İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət partiyasının sədrindən PA rəsmisi ilə görüşlə bağlı ilginc açıqlamalar

1477 26.05.2022 09:20 Gündəm A A

“Biz Putinin də, Putin Rusiyasının da ”daha çox qan itirəcəyini" və zəifləyəcəyini gözləməliyik"

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə görüşüb. Partiya sədri ilə digər aktual mövzuları da əhatə edən müsahibədə əvvəlcə administrasiya rəsmisi ilə görüşdən danışdıq. Sülhəddin Əkbər olduqca maraqlı açıqlamalar verdi. Eyni zamanda Ukraynadakı müharibənin perspektivlərindən də söz açdı.

- Sülhəddin bəy, Prezident Administrasiyasındakı budəfəki görüş əvvəlkilərdən nə ilə fərqləndi? Siyasi partiya təmsilçiləri ilə hakimiyyətin davamlı təmasları hansı perspektivlər vəd edir, ümumi qənaətiniz necədir?

- Fərqli cəhəti ondan ibarət idi ki, mən Prezident Administrasiyasında dialoqun inkişafının ehtiyacdan anlaşıldığını hiss elədim. Bilirsiniz ki, artıq Prezident Administrasiyası tərəfindən müəyyən bir proses aparılır, siyasi proseslərin inkişafı yönündə. Artıq bundan sonrakı inkişaf mərhələsi barədə düşünüldüyünü hesab edirəm. Mənim ilkin qənaətim ondan ibarət oldu ki, artıq belə bir anlaşılma var.

- Ədalət müəllimlə görüşmüsünüz, eləmi?

- Bəli, şöbə müdiri Ədalət Vəliyevlə...

- Müzakirələr nə qədər davam etdi?

- Adətən vaxt məhdudiyyəti  olmur, görüş haradasa 1 saat 50 dəqiqəyə yaxın çəkdi. Kifayət qədər vaxt olur və həm də bir fürsətdir. Mən özümdən bəhs edə bilərəm, düşünürəm ki, digər partiya sədrləri üçün də analoji şərait yaradılır. Həm dünyada, həm regionumuzda, həm ölkəmizdə gedən proseslər haqqında kim nə düşünürsə, öz fikrini bildirə, sual verib, nəyisə aydınlaşdıra bilir. Mətbuat vasitəsilə aydınlaşdıra bilmədiyimiz bəzi məsələlərə aydınlıq gətirmək fürsəti, imkanı olur. Ayrı-ayrı sahələrlə bağlı öz təkliflərimizi veririk, qayğılarımızı, narahatlıqlarımızı bildiririk. Yəni mən buna bir kommunikasiya fürsəti kimi baxıram. Həm baxışlarımızı çatdırmaq imkanı olur, həm də təkliflərimizi. Bəzən elə təkliflər olur ki, heç də hamısını mətbuatda açıq şəkildə səsləndirmək mümkün olmur. Bəzi təkliflər var ki, spesifik xarakter daşıyır, həssaslıq tələb olunur. O təklifləri birbaşa Prezident Administrasiyasına və Ədalət bəyin dediyinə görə də onun vasitəsilə Prezidentə çatdırmaq imkanı olur. Bu, mənim üçün dəyərli bir fürsətdir. Bilirsiniz, əvvəllər də mən həm şifahi, həm yazılı şəkildə təkliflər paketi təqdim etmişdim. İndi də bəzi sahələrə aid bir sıra təkliflərimi təqdim etdim.

- Qarşıdakı mərhələdə ölkəmizdə ümumxalq referendumunun keçiriləcəyi, seçki sisteminə və seçki dairələrinin sayına dəyişikliklər ediləcəyi barədə məlumatlar yayılmaqdadır. Bu haqda müzakirələr oldumu?

- Düzdür, müəyyən məlumatlarım var. Amma açığı, o barədə detallı danışığımız olmadı. Ədalət bəyin açıqlamasına görə və mən anladığım qədərilə, yaxınlarda geniş müzakirə açılacaq, həmin müzakirə üçün konkret məsələlər təklif olunacaq. Mənim qənaətimə görə, indi həmin məsələlərin dəqiqələşdirilməsi üzərində iş gedir. Yəqin ki, yaxın perspektivdə siyasi partiyaların rəhbərləri ilə bir görüş olacaq. Deyə bilmərəm ki, o, hansı formatda olacaq. Artıq belə anladım ki, orada artıq konkret məsələlər üçün müzakirə təklif olunacaq. Ola bilsin sizin dediyiniz məsələlər də o sırada ola bilər.

- Maraqlı, cəlbedici görüşlərdir. Uzun illər bizlərin də müraciət etdiyi mövzudur, vaxtaşırı Türkiyədəki siyasi münasibətlər sistemini nümunə olaraq göstərirdik. Bu mənada təqdirolunmalı təmaslardır. Düzdür, bəziləri bunu başqa rakursdan qiymətləndirir. Amma birbaşa təmaslar, açıq söhbətlərin olması ölkə, xalq adına faydalıdır. Bəs bir sıra partiyaların bu kommunikasiyalardan kənarda qalmasına münasibətiniz necədir?

- Bilirsiniz, mən başqa partiyalar və yaxud onların rəhbərləri haqqında bir fikir bildirə bilmərəm. Hər bir partiya və siyasətçi öz seçimlərini özü edir, sərbəstdir. Bəlkə də təvazökarlıqdan uzaq olacaq, amma əmin ola bilərsiniz ki, şəxsən mənim qatıldığım görüşdə partiya məsələləri üçüncü-dördüncü planda olur. Mən əsasən milli maraqlar baxımından məni həm partiya sədri, həm də bir vətəndaş və istiqlalçı deputat kimi narahat edən məsələləri hər zaman ön plana çəkirəm, bu görüşdə də elə oldu. Ona əmin ola bilərsiniz. Üstün, fərqli cəhəti nədir? Əvvəlki dövrlərdən fərqli olaraq, bizim artıq normal, insani münasibətlərimiz var. İstənilən vaxt hansı partiya istəsə, zəng edə, görüş istəyə, görüşə bilir, öz fikrini çatdıra bilir. Yəni bu kanallar açıqdır, sadəcə olaraq, artıq tərəflərdən asılıdır ki, bu açıq kommunikasiyadan hansı məqsədlə, necə istifadə edir. Mən bir daha təkrar edirəm ki, mən buna hər şeydən əvvəl açıq kommunikasiya imkanı, fürsəti, birbaşa dövlət başçısına dövlət siyasəti ilə bağlı fikirlərimi çatdırmaq imkanı kimi baxıram. Axı hər şey birbaşa məqalə yazmaq, müsahibərlərlə, açıq təkliflər verməklə olmur. Hərbi sahə, dövlətçilik məsələləri kimi mətbuata qapalı mövzular var, bilirsiniz. Yaxud elə həssas məsələlər var ki, onun mətbuat vasitəsilə deyil, birbaşa deyilməsini daha effektli hesab edirəm, yaxın təcrübə də onu göstərir. Mən bir daha təkrar edirəm, həm ölkə daxilində siyasi dialoqun başlaması, siyasi münasibətlərin, hakimiyyət-müxalifət münasibətlərinin normallaşması yavaş-yavaş olsa da, bizi qane etməsə də, münasibətlərdə müəyyən inkişafın olmasını, xüsusən də əvvəlki dövrlə, bu şöbə yaradılmamışdan əvvəl, Ədalət Vəliyev təyin olunmamışdan əvvəlki dövrlə müqayisə edəndə fərq daha aydın görünür.

EKBER.jpg (1.52 MB)

Artıq münasibətlər düşmənçilik münasibətləri deyil və normal, siyasi rəqabət münasibətləridir. Ən başlıcası, bir daha təkrar edirəm, mən ölkədə siyasi dialoqu müdafiə edənlərdən biriyəm. Mən 2011-ci ildən “Azərbaycanın demokratiyaya yumşaq keçid” strategiyasını irəli sürmüşəm, orada da bu strategiya siyasi dialoqdan başlayır. İndi necə buna qarşı çıxa bilərəm? Ona görə də mən hər zaman bu dialoqa strateji plan kimi baxıram, onun inkişafını gözləyirəm və dəstəkləyirəm. Nə vaxt görsəm ki, bu dialoq inkişafa aparmır, yerində sayır, yaxud xüsusən də geri gedir, onda da bunun anlamının olmadığını bəyan edəcəyəm və o balda fərqli münasibət ola bilər. Amma ən azı hakimiyyət-müxalifət münasibətlərinin normallaşması baxımından, həm də kommunikasiya baxımından hələ ki faydalı hesab edirəm. Baxaq, görək. Bizim də arzu-istəyimiz bu dialoqun davam etdirilməsidir, bunu hər görüşdə bildiririk. Bir daha təkrar edirəm, qarşı tərəfdə bu anlayışı mən gördüm. Onlar da anlayırlar ki, bu günə qədər olan görülən işlər yaxşıdır, amma bundan sonra inkişafa ehtiyac var. Əgər inkişaf olmayacaqsa, durğunluq yaranacaq, sonra da proses əks istiqamətdə gedəcək və deqredasiyaya məruz qalacaq.

- Fikirlərinizlə razılaşmamaq mümkün deyil. Xüsusilə də mövcud durumda qlobal məkanda, həmçinin postsovet məkanında, bölgəmizdə baş verənlər dialoq fürsətindən yararlanmağı zəruri edir...

- Bəli. Şəxsən mən özümü deyirəm, başqaları haqqında danışa bilmərəm. 2014-dən sonra illərdir deyirəm ki, artıq yeni dünya düzəni və onunla da bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, Azərbaycan bunu nəzərə almalıdır. Yeni dünya düzəni qurulacaq, biz də öz layiqli yerimizi tutmalıyıq. Ümumiyyətlə, kimin əlindən nə gəlirsə, etməliyik ki, bu yeni dünya düzəni qurulanda biz də layiqli yerimizi tuta bilək. Mənim son görüşdə verdiyim təkliflər bəzi istisnalar olmaqla, demək olar ki, əsasən bu istiqamətdə oldu.

- Son zamanlar Avropa İttifaqı rəsmiləri ilə ölkə rəhbərliyi arasında keçirilən silsilə xarakterli görüşlər, qurum təmsilçilərinin Şuşada və Bakıda keçirilən tədbirlərdə iştirakı və digər məsələlər təmasların inkişafı və sürət götürməsi anlamını verir...

- Bəli. Elə görüşdə o məsələlərə də toxunuldu. Ümumi şəkildə deyək ki, Azərbaycan hansı istiqamətdə, xüsusən də İkinci Qarabağ savaşı və sonra elə addımlar atmaq lazımdır ki, əldə olunan uğurlar daha da möhkəmləndirilsin, inkişaf etdirilsin. Hansı tərəfdə ki, bizim zəif cəhətlərimiz, çatışmazlıqlarımız olub, bu çatışmazlıqların ortadan qaldırılması üçün addımlar atmaq lazımdır. Bu, hər sahəyə aiddir, həm diplomatik, həm iqtisadi, həm müdafiə, təhlükəsizliklik sahəsinədək. Bizim bütün məsələlər, hətta təhsil və dil məsələlərinə qədər geniş müzakirələrimiz olub. Şəxsən mən bütün məsələlərlə bağlı təkliflərimi verdim, məni narahat edən məsələləri, qayğılarımı da çatdırdım.

- Sülhəddin bəy, ABŞ liderinin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda yer alan bəzi müddəalar geniş müzakirələrə səbəb olub. Rusiya ilə bağlı məqam, Ukraynada baş verənlərin fonunda Azərbaycanın yanında olmaqla bağlı bölüm diqqət çəkib. Siz Ukraynadakı proseslərin, bu dəhşətli savaşın gedişatını, yekununu necə görürsünüz?

- Təşəkkür edirəm. Elə görüşümüzdə də ən həssas suallardan biri bu idi və məni narahat edən məsələlərdəndir. Mətbuata hansı şəkildə demək mümkünsə, çalışacağam ki, fikirlərimi çatdırım. Bir: 2014-cü ildən sonra biz artıq yeni dünya quruculuğunun və bununla bağlı geopolitik qarşıdurmanın həlledici mərhələsindəyik. Artıq geopolitik qarşıdurma tərəfləri bəllidir. İki istiqamət var: Avroatlantik qarşıdurmanın olduğu istiqamət, burada ABŞ başda olmaqla, kollektiv Qərb-Rusiya qarşıdurması, Ukrayna mərkəzdir. İkinci: Hind Pasvik zonası  deyirlər. Burada isə Tayvan-Çin mərkəz olmaqla yenə də ABŞ-ın başçılığı ilə kollektiv Qərblə Çin arasında qarşıdurma mövcuddur. Yəni qarşıdurma sahələri də bəllidir. İki başlıca sahə var: Avroatlantik məkan, Pasvik məkan. Bizi, postsovet məkan və onunla birlikdə Azərbaycanı ən çox coğrafi mövqeyimizə görə, heç şübhəsiz,  Avroatlantik məkan maraqlandırır. Digər tərəfdən, Avroatlantik məkanda geopolitik qarşıdurma kəskin fazaya girdiyinə görə maraq kəsb edir. Aprelin 24-də ABŞ-ın dövlət katibi və müdafiə nazirinin Kiyev səfəri oldu. Yeni dünya nizamı quruculuğunda da, geopolitik qarşıdurmanın həlledici mərhələsində bu tarixi - 24 apreli önəmli nöqtə hesab edirəm. Xatırlayırsınızsa, gələn qonaqların, Entoni Blinken və Lloyd Ostinin prezident Zelenski və dar komandası ilə bir neçə saatlıq söhbəti oldu. Məhz o söhbətdən 2 gün sonra Rammstein görüşü keçirildi. 28 apreldə isə Konqres Ukrayna demokratiyasını müdafiə etdi, “Ukraynada demokratiya üçün lend-liz 2022" aktını qəbul etdi. Bu, üç hadisə bir-biri ilə üzvi şəkildə bağlıdır. ABŞ əmin olandan sonra ki, Ukrayna Rusiya ilə mübarizədə sona qədər mübarizə aparmağa hazırdır, o zaman 42 dövlətdən ibarət anti-Rusiya koalisiyası yarandı. Bununla da Rusiya məsələsinin yekun həlli üçün strateji qərar verildi. Strateji qərar nədən ibarətdir: Rusiyanın Ukraynada uğursuzluğa düçar edilməsi, hərbi cəhətdən məğlub olması, üçüncüsü də elə bir vəziyyətə salınması ki, ən azı yaxın onillərdə belə bir hərəkətə yol verə bilməsin, qonşu ölkələrə hərbi təcavüz edə bilməsin. Bu qərar verildi, ardınca lend-liz aktı qəbul olundu və ondan sonra da hadisələrin necə sürətli şəkildə inkişafını gördünüz. Mən müharibənin ilk günündən dediyim bir fikri bir daha təkrar edirəm. Xural TV-nin hörmətli rəhbəri Əvəz Zeynallıya müsahibəmdə dedim ki, Putin ABŞ başda olmaqla, kollektiv Qərbin strateji tələsinə düşdü. İndi o strateji tələni artıq hamı görür, etiraf edir. O tələyə düşən Putin Rusiyası çırpındıqca yaraları daha da dərinləşir və daha çox qan itirir. Biz getdikcə Putinin də, Putin Rusiyasının da ”daha çox qan itirəcəyini" və zəifləyəcəyini gözləməliyik. Yəni Putin Rusiyasının taleyi artıq strateji baxımdan həll olunub. Qalır operativ-taktiki plandakı məsələlər, bu da Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Təbii ki, Rusiya burada hərbi məğlubiyyətə düçar olacaq. Birinci dalğa uğursuzluğa düçar oldu. Rusiya silahlı qüvvələri Kiyev, Çerniqov, Qostomeldən çıxmağa məcbur oldu. İndi biz ikinci dalğanın sonuna yaxınlaşırıq. Artıq Rusiya öz siyasi və strateji hədəflərini kiçiltdi, Donbasla məhdudlaşdırdı. Görürsünüz ki, indi bütün proseslər Donbas istiqamətində cərəyan edir. Bir neçə həftəyə bu hücum dalğasının da sönməyə başlayacağını və prosesin üçüncü uzunsürən bir prosesə çevriləcəyini gözləməliyik. Bu, operativ fasilə olacaq. Həm Rusiya, həm Ukrayna bu operativ fasilədən istifadə edərək, planları ilə bağlı hazırlıq görəcəklər. Rusiya həmin dövrədək tutduğu ərazilərdə möhkəmlənməyə çalışacaq, Ukrayna isə əks-hücuma keçməyə hazırlaşacaq. Müxtəlif tarixlər deyirlər. Amma mən konkret tarix deməyin əleyhinəyəm. Çünki o qədər tarixə təsir edən faktorlar  var, konkret vaxt demək çətindir. Amma yaxın bir neçə ayın içərisində Ukraynanın gözlədiyi ağır silahların gəlməsi, mənimsənilməsi və Ukraynanın əks-hücuma keçməsi gözlənilir. Bu da təxminən iyunun sonu, iyulun əvvəlində gözlənilir. Oktyabrın axırına qədər də bu, əks-hücum əməliyyatlarının aktiv fazasının davam edəcəyi gözlənilir.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR