İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiyaya qarşı müharibəyə qoşulacaqmı?

725 24.01.2023 10:26 Yazarlar A A

Bəli, görünür, insanlar hələ də Yuqoslaviya müharibəsini umutmayıblar. Ötən əsrin doxsanıncı illərində burada dünyanın ən qəddar müharibələrindən biri gedirdi - təkcə ordular və hərbi birləşmələr məhv olmurdu, bütöv xalqlar tamam qırılmaq və yox olmaq təhlükəsi ilə üzbəüz idilər.

Məsələyə yalnız NATO işə qarışandan sonra birdəfəlik son qoymaq mümkün oldu. Bəli, NATO prosesə müdaxilə etdi və müharibəyə nöqtə qoydu. O vaxt Rusiya öz xarici işlər nazirinin jesti ilə kifayətlənməli oldu - Yevgeni Primakov ABŞ-a səfərindən imtina etdi və təyyarəni havada ikən geri döndərməyə vadar etdi...

NATO üzvlərinin xarici işlər nazirləri ötən həftənin sonunda Ramştayın hərbi bazasında toplaşmışdılar. Bu dəfə də müzakirə predmeti müharibə idi. Amma indi Ukrayna müharibəsindən söhbət gedirdi.

Hamı bir məsələnin intizarındadır: görəsən, NATO nə vaxt Yuqoslaviyada olduğu kimi, Rusiyanın Ukraynadakı azğın müharibəsinə son qoyacaq?

Görüş bitib, amma ki, ehtimallar-gümanlar hələ də söylənilməkdə davam edir. Ən çox dövriyyədə olan sual isə “NATO Ukrayna müharibəsinə qoşulacaqmı?” sualıdır. Bu suala insanların arzuladıqları cavab hələ yoxdur - Şimali Atlantika Bloku hələ ki, tələsmir.

Əlbəttə, hərbi-texniki, maddi-mənəvi yardımlar davam edir, əsgəri iştirakın olmadığı deyilsə də, Qərb dövlətlərinin könüllüləri müharibədə iştirak edir, hər halda, ən müxtəlif güman və ya ehtimallar bunu deməyə əsas verir.

Ramştaynda NATO yetkililəri dedilər ki, nə qədər lazım gəlsə, o qədər vuruşacağıq. Bunun özü də çox şey deyir. Ən azı ona görə ki, Blok daxilində indi müşahidə olunan həmrəylik və əməkdaşlıq bir neçə il bundan əvvəl - prezident Donald Tramp dövründə yox idi. Tramp gah üzv dövlətlərin NATO-ya ödənişlərinin artırılmasının zəruri olmasından danışır, gah da bu təşkilata ehtiyac olmadığını bildirirdi - onun fikrincə, onların Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün ayırdıqları vəsait neftə və qaza görə Rusiyanın büdcəsinə gedirdi. Amma hələ bu da hamısı deyildi - D.Tramp NATO kuluarlarındakı söhbətlərdə Ukraynanı korrupsioner dövlət adlandırır və deyirdi ki, Krım Rusiyanın ərazisidir...

NATO qlobal təhlükəsizlik üçün yaradılmış bir təşkilatdır. Divin canı şüşədə olduğu kimi, NATO da qlobal təhlükədən asılı institutdur - bəli, təhlükəni götürsən, artıq bu təşkilata ehtiyac qalmaz.

Prezident Tramp məhz bunu edirdi - NATO az qala, hədəfsiz qalmışdı. Bu isə təşkilat daxilində dezinteqrasiya proseslərinə gətirib çıxarırdı. Qərbi Avropa öz təhlükəsizliyini başqa müstəvidə axtarmağa başlamışdı - sözsüz, burada bir sıra geosiyasi nüanslar vardı. Belə ki, Avropa özünü ABŞ-ın hərbi - təhlükəsizlik çətiri altında elə də rahat hiss etmir...

İndi hər şey yenidən öz çevrəsinə qayıdır: qlobal təhlükə də var, ona qarşı duran institut da. Düzdür, bu o demək deyil ki, təşkilat daxilində bütün ziddiyyətlərə son qoyulub. Yox, belə deyil. Bir ziddiyyəti elə bu günlərdə müşahidə etdik.

Qərəz, ABŞ yenə də öz "F-16"larını qardaş Türkiyəyə satmaq üçün şərt qoyur. Bu şərt də budur ki, Ankara qeyd -şərtsiz Finlandiya və İsveçin NATO-ya üzvlük protokollarını ratifikasiya etməlidir. Amma Ankaranın da bununla bağlı tələbi var: İsveç və Finlandiya terrorçu kürd təşkilatlarını himayə etməyə son qoymalıdır.

Amma Stokholm və Helsinki buna tələsmir. Odur ki, ziddiyyətlər davam edir - ABŞ Türkiyədən, Türkiyə isə İsveç və Finlandiyadan tələb etməkdə davam edir. Burada maraqlı bir detal var. Donald Tramp dövründə Türkiyə məsələsi bir qədər fərqli idi: o vaxtkı ABŞ prezidenti qondarma “erməni soyqırımı”nı tanımamışdı.

Üstəgəl, D.Tramp demişdi ki, Türkiyənin Moskvaya yaxınlaşması, ondan "S-400"ləri alması prezident Barak Obamanın səhvləri ucbatından baş vermişdi, çünki sonuncu Ankaraya “Petriot”ları satmaqdan imtina etmişdi. Nə demək olar? Bəli, belə çıxır ki, hər qaranlığın içində bir işıq, hər işiğın içində də bir qaranlıq var...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR