İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanın muxtar statusunun ləğvi müzakirələri erməniləri qorxuya saldı - təşvişin səbəbi...

4635 27.01.2023 09:55 Siyasət A A

AŞ PA-nın yerli və regional hakimiyyət məsələləri üzrə əsas məruzəçisi Armen Gevorkyan aşkar narahatlığını dilə gətirdi; Bakıdan reaksiyalar

“Azərbaycan hakimiyyəti Naxçıvan Muxtar Respublikasının statusunu dəyişməyə cəhdlər edir, bu tendensiya xüsusilə son dövrlərdə özünü büruzə verir”. “Yeni Müsavat” xəbər verir ki, bunu erməni deputat, AŞ PA-nın yerli və regional hakimiyyət məsələləri üzrə əsas məruzəçisi Armen Gevorkyan Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbəri Lindert Verbik və baş katib Matye Morla görüşündə deyib. Gevorkyan qeyd edib ki, Bakı xüsusən də 2022-ci ilin sonundan Naxçıvanda muxtariyyətin ləğvi ilə bağlı proses başladıb. “Unitar dövlətin formalaşdırılması, ölkənin iki hissəsinin birləşdirilməsi istiqamətində genişmiqyaslı iş aparılır. Bakı Ermənistandan keçməklə ekstraterritorial dəhlizdən keçmək planlarını gizlətmir”, - deyə deputat həyacanla bildirib. 

Yada salaq ki, Naxçıvana muxtariyyət statusu 13 oktyabr 1921-ci il tarixdə qəbul edilmiş, beynəlxalq statusa malik olan Qars müqaviləsi ilə müəyyən olunub. Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ayrıca maddələrlə təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu siyasi-coğrafi amillər əsasında qurulub. Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və Zəngəzurun erməni-bolşevik terrorçuları tərəfindən işğal edilməsi, regionun tərkibində olduğu Azərbaycandan ayrı düşməsi Naxçıvana muxtariyyət statusu verilməsini şərtləndirib. A.Gevorkyan həyasızcasına iddia edib ki, Naxçıvanla koridor əldə edilməsi haqda heç bir sənəd yoxdur, Ermənistan bunun qəti əleyhinədir. Halbuki 2020-ci ilin 10 noyabr sənədində Ermənistan  bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdadan çıxarılması, Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edilməsi haqda öhdəlik götürüb. Bunun adı dəhliz olmaya da bilər, amma İrəvan bu sənədə imzasından qaça bilməz.

Ermənistan həmin ərazidən dəmir yolu və avtomobil yolu çəkilməsinə belə var gücü ilə mane olmağa çalışmaqdadır. İndi isə Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yetirə yetirməkdən boyun qaçıran Ermənistan Naxçıvanın statusu ilə bağlı aşkar narahatlıqlarını dilə gətirirlər. Naxçıvanın statusu ilə bağlı müzakirələr niyə erməniləri bu qədər həyəcanlandırıb?

Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, ümumiyyətlə, Ermənistan hazırda zəif halqadır. Onun fikrincə, qarşı tərəf hər şeyi uduzduğu üçün indi çırpınır: “Ona görə nəsə gözləyəndə qorxuya düşürlər. Zəngəzur yolunun açılmasını da təslimçilik kimi anlayırlar. Təbii ki, kənar güclərin də bu məsələdə müdaxiləsi var. Ona görə Ermənistana müstəqil dövlət demək olmaz, çünki xarici təsirlər altındadır”. Naxçıvanın statusuna gəlincə, T.İsmayıl xatırlatdı ki, qüvvədə olan Qars və Moskva müqavilələri var: “Burada Türkiyə Cümhuriyyəti mövcuddur, Rusiyada rejim dəyişsə də varlığını sürdürür. Ona görə anlaşma qüvvədədir. Naxçıvanla bağlı nə Rusiya, nə Ermənistan iddia edə bilməz, Azərbaycan da bölgəni kimsəyə təmsil etmək niyyətində deyil. Hazırda islahatlar aparılması nəzərdə tutulur, Naxçıvan beynəlxalq hüquqdan irəli gələrək ayrıca ola bilməz, baxmayaraq ki, Ali Məclisi, Nazirlər Kabineti var, əsas qərarverici Bakıdır. Bu baxımdan, ermənilər Naxçıvan üzərinə hər hansı haqqa sahib deyil. Zəngəzur koridorunun gecikməsinə gəlincə, maddələrdən biri icra edilməyəndə digəri pozulur. Azərbaycan Laçın koridorunu açıq saxlayır, amma Ermənistan bizim qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaya icazə vermirsə, Laçın yolunu bağlamaq haqqımız var. Bunu Azərbaycan beynəlxalq səviyyədə zəif işləyir, bu sənədi avropalıların gözünə soxmaq lazımdır. Ermənistan bu sənədə qol çəkib və icra etməlidir. Biz avropalı siyasətçilərin ikiüzlü siyasətinə öyrəşmişik, amma beynəlxalq hüquqa söykənməli, propoqandanı gücləndirməliyik. Sənəddə göstərilən "maneəsiz keçid" elə dəhliz deməkdir. Azərbaycan fantastik nəsə təklif etmir. Ermənilər Laçından problemsiz keçib gedib-gələcəklər, amma azərbaycanlılar Naxçıvana gedə bilməyəcəklər. Belə ola bilməz, təktərəfli yanaşma olmaz. Üstəlik, Azərbaycan uduzmuş dövlət deyil, müharibədə qazanıb, öz istəyini diktə etməkdədir. Bu cəhətdən geri qalırıq, bu məsələləri gündəmə gətirmək lazımdır".

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev ermənilərin Naxçıvanın statusu ilə bağlı təlaşını Zəngəzur dəhlizi ilə əlaqələndirir: “Əgər koridor açılacaqsa, quru yol təmin ediləcəksə, muxtar respublika statusuna da zərurət qalmır. Ermənilərdə başqa bir sancı Xankəndi ermənilərinin statusu və muxtariyyət istəkləri mövzusudur. Naxçıvanın muxtar statusu ləğv ediləcəyi təqdirdə, Qarabağ ermənilərinin ”arqumentləri" tamamilə dəfn ediləcək və Bakıdan bölgəyə muxtar status verilməsini heç kəs istəyə bilməz. Bu mənada vaxtaşırı həyəcanlı danışırlar. Ancaq qavramırlar ki, dəhlizin istifadəsi Ermənistana da pul qazandıracaq".

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin də bu mövzuda fikirləri maraqlıdır: “Ermənistan Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi xətti açmağa hazırdır. Yəni bu xəttin açılması ilə bağlı heç bir problem yoxdur. Problem ondadır ki, bu xətt hansı statusda olacaq. Azərbaycanın mövqeyi belədir ki, bu xətt dəhliz statusunda olmalıdır. Bu xəttə isə 2020-ci il noyabr anlaşmasına əsasən Rusiya nəzarət etməlidir. Üçtərəfli müqaviləyə əsasən Ermənistan zabitləri ən azı bu yoldan 2.5 km. uzaqlıqda olmalıdır. Rəsmi Bakı deyir ki, Ermənistan bu xəttin dəhliz olmasına şifahi şəkildə razılıq verib. Ermənistan isə bu iddianı Nikol Paşinyanın dili ilə “absurd” adlandırır...Məntiq isə onu deyir ki, əgər Ermənistan zabiti bu yoldan 2.5 km. uzaqda olmalıdırsa, deməli, bu xətt dəhliz statusundadır. Yoxsa nədən belə bir məqam razılaşmada özünə yer alsın ki?

Elbəyi HƏSƏNLİ, SÜRİX

Elbəyi Həsənli

Ermənistan istəyir ki, Zəngilandan çıxan və Naxçıvana daxil olan dəmir yoluna və şoseyə özü nəzarət etsin. Ən pis halda isə Rusiya ilə birlikdə nəzarəti həyata keçirsin. Ermənistan iddia edir ki, sənəddəki “maneəsiz keçid” ifadəsi qətiyyən o anlama gəlmir ki, bu yola Ermənistan nəzarət etməməlidir. Başqa sözlə desək, Ermənistan söz oyunu ilə vəziyyətdən çıxmağa çalışır, elə bu səbəbdən də cığallıq edir. Bu məsələyə münasibətdə Rusiya ilə Azərbaycanın və Türkiyənin maraqları üst-üstə düşür. Qərbin bu məsələyə münasibəti necədir? Qərb də bu yolun açılmasında maraqlıdır. Ancaq Qərb bu yola Rusiyanın nəzarət etməsini istəmir".

Jurnalistin dediyinə görə, ümumiyyətlə, Qərb Rusiya “sülhməramlıları”nın da Qarabağdan çıxarılmasına tərəfdardır: “Rusiyanın Cənubi Qafqazdan qovulması isə Qərbin ən böyük arzusudur. Qərb istəyir ki, Ermənistandan keçən yola Ermənistan nəzarət eləsin. Bu isə dolayısı ilə bu yola Qərbin nəzarət etməsi anlamına gəlir. Bu yanaşma təkcə Rusiyanı yox, elə Türkiyəni də qane etmir. Hələ Çin də var... Müvafiq olaraq bu yola nəzarət məsələsində Qərbin dəstəyini alan Ermənistan bərk dayanıb və geri çəkilməkdən qəti şəkildə imtina edir. Ermənistan ümid edir ki, Azərbaycana təzyiq vasitəsilə Laçın yolunun dəhliz statusu yenidən bərpa olunacaq. Ermənistan isə Azərbaycana Zəngəzur dəhlizi verməkdən Qərbin köməyi ilə yayına biləcək...

Bir məqam da var: Son günlər Ermənistan nümayişkaranə şəkildə Laçın yolunun bağlanması məsələsi ilə bağlı müzakirələrdən kənarda durur. Rəsmi İrəvan bunu onunla izah edir ki, bu yolun əvəzində Bakı Zəngəzur dəhlizini tələb edə bilər. Ermənistan üçün isə bu, məqbul deyil. Məsələ belədir ki, “Zəngəzur dəhlizi”nə nəzarət uğrunda dünya gücləri arasında mübarizə gedir. Xüsusən Çin bu xəttə Qərbin nəzarət etməsini istəmir. Sözümün canı o ki, Ermənistan və Azərbaycan böyük güc mərkəzlərinin təsiri və təzyiqi altındadır. Əminəm ki, rəsmi İrəvan və rəsmi Bakı iki ölkə arasındakı problemləri qarşılıqlı güzəşt əsasında həll edə bilərlər. Ancaq böyük dövlətlər buna imkan vermirlər. Xüsusən Ermənistan son dərəcə zəif ölkə olduğuna görə ona təzyiqlər daha güclüdür. Ermənistan yaxşı başa düşür ki, Rusiyadan yarımayıb, Qərbə də arxa çevirsə, batıb gedəcək".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR