İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondu 3,5 milyard zərər etdi  

1680 18.07.2022 17:59 İqtisadiyyat A A

 

Cari ilin altı ayında Azərbaycan Dövlət Neft Fondunun büdcə gəlirləri 6 milyard 935.2 milyon manat, büdcə xərcləri isə 4 milyard 663.2 manat təşkil edib.

Fonddan Musavat.com-a verilən məlumata görə, bu dövrdə Fond  neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 10 milyard 369.2 milyon manat gəlir əldə edib.

 Bunun 9 milyard 588,6 milyon manatı mənfəət neftinin və qazın satışından, 768.7 milyon manatı bonus ödənişlərindən, 7.2 milyon manat tranzit haqqından, 4.7 milyon manatı akrhesabı ödənişlərdən daxil olub.

Altı ayda Neft Fondu dövlət büdcəsinə 4 milyard 648 milyon manat transfert edib. Daha 4,2 milyon manat “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə xərclənib. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 11 milyon manat təşkil edib.

2022-ci ilin ilk yarısında Neft Fondu  aktivlərindən 3 milyard 434 milyon manat zərərə düşüb. Daha 1 milyard 793,3 milyon manat valyuta məzənnələrinin dəyişməsindən yaranan zərər olub. Fond bu zərəri dünya iqtisadiyyatında baş verən təlatümlərlə izah edir: “Hal-hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşmür. Belə ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, uzun zamandan bəri kifayət qədər aşağı inflyasiya göstəriciləri ilə xarakterizə olunan inkişaf etmiş ölkələrdə son qırx ilin ən yüksək qiymət artımının qeydə alınması, o cümlədən geo-siyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır. Daha əvvəllər də qeyd edildiyi kimi, beynəlxalq maliyyə bazarları qlobal iqtisadiyyatın güzgüsüdur və bu qədər qeyri-müəyyənliyin yaşandığı bir dövrdə maliyyə bazarlarının da analoji reaksiyası labüd bir haldır. Nəticə etibarilə ABŞ-də cari ilin ilk rübündə iqtisadi artımda geriləmə, Avrozona və Böyük Britaniya kimi region və ölkələrdə olduqca cüzi iqtisadi artım, çox yüksək inflyasiya meylləri, habelə mərkəzi bankların yürütdüyü qeyri-tarazlı sərt monetar siyasət qeyri-ənənəvi bir hal olan və tarixdə çox nadir hallarda rast gəlinən həm qlobal səhm, həm də istiqraz indekslərinin dəyərlərində kəskin enmə və valyuta məzənnələrində çox ciddi dəyişkənlik müşahidə olunub. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti mənfi fərq kimi öz əksini tapmaqdadır”.

Bu zərər nəticəsində 2022-ci il iyunun 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025.1 milyon ABŞ dolları) nisbətən cəmi 0.63 faiz artaraq 45 306.8 milyon ABŞ dolları təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR