İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Trampın yanına gedir- İran üçün son gün?

739 10.02.2026 18:12 Siyasət A A

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı ABŞ-a səfər edəcək. Səfərin əsas məqsədinin İranla nüvə danışıqları və İsrailin mövqelərini Amerika ilə müzakirə etmək olacağı qeyd edilir. Netanyahu bildirib ki, bu danışıqlar yalnız İsrail üçün deyil, dünyadakı hər bir ölkə üçün əhəmiyyətlidir.

O, bununla nə demək istəyir?

Səfər çərçivəsində Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında bir sıra mühüm məsələlər müzakirə olunacaq. Xüsusilə, İranla nüvə proqramı, Qəzza bölgəsindəki vəziyyət və İsrail-ABŞ strateji əlaqələri gündəmdə olacaq. Baş nazir həmçinin vurğulayıb ki, onun Trampla dəfələrlə keçirilmiş görüşləri İsrail-ABŞ münasibətlərində unikal şəxsi yaxınlığın göstəricisidir.

İndiki vaxtda Netanyahunun Vaşinqtona səfər qərarı verməsi nədən qaynaqlanır? İranın vurulması məsələsi reallaşa bilərmi? Baş nazir Trampdan icazə almaq üçün Birləşmiş Ştatlara yollanıb? 12 günlük savaş təkrarlana bilərmi?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, Netanyahunun Trampla görüşündə İran məsələsinin əsas müzakirə predmeti olacağı şübhəsizdir:

242a99b1-30d9-4559-b327-3cf03a61.jpg (36 KB)

“Belə ki, Netanyahu ABŞ-İran danışıqlarında yalnız nüvə məsələlərinin müzakirə edilməsindən narazıdır və İranın ballistik raket proqramını da İsrail üçün ciddi təhlükə kimi qiymətləndirir. O, hətta İsrailin ballistik raket sistemlərinə görə İrana təkbaşına zərbə vurmaq niyyətindən də danışıb, bu da ABŞ-ı daha sərt tədbirlər görməyə inandırmaq məqsədini daşıyır. Bu səfər diplomatik baxımdan İsrail-ABŞ strateji tərəfdaşlığını yenidən göstərir. Uzun illərdir ki, iki ölkə ortaq təhlükəsizlik maraqları çərçivəsində hərbi və siyasi dialoqa əsaslanır və bu görüş İranla aparılan nüvə danışıqlarının gedişatına təsir edə bilər.

Netanyahunun məqsədi ABŞ-ı İranın raket proqramına qarşı daha sərt addımlar atmağa inandırmaqdır. Netanyahu istəyir ki, İranla razılaşma olacağı təqdirdə, bu razılaşmanın İsrail təhlükəsizliyi üçün qənaətbəxş olması təmin edilsin. Donald Tramp administrasiyası isə ehtiyatlı mövqedədir. ABŞ regionda balansı pozmadan, daha çox diplomatik və iqtisadi təzyiq vasitəsilə İranın nüvə proqramına müdaxilə etməyi üstün tutur. Buna baxmayaraq, görüşdə İsrailin hərbi imkanları, ABŞ-ın dəstəyi və mümkün birgə əməliyyatlar da müzakirə oluna bilər.

Səfərdə həm də Qəzza ilə bağlı məsələlər gündəmə gələcək. Netanyahu sərhəd təhlükəsizliyi, raket hücumlarının qarşısının alınması və regionda stabilliyin qorunması məsələlərini müzakirə edə bilər. Məlumatlara görə, İndoneziyanın Sülh Şurası çərçivəsində qoşunlarını Qəzzaya yerləşdirməsi gözlənilir, bu isə İsrail üçün həm imkan, həm də risk yaradır. Netanyahu bu kontekstdə həm hərbi təhlükəsizlik, həm də diplomatik balansı nəzərə alaraq danışıqları aparacaq.

Bu görüş regional diplomatiyanın istiqamətini müəyyənləşdirmək baxımından da əhəmiyyət daşıyır. Belə ki, İranla müzakirələrin nəticələri qonşu ölkələrin təhlükəsizlik strategiyalarına, enerji bazarına və qlobal güc balansına təsir edə bilər. İsrailin Baş nazirinin səfəri həm də daxili və beynəlxalq siyasi mesaj daşıyır deyə bilərik. O, ABŞ ilə əlaqələrin güclü olduğunu nümayiş etdirməklə yanaşı, İran məsələsində də İsrailin prinsipial mövqeyini dünyaya çatdırmaq istəyir. Odur ki, Netanyahu-Tramp görüşü İranın nüvə proqramı və raket sistemi, regional güc strukturu və Qəzza ilə bağlı məsələlərin qarşılıqlı müzakirəsini əhatə edəcək deyə bilərik. Müzakirələrin mərkəzində isə İran dayanacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR