İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondu hər ay 1 milyard itirir

3397 02.11.2022 10:10 İqtisadiyyat A A

Görünən odur ki, ortada çox böyük itki var...

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlayıb. Məlumatdan bəlli olur ki, ortada çox böyük itki var.

Neft Fondunun aktivlərinin indiki dəyəri 45 milyard 386 milyon dollardır. Bu, 0.80 faiz artımdan sonra belə olub. Məsələn, ötən ilin ilk 9 ayında fondun aktivləri 1.52 faiz artmışdı. Həmin məlumatda qeyd edilir ki, bu ilin ilk 9 ayında ARDNF-nin büdcə gəlirləri 11 milyard 365,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 566,9 milyon manat təşkil edib. Ancaq Neft Fondu bu il ərzində  hər ay orta hesabla 1 milyard manat ziyana düşüb. Ötən 9 ay ərzində fondun aktivlərinin dəyərsizləməsindən və valyuta məzənnələrinin dəyişməsindən itkiləri 8 milyard 706 milyon 200 min manat olub.

Görünən odur ki, ortada çox böyük itki var. Maraqlıdır, nə baş verir? Bir belə itkidən yayınmaq mümkün idimi?

Ekspert  Rəsul Cahangirli “Bakı-xəbər”ə Neft Fondunun itkilərini bir sıra səbəblərlə, əsasən də beynəlxalq maliyyə bazarlarında gedən proseslərlə əlaqələndirib: “Azalmanın əsas səbəbi valyuta məzənnələrində yaşanan dəyişikliklərlə bağlıdır. Neft Fondunun ehtiyatları əsasən dollarda saxlanılsa da, müəyyən hissəsi digər valyutalarda saxlanılır. Avronun məzənnəsi Ukraynada gedən müharibəyə görə aşağı düşdüyü üçün bu, fondun ehtiyatlarına mənfi təsir edib. Ötən 9 ay ərzində Neft Fondunun aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişiklikləri baş verib. Nəticədə 4 milyard 521,0 milyon manat azalma olub. Fondun ən böyük itkiləri Rusiya və Türkiyədə yerləşdirdiyi aktivlərdən, eləcə də avro və funt sterlinqlə valyutaların dollara nəzərən məzənnəsindəki dəyişikliklərdən yaranıb. Neft Fondunun investisiya portfelinin 70.8 faizi dollarla, 19 faizi avro ilə, 4.7 faizi funt-sterlinqlə saxlanılır. Portfeldə ilk üç yeri tutan valyutadan ikisi - avro və funt-sterlinq son aylarda dollar qarşısında ciddi dəyər itirib. Ucuzlaşmalar Neft Fondunun valyuta ilə bağlı itkilərini ortaya çıxarıb. Eyni zamanda ABŞ dolları portfelinin təxminən 12 faizlik bölümü qızıl investisiyalarından ibarətdir. Fondun Azərbaycan manatında saxladığı vəsaitin həcmi isə cəmi 730 milyon manatdır. Fondun investisiya portfelinin 80 faizə yaxını istiqraz və səhmlərdən, 14 faizə yaxını qızıldan, 6 faizə yaxını isə daşınmaz əmlakdan ibarətdir. Görünən odur ki, Neft Fondunun vəsaitlərinin idarə olunmasında yetərincə peşəkarlıq və çeviklik ortaya qoyulmayıb. Əgər vaxtında çevik idarəetmə olsaydı, bu qədər maliyyə itkisi olmazdı. O üzdən hesab edirəm ki, Neft Fondunun vəsaitlərinin maksimum səmərəli idarə olunmasına ehtiyac var”.

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR