İnsanlara hürriyət, millətlərə istiqlal!

Nasist ölkədə qeyri-milli rəhbər? - paradoksun böyüyü

3917 02.04.2022 15:50 Siyasət A A

“Ukraynadakı faşizmin, nasizmin kökü kəsilməlidir”. Bu kəlmələri əvvəlcə Rusiyanı idarə edənlər dilə gətirdilər, sonra tutuquşu roluna girən propoqondistlər işlətməyə başladılar. Ondan sonra bu, postsovet məkanındakı rusofillərin əsas zərbəçi termininə çevrildi.

Bu sözləri gündə min dəfə təkrarlayanlar artıq iddiaları faktmış kimi danışırlar və kənardan baxanlara, məsələdən o qədər hali olmayanlara elə gəlir ki, deyilənlər həqiqətdir, ən azı, tərkibində ciddi həqiqət payı var.

Bəs Ukraynadakı faşizm, nasizm haradadır, nədən obyektiv müşahidəçilərin, qərəzli olmayanların gözünə görünmür?

Öncə faşizm və nasizm barədə qısaca. Birincisi, bu iki termin bir-birinə yaxın mənalar versə də, eyni şeylər deyil, faşizm başqadır, nasizm başqa. Faşizm I dünya müharibəsindən sona İtaliyada, Benito Mussolini və tərəfdarları tərəfindən yaradılmış siyasi cərəyandır və əsasən bir partiyanın şəriksiz hökmranlığını, totalitar baxışlarını nəzərdə tutur. Nasizmdə isə şəriksiz hökmranlq bir millətə məxsusdur.

Ancaq həm faşizm, həm də nasizm özündə qatı millətçilik, totalitarizm, sərt diktatura elementləri daşıyır, demokratiyanın D-sinə, plüralizmin P-sinə yol vermir, dövlət terrorunu, kütləvi cəzalandırmanı məqsədəuyğun sayır.

Müasir dövrdə artıq bu terminlər əvvəlki anlamlarını xeyli itiriblər və əsasən ifrata varmış şovinizm mənası verirlər.

Bəs görək Ukraynada ifrata varmış şovinizm varmı? Bu sətirlərin müəllifi son 7 ildə 3 dəfə Ukrynada, onun paytaxtı Kiyevdə və Kremençuq şəhərlərində olub, heç bir şovinizm təzahürü müşahidə etməyib. Eləcə də Ukraynada yaşayan minlərlə həmvətənimizdən heç biri indiyədək bu ölkədə başqa millətlərin xor görüldüyünə, insanlar arasında milli, irqi ayrı-seçkilik edildiyinə dair şikayətlər etməyiblər.

444.jpg (53 KB)

Tam əksinə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkədən təxliyə olunan əcnəbilərin milli tərkibinə diqqət edərkən aydın oldu ki, qonşu ölkələrin, demək olar ki, hamısından minlərlə insan köçüb Ukraynada asudə şəkildə işləyir, oxuyur, yaşayırmış. Təkcə avropalılar deyildi, Ukraynadan Orta Asiya respublikalarına, Türkiyəyə, Azərbaycana on minlərlə qeyri-ukraynalı vətəndaş təxliyə olundu.

Başqa-başqa irqlərə, millətlərə məxsus bu qədər adamın yaşadığı, sevgi ilə yanaşdığı, müdafiə etdiyi ölkədə faşizm və ya nasizm olsaydı, onlar hər an geriyə dönməyə hazır olduqlarını deməzdilər, canlarını qurtardıqlarına şükür edərdilər.

45.jpg (45 KB)

Müstəqillik dövründə Ukraynanın prezidenti olmuş şəxslər: (soldan sağa - Petro Poroşenko, Viktor Yuşenko, Leonid Kuçma, Leonid Kravçuk, Volodimir Zelenski - Viktor Yanukoviç isə Rusiyaya sığınıb)

Bir partiyanın hökmranlığıyla idarəetmə rejimi qirmaqda ittiham edilən ölkədə son 30 ildə başqa-başqa partiyaların liderləri olan beş prezident dəyişib, iki o qədər başqa partiyalı baş nazirlər bir-birini əvəz edib. Azad və qanuni seçkilərlə formalaşan parlamentin tərkibi də müxtəlif partiyaya məxsus fraksiyalardan ibarətdir.

Nasizm tüğyan edən ölkədə dövlət başçısı başqa millətin təmsilçisi ola bilərmi? Əsla. Ukraynada isə hazırkı prezident də, onun sələfi də milliyətcə yəhudidir. Bundan başqa, nasistlərin qurduğu rejimdə güc nazirliklərində, ümumiyyətlə, bütün dövlət aparatında çalışanların 100 faizi “saf qana malik millət övladı” olmalıdır. Ukraynada isə daxili işlər naziri dünənə qədər erməni Avakov, ölkənin baş vergiyığanı isə azərbaycanll Roman Nəsirov idi. Başqa yüksək vəzifələrdə minlərlə rus, moldovan, azərbaycanlı, yəhudi, türk-tatar, erməni, gürcü, yunan, belarus və başqa millətlərə mənsub olan kadrlar var.

original_e598c50862a997badcd23a698958e42c.jpg (86 KB)

                 Baş nazirin müavini Stepan Kubiv, Arsen Avakov və Roman Nəsirov (2019-cu il)

Nasistlərin hökmran olduğu ölkədə başqa millətlərin oğulları milyarder də ola bilməzlər. Bu “şərti” də yəhudi İqor Kolomoyski və tatar Rinat Əhmədov kimi milyarderlər pozur. Bunlardan başqa, Ukraynada çoxlu “yadelli milyonçular” və uğurlu iş adamları da var.

Beləliklə, Ukraynada nəinki faşizm və nasizm dövlət siyasəti səviyyəsində təzahür etmir, hətta cəmiyyətin, demək olar ki, heç bir təbəqəsində müşahidə olunmur. Söz yox ki, bütün ölkələrdə olduğu kimi, Ukraynada da ayrı-ayrı millətçi ünsürlər ola bilər, amma onlar Rusiyada olduğu kimi mütəşəkkil deyillər. Hər halda Moskvanın iri şəhərlərində təşkilatlara malik olan və “gəlmə”lərə zərər yetirən neofaşist qruplar - “skinhed”lər (“qırxıqbaşlar”) Ukraynanın şəhərlərində gözə dəymir. Heç ayrı-ayrı ukraynalı siyasətçilərin, ziyalıların ritorikasında da başqa millətlərə yönəlik aşağılayıcı ifadələrə rast gəlmək mümkün deyil.

Bunun əvəzində biz hər gün rusiyalı siyasilərin və ziyalıların təhkiyəsində başqa millətlərə yönəlmiş təhqiramiz ifadələr, içərisində “vurarıq, dağıdarıq” kimi sözlər yer alan təhdid dolu çağırışlar eşidirik.

567.jpg (247 KB)

                                 Moskvada aksiya keçirən nasist ünsürlər

Rus lətifələrindən xəbəri olanlar bilir, onlarda yəhudiləri xəsis, hiyləgər, pulgir, ukraynalıları sadəlövh və kütbeyin, erməniləri hiyləgər və şovinist, gürcüləri kriminala meylli və şəhvətpərəst, çukçaları avam və gerizəkalı, qırğızları, tacikləri, özbəkləri savadısz və əl-ayaq işləri görən kütlə, ingilisləri pulgir və hiyləgər, fransızları bivec və əxlaqsız, estonları gicbəsər kimi qələmə verir, özlərini isə adətən, mürəkkəb situasiyalarda “Qordi düyünü”nü kəsərək, asan həll yolu tapan, düznəqulu, saflığa dayanan müdrikliyi ilə üstün gələn hazırcavab intellektler kimi təsvir edirlər.

Bax, budur nasizm: başqa millətləri xor görmək, onları aşağılamaq, hərəsinə bir təhqiramiz epitet (“qıyıqgöz”, “yekəburun”, “qıllı”, “çernojopıy”, “çurki”, “pəltək”) yapışdırmaq, onları borclu çıxarmaq, özlərini idarə etmək haqqı tanımamaq, əsarətə alınmağa layiq olduqlarını iddia etmək, müstəqil dövlətlərə qoşun yeritmək və s.

Başqa sözlə, bu saat denasikiasiyaya və demilitarizasiyaya ehtiyacı olan ölkə Ukrayna deyil, Rusiya və ona tam dəstək verən Belarusla Ermənistandır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR