İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlərin Vaşinqton görüşündən əsas gözlənti - gələn həftə...

378 24.06.2023 15:54 Siyasət A A

Ekspert: “Ermənistan, sadəcə, ABŞ-ın təzyiqi qarşısında dialoqa hazır olduğu görüntüsü yaradır”

Azərbaycan və Ermənistan XİN rəhbərləri gələn həftə Vaşinqtonda görüşəcək. APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə gələn həftə Vaşinqtonda baş tutacaq Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini açıqlayıb. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək.

Bəs gələn həftə keçirilən görüşün hansısa real nəticələri olacaqmı? Paşinyanın bu fikri səmimidir, yoxsa ənənəvi vaxt uzatmaq ssenarisinin davamıdır?

Ermənistan Brüsseldə gözlədiyi dəstəyi əldə edə bilməyəcək” -

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, may ayında Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı kifayət qədər sıx və gərgin qrafiki müşahidə etsək də məhz mayın 25-də Rusiyada Prezident Vladimir Putinin təşəbbüsü ilə lidelər arasında keçirilən görüşdə Ermənistan tərəfinin göstərdiyi destruktiv mövqe, təxribatçı davranış münasibətlərin tənzimlənməsinə yaranan ümidləri yenə də puça çıxardı: “Nəticə etibarilə xarici işlər nazirlərinin iyunun 12-də keçiriləcək görüşləri də mənasını itirmiş oldu. Çünki Azərbaycanla bir sıra prinsipial məsələlərin həllində fikir ayrılığının qaldığını bəyan eləyən Ermənistan tərəfinin danışıqları nəticəyönümlü deyil, yalnız görüntü məqsədilə keçirməyə çalışdığı aydın idi. Belə vəziyyətdə isə görüşləri davam etdirməyin mənası qalmırdı. Ona görə də Vaşinqtonun təşəbbüsü ilə xarici işlər nazirləri səviyyəsində gələn həftə keçiriləcək görüşdə də hər hansı ciddi nəticənin əldə olunması o qədər də inandırıcı görünmür.

Ermənistan ona edilən beynəlxalq təzyiqlərin, xüsusilə də Qərb platformalarında, həm Vaşinqton, həm də Brüssel formatı çərçivəsində edilən təzyiqləri müəyyən qədər sığortalamaq, kompensasiya etmək üçün sülh danışıqlarına hazır olduğunu həm də nəticəyönümlü danışıqlara hazır olduğu görüntüsünü yaratmağa çalışır. Amma təbii ki, bu məkrli planlarında Azərbaycanla indiki şərtlər altında sülh danışıqlarına hazır olduğu üzə çıxır. Dumanlı havada azaraq Ermənistan ərazisinə keçən Azərbaycan əsgərinə bu həftə 20 il həbs cəzasının verilməsini, Naxçıvanla sərhəddə ekologiyaya çox ciddi ziyan vura biləcək metallurgiya zavodunun tikilməsi istiqamətində atılan addımları, Ermənistan xarici işlər nazirinin müavininin “biz Azərbaycanla bir çox prinsipial məsələlərdə razılıq əldə edə bilməmişik” fikri Ermənistanın danışıqlar prosesində nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir. Eyni zamanda iyunun əvvəllərində baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşlərdə də Ermənistanla Azərbaycan arasında nəqliyyat, kommunikasiya, iqtisadi əlaqələrin açılmasının müzakirə edilməsi, lakin heç bir nəticənin əldə olunmaması da İrəvanın danışıqlarda səmimi olmadığını göstərir.

Ermənistan yenə də Azərbaycanla sülh danışıqlarını, nəqliyyat-kommunikasiya əlaqələrinin vacibliyini yalnız ritorikada bəyan edir. Amma real işlərə gələndə biz hələ ki Ermənistan tərəfindən hər hansı xırda olsa belə real praktiki addımın atıldığını müşahidə etmirik. Bütün bunlar onu deməyə imkan verir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçiriləcək görüşdə də eyni vəziyyət təkrarlanacaq. Yəni həmişəki bəyanat səslənəcək və nəticə olmayacaq. Ermənistan, sadəcə olaraq, ABŞ-ın təzyiqləri qarşısında dialoqa hazır olduğunu göstərmək istəyir. Lakin danışıqlarda nəticə əldə olunması üçün gücə, iradəyə malik deyil. Ermənistan ən azı sentyabr ayında İrəvanda mer seçkiləri başa çatanadək sülh sazişi istiqamətində real ciddi praktiki addım atmaq istəmir".

Politoloq onu da dedi ki, Nikol Paşinyan Qərbdən Azərbaycanla sülh sazişi imzalandıqdan sonra həyatına və hakimiyyətinə yarana biləcək təhlükələrlə bağlı təhlükəsizlik təminatı əldə etməyə çalışır: “Hazırda proseslərin təhlili onu göstərir ki, həm ABŞ, həm də Avropa İttifaqı Paşinyana fiziki və hakimiyyət təhlükəsizliyi təminatını vermək mövqeyindən hələ uzaqdır. Bunu dərk eləyən Paşinyan isə Azərbaycanla sülh müqaviləsinin müzakirə mərhələsini mümkün qədər uzatmağa çalışır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR