İnsanlara hürriyət, millətlərə istiqlal!

Münxendə Azərbaycanın nüfuzuna vurulan möhür - rəylər

815 20.02.2024 11:50 Ölkə A A

Ötən həftə Prezident İlham Əliyev Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Diqqət çəkən məqamlardan biri Azərbaycan Prezidentinin dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları və çoxlu sayda dövlətlərin prezidentləri ilə ikitərəfli görüşləri oldu. Özü də həmin görüşlər məhz qarşı tərəfin təşəbbüsü və istəyi ilə həyata keçirilib. Bu, Azərbaycan və onun liderinə olan böyük diqqətin əyani təzahürüdür. 

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının yubiley tədbirinə Azərbaycan ilk dəfə çox güclü mövqe ilə, özünəinamlı, 92.12%-lik legitimliyə malik lideri ilə, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş statusda qatılmışdı. Tədbirin elə ilk günü İlham Əliyevlə görüşmək üçün xarici qonaqların çoxsaylı müraciətləri və az qala sıraya düzülməsi bunun bariz təsdiqi idi. Eyni zamanda bu, onun göstəricisi idi ki, Qərb Azərbaycanın və onun rəhbərinin nüfuzu ilə bütünlüklə hesablaşır. 

Almaniya kansleri Olaf Şolsun qısamüddətli vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan “üçlü” görüşdən sonra isə məlum oldu ki, Bakı İrəvanla münasibətlərin qaydaya salınmasında bundan sonra ikitərəfli formata üstünlük verəcək.  

Bəs Prezident İlham Əliyevin Münxendə yüksək səviyyədə reallaşan çoxsaylı təmaslarından çıxan digər əsas sonuclar nədir? Hansı nəticələrin altını cızmaq olar?

Politoloq Anar Əliyevdən 10 noyabr bəyanatına özəl baxış-VİDEO

Anar Əliyev: “Azərbaycanın bölgəsəl gücə çevrildiyi, qlobal aktor iddiaları bir daha təsdiqlənmiş oldu”

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Münxen konfransında Azərbaycan Prezidentinin iştirakı, eyni zamanda çox istiqamətli keçirilən görüşlər bir neçə baxımdan Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır və mühüm nəticələr doğuracaq: “Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti ayrı-ayrı dövlət rəhbərləri ilə yanaşı, eyni zamanda beynəlxalq təşkilatların rəhbərləri və biznes strukturlarının idarəçiləri ilə görüşlər keçirdi. Hər bir görüş Azərbaycan dövlətinin dünya üçün, dünyanı ayrı-ayrı güc mərkəzləri, həmçinin böyük iqtisadi subyektlər üçün nə qədər maraqlı olduğunu nümayiş elətdirdi. Bu, bir daha Azərbaycanın qlobal əhəmiyyətinin, strateji əhəmiyyətinin get-gedə daha da artdığının, bölgəmizlə bağlı geosiyasi proseslərdə, geoiqtisadi proseslərdə Azərbaycanın iradəsinin və baxışlarının öyrənilməsinin vacibliyini ortaya qoymuş oldu. Eyni zamanda ABŞ-ın Azərbaycan Prezidenti ilə bir neçə istiqamətli görüşlər keçirməsini qeyd etmək istəyirəm. Çünki həm ABŞ Prezidentinin xüsusi koordinatorunun, eyni zamanda ekoloji məsələlər üzrə xüsusi nümayəndənin, ABŞ dövlət katibinin İlham Əliyevlə görüşlər keçirmək istəyi və bu görüşlərin keçirilməsi Amerikanın Orta Şərq, xüsusilə də Cənubi Qafqazda bir çox istiqamətli maraqlarını həyata keçirməkdə Azərbaycan maraqları ilə hesablaşmaq məcburiyyətində olduğunu, bölgənin iradə sahibi Azərbaycan olduğunu qəbul etdiyini göstərir. Həmçinin Azərbaycanla hesablaşmaq zərurətini ifadə edir. Hesab edirəm ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərin miqyası, ölçüsü və əhatə dairəsi Azərbaycanın artıq bölgəsəl gücə çevrildiyini, qlobal aktor iddialarını bir daha təsdiqləmiş oldu. Bu görüşlərdə həm də Azərbaycan liderinin vizionunun, gələcəyə istiqamətlənmiş yanaşmalarının dünyanın ayrı-ayrı dövlətləri və strukturları tərəfindən maraqla qarşılandığını göstərdi. Bu səfər müstəqil Azərbaycan tarixində ən diqqət çəkən və yadda qalacaq səfərlərdən biri oldu. Azərbaycanın böyük bir tarixi mərhələni bitirib yeni hədəflər uğrunda mübarizəyə başladığı bir mərhələdə bu səfər və səfər çərçivəsində keçirilən görüşlər mühüm təsirləri ilə yadda qalacaq”. 

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov: “Dünya liderləri Prezident İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər”

Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, Prezidentimizin şəxsi nüfuzu hər keçən gün artır. 44 günlük müharibədən sonra ölkəmizlə yeni münasibətlər yaratmaq, yaxud köhnə əlaqələrə yeni nizam verən ölkələrin sayı kifayət qədərdir: "7 fevralda keçirilən növbədənkənar Prezident seçkisinin nəticələri Azərbaycan dövləti və onun qalib Prezidentinin dünyada reytinqini daha da yüksəltmiş oldu. Münxendə Azərbaycan Prezidentinə xüsusi diqqətin müşahidə olunması təbii idi. Bu gün dünya liderləri Prezident İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər. Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Xarici siyasətin konturlarını dövlət başçısı inauqurasiya mərasimində səsləndirib. Azərbaycan Prezident İlham Əliyevin ardıcıl, balanslı, başqalarının maraqlarına hörmət əsasında formalaşdırdığı xarici siyasət kursu ölkəmizi nəinki regional, o cümlədən dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxil edib. Bu isə artıq Azərbaycanın növbəti qələbəsidir. Dünya liderləri bir sıra regional və dünyamiqyaslı məsələlərlə bağlı Azərbaycan Prezidentinin mövqeyini öyrənməyi, onunla məsləhətləşməyi üstün tuturlar. Münxendə Prezident İlham Əliyevin daha çox yeni reallıqları diktə edən qlobal lider kimi qarşılandığı aydın formada göründü”. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münxen Təhlükəsizlik Konfransıdır: "Liderlər Münxendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün, Rusiya prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Misal üçün, Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-ya üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi. 

Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münxen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münxendə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi ona idi ki, Qarabağda antiterror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR