənglik önəmlidir. Böyük türk şairi Nazim Hikmət demişkən: “Gözəl günlər görəcəyiz, cocuqlar. Motorları maviliklərə sürəcəyiz”. Düzdür, o “ə” hərfinin hamısının yerinə “e” yazıbdır, çünki Türkiyədə bu hərf yoxdur. Ona görə Türkiyədə hansısa rəis adam döyəndə ona müraciət üçün “əəə” deyə bilmir, “eee” deyir. Gələcəkdə, ortaq türk dili yarananda bunu nəzərə almalıyıq. 

Lənkəran polisinin Bakıda tutduğu cinayətkar haqda əhvalat da çox maraqlıdır, hesab edirəm oxucularımız buna diqqət yönəltməyə borcludur. 1998-ci il yanvar ayının 12-də haqqında axtarış qərarı verilən Rizvan Həsənov adlı yoldaşdan söhbət gedir. Onun nəyə görə axtarıldığını bilmirəm. Xəbərdə də törədilən cinayətin maddəsi yazılmamışdır. Lakin diqqət edin, qardaşımız 24 ildir axtarışda imiş! Bu qədər gizlənmək bizə asan gəlməsin. Azərbaycan kimi balaca, hamının bir-birini tanıdığı, bir-biriylə quda, bacanaq, kirvə, yeznə, gəlin, qayınata olduğu ərazidə kimsə 24 il gizlənibsə, görəsən əlaqədar orqanlar nə iş görürmüş?

Güman edirəm Rizvan müəllim nəhayət bezib təslim olmaq qərarına gəlmişdir. Bunu da yüngülləşdirici hal olaraq nəzərə almalıyıq. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR