İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibinin xüsusi nümayəndəsi regionda - Azərbaycanla nə müzakirə ediləcək?

290 25.05.2023 13:21 Siyasət A A

Hərbi ekspertin fikrincə, Cənubi Qafqaz getdikcə NATO-ya inteqrasiya etmək yolunu prioritet seçib, təkcə Ermənistan problemlidir, alyans KTMT-dən çıxmaq şərti qoyub

Son illərdə Azərbaycanın NATO ilə əməkdaşlığında dinamiklik müşahidə olunur. Bu, Azərbaycanın beynəlxalq siyasətində önəmli məqamlardan biridir və kifayət qədər ustalıqla, bütün maraqları nəzərə almaqla reallaşdırılır. Sirr deyil ki, hazırda qurulan yeni dünya düzənində NATO Cənubi Qafqazda daha da möhkəmlənməyə çalışır, ən azı burada Rusiya qədər təsir imkanları olmasına can atır. Bu, müsbət bir tendensiya hesab olunur, eyni zamanda bölgə nəhəngi Rusiyanın bu prosesə qıcığı da gözdən qaçmamalıdır. İndiki həssas məqamda - Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından danışıldığı, Rusiya ilə Gürcüstan münasibətlərində yaxınlaşma müşahidə olunduğu bir vaxtda NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina mayın 24-də regiona səfər edib.

“Yeni Müsavat” bildirir ki, səfər çərçivəsində Gürcüstanda olub, Tiflisdən sonra Ermənistana və Azərbaycana səfər gözlənilir. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfərinin yekunları ilə bağlı paylaşım edib. O, görüşlər zamanı NATO-Ermənistan əməkdaşlığının və regional təhlükəsizlik dinamikasının artırılması yolları, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyəti müzakirə etdiyini qeyd edib. NATO-nun xüsusi adamının bölgəyə gəlişində məqsəd nədir? Bu, hadisələrin gedişatına necə təsir edəcək? Kolomina konkret olaraq nələri müzakirə etməyə gəlir? Azərbaycanda hansı müzakirləri aparacaq, nə təklif verə bilər?

Yeri gəlmişkən, Prezident İlham Əliyev Şuşada beynəlxalq konfransda sətiraltı Gürcüstana və Ukraynaya işarə edərək, bu ölkələrin alyansa üzv edilmədiklərini, lakin onlara vəd verildiyini xatırlatmışdı. Dövlət başçısının sözlərinə görə, Azərbaycana da təkliflər, vədlər olmuşdu, zaman göstərdi ki, Bakı doğru addım atıb, Türkiyə ilə hərbi müttəfiqliyi yüksəldərək NATO standartlarına uyğun modeldə ordu quruculuğunu həyata keçirir. Eyni zamanda Şimal alyansına üzvlük niyyətinə düşənlərin Rusiya ilə münasibətlərdə hansı bəlaları yaşadıqları göz qabağındadır. Odur ki, Azərbaycan bloka üzv hədəfi qoymadan, ordusunu müasirləşdirməkdədir. Üstəlik, biz Qoşulmama Hərəkatındayıq və bu da Şərqlə Qərb arasındakı strateji qarşıdurmada bizi risklərdən kənarda saxlayır.

Telman Qasımov ermənilərin ittihamlarına cavab verib -

 Telman Qasımov 

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a qeyd etdi ki, NATO Cənubi Qafqazda getdikcə aktivləşir. Mütəxəssisin sözlərinə görə, alyansın bölgədə maraqları daha da artmaqdadır. T.Qasımovun fikrincə, xüsusən Ermənistan fonunda görməkdəyik ki, hərbi blokun yüksək rütbəli şəxsləri tez-tez səfərlər edirlər. “Erməni ordusunda yeniliklərin aparılması, NATO standartlarına uyğunlaşdırılması prosesinin getməsi göz qabağındadır. Gürcüstandan sonra Ermənistan ordusu ilə bağlı bu addımlar atılmaqdadır. Amma birdən-birə bu məsələlər həll olmur. Rusiyanın ağalıq etdiyi KTMT-dən çıxması və digər məsələlərdə Ermənistan ləng də olsa addımlar atmaqdadır. Çünki 200 il rusun elektoratında qalmaq, 102-ci bazanın və sülhməramlıların orada olması Ermənistanın addımlarını ləngidir”.

Ekspert hesab edir ki, bu baxımdan ABŞ İrəvan qarşısında şərtlər qoyub: “KTMT-dən çıxmalıdır, çünki bir dövlət hansısa blok üzvü olduqda başqasına qoşula bilməz. O mənada NATO fəallaşmaqdadır. Avropalı revizorların Zəngəzur istiqamətində olması, Qafan bölgəsində sərmayələrin qoyulması, Ermənistan-İran sərhədində Avropa Birliyinin 26 milyon vəsait ayırması təsadüfi deyil. Bu vəsait həmin istiqamətdə müasir məntəqələr tikilməsi üçündür. Avropa İttifaqı və NATO artıq Ermənistanda, eləcə də Zəngəzurda Rusiyanı sıxışdırıb çıxarmaqda davam edir”.

Hərbi ekspertin sözlərinə görə, NATO rəsmisi təbii ki, Bakıya da səfər etməlidir: “Ordumuzun yeni texnika və innovasiyalarla təmin olunması, NATO-ya uyğunlaşdırılması prosesi getməkdədir. Həmçinin Azərbaycan NATO üzvü olan ölkələrlə əməkdaşlıq edir. Bu səfər ilk dəfə deyil və intensiv şəkildə gəlirlər, təlimlərdə iştirak edirlər. Bu mənada Azərbaycana gəliş göstərir ki, Cənubi Qafqaz getdikcə NATO-ya inteqrasiya etmək yolunu prioritet seçib. Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistan problemlidir, səbəb dediyim kimi, KTMT üzvü olmasıdır, rus hərçbiləri və 102-ci bazanın onun ərazisində yerləşməsidir. Görünür, NATO Azərbaycan və Gürcüstanda tətbiq etdiyi təcrübəni təkrarlamaqdadır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR