İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında yeni çalxalanma - qiymətlər üzüaşağı gedir

2148 29.11.2022 09:10 İqtisadiyyat A A

Fransızların “fransızca” yalanı; Rusiya nefti 50 dollara qədər ucuzlaşıb...

Dünya neft bazarında qiymətlər kəskin şəkildə aşağı düşməkdədir. Noyabrın 28-də birjalarda Brent markalı neftin bir bareli 81 dolların, WTI  nefti isə 73 dolların altına düşüb. Bazardakı bu enişin əsas səbəbləri sırasında qlobal iqtisadiyyatda resessiya və böhran gözləntiləri, həmçinin Çində baş verən proseslərdir.

Qeyd edək ki, qlobal iqtisadiyyatda resessiya gözləntiləri payız dövründə daha da güclənib. Dünyanın əsas iqtisadi mərkəzləri olan ABŞ və Avropada inflyasiyanın rekord həddə çatması onun cilovlanması üçün sərt monetar siyasətin yürüdülməsinə, mərkəz bankların uçot dərəcələrini kəskin artırmasına səbəb olub. Bu siyasət iqtisadiyyata investisiya qoyuluşlarının azalması, bu isə istehsal və sənaye sahələrində iqtisadi genişlənmənin dayanması təhlükəsini yaradır. Bütün beynəlxalq analitik mərkəzlər bu şərtlərin qlobal resessiyaya səbəb olacağına dair proqnozlar verməkdədirlər. Dünyanın daha bir iqtisadi mərkəzində - Çində pandemiyanın yenidən alovlanması, hökumətin ən sərt məhdudiyyətləri nəzərdə tutan “sıfır yoluxma” siyasətini davam etdirməsi bu ölkədə iqtisadi artımın ciddi şəkildə azalması təhlükəsini getdikcə artırır. Noyabrın 26-27-də Çində əhalinin hökumətin bu siyasətinə etiraz olaraq kütləvi etiraz aksiyalarına başlaması dünyanın ikinci ən böyük iqtisadiyyatında problemlərin dərinləşməsi təhlükəsini formalaşdırır. Bütün bunlar yaxın və ortamüddətli perspektivdə xammal bazarlarında, o cümlədən neft bazarında tələbin kəskin azalmasına gətirib çıxara bilər. Artıq əksər bazarlar baş verən proseslərə reaksiya verib: qaz istisna olmaqla, bütün  xammalların qiymətində azalma müşahidə olunur.

Oil tumbles as much as 10%, breaks below $100 as recession fears mount

Qlobal iqtisadi-siyasi proseslərə həssas olan neft bazarında da tələbin azalması ehtimalları qiymətləri üzüaşağı çəkməkdədir. Bu bazara qiymətazaldıcı təsir edən digər amil ABŞ-ın “Chevron” şirkətinə Venesuelada neft hasilatını bərpa etməsinə icazə verməsidir. Düzdür, bu icazə dərhal bazara iri həcmlərdə neftin çıxarılmasına imkan vermir, lakin yaxın bir neçə ay ərzində də olsa, Venesuela neftinin  bazara qayıtması bazar üçün ciddi siqnal hesab olunur.

Nəhayət, iri neft treyderləri Avropa İttifaqı və G-7 ölkələrinin dekabrın 5-dən Rusiya neftinə tətbiq edəcəkləri qiymət tavanı ilə bağlı prosesləri yaxından izləyirlər. Ötən həftə Avropa İttifaqı ölkələri iki gün müzakirə etsələr də, qiymət tavanının yuxarı həddi ilə bağlı razılığa gələb bilmədilər. Belə ki, Polşa və Baltik ölkələri tavanın yüksək həddinin 60 dollardan yuxarı olmamasında, tanker donanması Rusiya neftinin daşınmasından yüksək qazanc əldə edən Yunanıstan isə 65-70 dollar civarında olmasında təkid edirlər. Avropa İttifaqının Rusiya neftinə bağlı qiymət tavanına dair qərar qəbul etmək üçün bir həftə vaxtı var. Bu həftə ərzində yekun qərar əldə olunmalıdır.

Qeyd edək ki, dekabrın 5-dən Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə neft alışını qadağan edən qərarı da qüvvəyə minir. Bu qərar tavan qərarı ilə birlikdə qüvvəyə mindikdən sonra müəyyən edilmiş tavandan yuxarı qiymətə alınan Rusiya neftinin daşınması, ticarətinin Avropa və G-7 mənşəli şirkətlər tərəfindən sığortalanması, maliyyələşdirilməsi qəti qadağan olunacaq. Nəzərə alsaq ki, dünya tanker daşımalarının 98 faizdən yuxarısı məhz Avropa İttifaqı və G-7 ölkələrinə məxsus şirkətlər tərəfindən sığortalanır və maliyyələşdirilir, onda Rusiyanın bu qadağadan yayına bilməsinin mümkün olmadığını görərik.

Maraqlıdır ki, Avropa İttifaqı və G-7-nin qərarları qüvvəyə minməzdən əvvəl Rusiyanın dünya bazarına çıxardığı Urals markalı neftin qiyməti kəskin ucuzlaşıb. "Arqus" qiymət agentliyinin açıqladığı məlumata əsasən, Qara dəniz və Baltik limanlarından yüklənən Rusiya neftinin 1 bareli 52 dollara satılır. Bu, 2020-ci ildən bəri ən aşağı qiymətdir. Rusiya dövlət büdcəsindən nəzərdə tutulan 70,1 dollardan isə az qala 30 faiz aşağıdır. Bu şəraitdə Avropa İttifaqı və G-7 ölkələrinin 65-70 dollarlıq tavan qərarının Rusiyaya hansısa təsiri olmayacaq. Məhz buna görə də Polşa və Baltik ölkələri daha aşağı qiymət tavanında təkid edirlər.

Rusiya ən yüksək səviyyədə bəyan edib ki, neftini tavan qərarına əməl edən ölkələrə satmayacaq. Hətta Moskvanın təkidi ilə OPEK+ alyansı noyabrın 1-dən gündəlik hasilatı 2 milyon barel azaltmağa dair qərar qəbul edib. Rusiya bununla Avropa İttifaqı və G-7 ölkələrini qiymət tavanı tətbiqindən çəkindirməyə çalışırdı. Lakin müşahidələr göstərir ki, OPEK+ ölkələrinin heç biri hasilatı azaltmayıb. Üstəlik, Liviyadan ixrac qaydasına düşüb, Venesuela nefti bazara qayıdır. Belə bir şəraitdə Rusiyanın neft satışından imtina etməsinin bazara ciddi təsirinin olmayacağı ehtimalı böyükdür.

Neftin qiyməti artıb

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib: “Hazırda Brent markalı neftin 1 barelı 81.50 dollara təklif olunur. Qeyd edək ki, noyabrın ilk günündə qiymət 99.0 dollara yaxın idi. OPEC + alyansı isə hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir. Praktik olaraq, dünya neft içərisində "üzür". Təkliflə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir. Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədən yenidən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan kəskin karantin rejimində yaşayır.

Neftin qiymətindəki son azalmalar eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".

Millət vəkilinin fikrincə, neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir: “Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.

Onu da qeyd edək ki, Ermənistanın əsas müdafiəçilərindən biri olan Fransa mətbuatında Azərbaycan əleyhinə böhtan dolu  materiallar ara vermir. Son olaraq “Atlantico” portalı Azərbaycanın Rusiyaya neft ixracına qoyulan sanksiyalardan yayınmaqda yardım etdiyinə dair açıq böhtan xarakterli iddia ilə çıxış edib. Müəlliflər iddia edirlər ki, Azərbaycan Rusiya neftini Avropya ötürən tranzit məntəqəsinə çevrilib. Guya ölkəmiz şimal qonşunun neftini Avropa İttifaqının qadağalarını pozaraq Avropa bazarlarına çıxarmaqla külli miqdarda qazanc əldə edir. Portal müəllifləri bilmirlər ki, Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə ixrac olunacaq neftlə bağlı qadağa qərarı hələ dekabrın 5-dən qüvvəyə minir. Ona qədər Rusiyadan dəniz yolu ilə neft alışına hər hansı qadağa yoxdur və son iki ayda Fransa Rusiyadan ən çox neft alan ölkələr sırasındadır. O cümlədən İspaniya, İtaliya və digər Avropa ölkələri də Rusiyadan neft və neft məhsulları alırlar.

“Antlantico”nun böhtançı müəllifləri unudurlar ki, Azərbaycandan Avropaya neftin nəql olunduğu Bakı-Tiflis-Ceyhan neft kəmərinin səhmdarları arasında Fransanın neft  nəhəngi olan “Total” da var. Və bu kəmərlə hansı ölkənin nə qədər neftinin nəql olunduğundan həmin şirkət nəql başlanmazdan daha əvvəl məlumatlı olur. Çünki BTC  ilə Azərbaycandan kənar ölkələrin neftinin nəqlinə dair qərarı məhz səhmdarlar verirlər. Bu proses tərəflər arasında ictimaiyyətə açıqlanan müqavilə əsasında həyata keçirilir.

Azərbaycan indiyədək Rusiya və digər ölkələrlə ticarətini açıq həyata keçirib. Məsələn, ötən həftə “Qazprom”la SOCAR arasında 1 milyard kubmetr qaz alqı-satqısına dair məlumat açıqlanıb. Ondan əvvəlsə Azərbaycan svop yolu ilə Türkmənistandan 2 milyard kubmetr qaz alınmasına dair müqavilə imzalayıb və icrasına başlayıb. Bu alışlar Avropanın qışda donmaması üçün ora qaz nəqlini artırmaq məqsədilə həyata keçirilir.

Nəhayət, Azərbaycanın neft hasilatı və ixrac göstəriciləri daim açıqdır. Son rəsmi məlumata əsasən, bu ilin on ayında Azərbaycanda 27,2 milyon ton neft hasil olunub ki, bunun da 21,9 milyon tonu ixraca nəql edilib. Ötən ilin eyni dövründə ölkədə neft hasilatının 28,7 milyon ton olduğunu nəzərə alsaq, bu ilin on ayında hasilatın illik ifadədə 5,2 faiz azaldığını görürük. Yəni Azərbaycan hasilat, daxildə emal və ixrac həcmlərini müntəzəm olaraq açıqlayır. Daha bir məqam budur ki, dünyada ən təmiz neft Azərbaycan nefti, ən çirkli neft isə Rusiya neftidir. Uralsla Azeri Light arasında 50 faizdən yuxarı qiymət fərqi var. Avropa deyil, dünyanın bütün nöqtələrində bu iki neftin fərqini bilirlər. Yəni fransız yazarlar məlumatlı olmadıqları məsələ üzərindən Azərbaycana hücum edərkən bir qədər araşdırma apara bilərdilər.

Fransız və digər müəlliflər üçün xatırlatma edək ki, Rusiyanın sanksiyalardan yayınmasına yardım  edən əsas ölkələrdən biri elə Ermənistandır. Artıq Avropa İttifaqının Ermənistanın Rusiyaya ixracı qadağan olunmuş bir sıra texnikanın ikili çatdırılmasını təşkil etməsindən narahatlıq keçirdiyinə dair məlumat yayılıb. “Bloomberg”in yaydığı məlumata görə,  Avropa İttifaqı Rusiyanın Ermənistan üzərindən aldığı məişət texnikalarının bəzi hissələrindən hərbi məqsədlərlə istifadə etdiyi qənaətindədir. “Evrostat”ın məlumatına əsasən, Ermənistan bu ilin yanvar-avqust aylarında Avropa İttifaqından son iki ildəkindən daha çox paltaryuyan maşın idxal edib.

“Bloomberg” qeyd edir ki, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından bu ölkəyə elektrik südsağan aparat ixracında da ciddi artım baş verib. Halbuki Ermənistanda doğum sayı 2021-ci ilə nisbətən azalıb.

Noyabrın əvvəlində isə ABŞ Maliyyə Nazirliyi Rusiyanın elektronika istehsalı sektorunda çalışan “Milandr” şirkətinin Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC-ni sanksiya siyahısına salıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR