İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən sülhlə bağlı pozitiv bəyanat - Bayramovun nikbinliyinin səbəbləri

1159 22.06.2023 09:41 Siyasət A A

Siyasi şərhçi: “Rusiyanın sülh sazişinin Qərbin vasitəçiliyi ilə imzalanmasına kəskin etiraz etməsi və belə bir addımın atılacağı təqdirdə Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etmək ehtimalı Paşinyanı qorxaq davranmağa məcbur edir”

Ermənistanın son zamanlar xarici təsir dairələrinin, bölgədə sülh istəməyən güclərin də təşviqi ilə intensivləşən təxribatlarına, davamlı olaraq mövqelərimizi atəşə tutmalarına rəğmən Azərbaycan maksimum səbrli davranır və bütün səylərini sülh danışıqlarının pozulmamasına, nəticələrə nail olmağa yönəldib.

Xarici işlər naziri  Ceyhun Bayramovun ötən gün verdiyi bir açıqlama da bunun əyani təsdiqidir. 

“Ermənistanla Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb”. Bunu C.Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında deyib.

Nazir Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda marağını qeyd edib.

“Bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib”, - deyə nazir bəyan edib.

XİN başçısının bu açıqlaması əlbəttə ki, təsadüfi deyil. Mümkündür ki, hələlik ictimaiyyətə açıqlanmayan detallar var və bütün bunların fonunda yaxın zamanlarda hansısa bir sənədin imzalanmasının şahidi ola bilərik. Həmçinin onun artıq tərəfdaşları açıq şəkildə Qarabağda iqtisadi əməkdaşlığa dəvət etməsi də böyük bir mesajdır.

Nazirin bu mesajlarını necə qiymətləndirmək mümkündür? Adətən hər dəfə sülhə yaxınlaşanda Ermənistan bunu pozub. Bu dəfə təminat varmı ki, sülh danışıqlarını pozmayacaqlar? Nazirin nikbinliyinin səbəbləri nədir?

Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi qürurlandırdı

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, əslində Ermənistan hakimiyyəti son bir ildə uzun müddət “sülh sazişi”nin imzalanmasına mane olan əsas əngəlləri qaldırıb: “Baş nazir N.Paşinyan əvvəlcə Avropa Siyasi Birliyinin Praqa sammitində, sonra Soçi görüşündə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını öz imzası ilə təsdiq etdi. Üstəlik, həmin sənədlərə o, təklikdə deyil, öz əsas havadarları - Fransa və Rusiya prezidentləri ilə birlikdə imza atdı. Ermənistan lideri bununla kifayətlənməyib açıq şəkildə Qarabağ ermənilərinin nəzərinə çatdırdı ki, kifayət qədər çətin durumda olan respublika üzərinə əlavə yük götürmək və onları əvvəlki kimi müdafiə etmək iqtidarında deyil. Onu da əlavə etdi ki, sülh ermənilərin əsas gündəliyi olmalıdır, əks halda, həm Ermənistan, həm də Qarabağ məhv ola bilər. Bugünlərdə Nikol Paşinyan növbəti etirafını edərək Azərbaycanın 8 kəndini qaytarmaq məcburiyyətində olduqlarını bəyan etdi və sülh sazişinin önündən daha bir əngəli götürdü.

Bəs əsas əngəllər götürüldükdən sonra sazişin imzalanması niyə ləngiyir və çatışmayan nədir? Bu suala Azərbaycan Prezidenti aydınlıq gətirdi və söylədi ki, sülh sazişinin imzalanması üçün siyasi iradə lazımdır. Məhz Ermənistan rəhbərində siyasi iradənin olmaması sülh prosesini ləngidir".

Siyasi şərhçinin sözlərinə görə, heç kimə sirr deyil ki, erməni müxalifəti nə qədər zəif olsa da Nikol Paşinyanın da əhali arasında nüfuzu son dərəcə aşağıdır. Son rəy sorğuları əhalinin yalnız 15 faizinin onu dəstəklədiyini göstərdi. Həm bu amil, həm də Rusiyanın sülh sazişini Qərbin vasitəçiliyi ilə imzalamasına kəskin etiraz etməsi və belə bir addımın atılacağı təqdirdə hakimiyyət dəyişikliyinə cəhd etmək ehtimalı Paşinyanı qorxaq davranmağa  məcbur edir: “Danışıqlar prosesində müxtəlif "yeni təkliflər"in ortaya çıxması Ermənistan rəhbərliyinin mümkün qədər vaxt qazanmaq və sazişin imzalanmasını ən azı ilin sonuna qədər uzatmaq istəyi ilə bağlıdır. Bu məqsədlə hər dəfə Azərbaycanın qəti qəbul etməyəcəyi şərtlər irəli sürülür və danışıqlar dalana dirənir. Bir neçə gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan açıq şəkildə etiraf etdi ki, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlər vasitəsilə təmin olunması tələbi olmasaydı, "sülh sazişi"ni 3-4 dəfə imzalamaq olardı". Göründüyü kimi, Ermənistan bir tərəfdən Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etdiyini bəyan edir, digər tərəfdən, onun suveren hüquqlarına müdaxilə edərək sülh razılaşmasına belə bir müddəanın salınmasını tələb edir. Ermənistanın bu cür absurd tələblərindən biri də sərhəddə və Qarabağda silahsızlaşdırılmış zonalar yaratmaq təklifidir. Bu təklif də bizim tərəfimizdən qəbul oluna bilməz".

A.Səmədov qeyd etdi ki, beynəlxalq şirkətləri respublikamıza dəvət edən Azərbaycan xarici işlər nazirinin nikbinliyinin kökündə onun mövcud reallıqları dərindən bilməsi dayanır: “Ceyhun Bayramov yaxşı başa düşür ki, ABŞ və müttəfiqləri uzun müddət Ermənistanın "nazı ilə oynamayacaqlar" və sülh sazişinin yaxın aylarda imzalanması üçün qəti addımlar atacaqlar".

İlyas Hüseynov: “İranda 35 milyondan çox soydaşımız daim təqiblərə məruz  qalır” | 1news.az | Xəbərlər

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Britaniya səfəri və işgüzar görüşlər, beyin mərkəzində verilən mühüm mesajlar regionda sülhün, təhlükəsizliyin, sabitliyin gücləndirilməsinə yönəlib. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Britaniya ilə münasibətlərimiz strateji xarakter daşıyır. Çünki enerji sahəsində həyata keçirilən layihələr, Cənub Qaz Dəhlizi layihəsi regionun enerji təhlükəsizliyinin sərhədlərini aşır və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazına, alternativ və bərpa olunan enerjiyə, neftə böyük maraq var. Azərbaycanla enerji sahəsində əməkdaşlıq eləyən dövlətlərin sayı yüksəlir. Bu da əlbəttə ki, Azərbaycanın digər bir sıra məsələlərdə mövqelərini gücləndirir. Böyük Britaniya bizim üçün xüsusi maraq kəsb eləyən dövlətlər sırasındadır. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən münasibəti bizim üçün Böyük Britaniyanı dost və müttəfiq dövlətə çevirib. Çünki 2020-ci ildə Vətən müharibəsinin gedişində Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul eləmək istəyirdilər və bu bizim zəfər yolumuza kölgə sala bilərdi, prosesləri tormozlaya bilərdi. Lakin Böyük Britaniyanın münasibəti bizi bu təhlükədən kənarda qoya bildi. Ona görə də bu dövləti biz özümüzə dost kimi qəbul edirik.

Postmüharibə reallıqlarında da işğaldan azad edilmiş ərazilərimizin bərpa olunmasında, minlardan təmizlənmə işlərində, burada investisiya layihələrinin, sənaye zonalarının yaradılmasında Böyük Britaniya yaxından iştirak eləyə bilər. Çünki biz görürük ki, Ermənistan və onun himayədarları müxtəlif istiqamətlərdən aktiv şəkildə prosesə qoşulublar. Naxçıvan Muxtar Respublikasının sərhədlərindən cəmi 800 metr aralıda metallurgiya zavodunun inşasında xarici investisiya iştirak edir və Ermənistanın potensialı, iqtisadi gücü yoxdur öz ərazisində sənaye müəssisələri tiksin. Ona görə də buraya xarici investisiya cəlb olunur. Azərbaycan da haqlı olaraq öz müttəfiqlərindən xahiş edə bilər ki, sərmayələr yatırılsın, bölgədə yeni geosiyasi reallıqlar legitimləşdirilsin və bu istiqamətdə təşəbbüslər irəli sürülsün. Bu bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda regionda həm təhlükəsizlik aspektinin gücləndirilməsi, həm iqtisadi dividentlərin formalaşması baxımından Böyük Britaniya kimi supergücün Qarabağda və Şərqi Zəngəzurda iştirakı bizim üçün xüsusi anlam daşıyır. Nazir Ceyhun Bayramovun nikbinliyinin səbəbi isə onun proseslərin gedişatından müfəssəl məlumatlı şəxs olmasından qaynaqlanır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR