"The Guardian" nəşri 2021-ci ilin sonlarından başlayaraq ABŞ və Böyük Britaniyanın Ukrayna və Avropa ölkələrini yaxınlaşan müharibə barədə inandırmağa çalışdığını yazır.
Musavat.com xəbər verir ki, məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Britaniya MI6 peyk görüntülərində Rusiya sərhədi boyunca on minlərlə hərbçinin toplaşdığını, Ukrayna daxilində prorusiya qruplarının aktivləşdiyini və hərbçilərin hücuma eyham vuran danışıqlarını qeydə almışdı.
Lakin Paris, Berlin və hətta Kiyev bu hərəkətliliyi real işğal hazırlığı yox, siyasi blef hesab edib.
Avropa xüsusi xidmətləri üçün əsas psixoloji baryer Vladimir Putini “rasional oyunçu” saymaları idi - onlar belə riskli addım atılacağına inanmırdılar.
2022-ci ilin yanvarında amerikalılar daha konkret plan əldə etdi: hücumun bir neçə istiqamətdən başlanacağı, Belarus ərazisindən zərbə, Kiyev yaxınlığında Qostomel aerodromuna desant çıxarılması, paytaxtın ələ keçirilməsi planı, hətta Vladimir Zelenskinin öldürülməsi ssenarisi.
CIA direktoru bu məlumatları çatdırmaq üçün təcili Kiyevə uçsa da, Ukrayna rəhbərliyi xəbərdarlığı ciddiyə almayıb.
Zelenski panikanın iqtisadiyyatı çökdürəcəyindən qorxurdu və Qərbin özünün vahid mövqedə olmaması da şübhələri artırırdı.
Yüksək vəzifəli ukraynalı məmurlardan biri bildirib:“Britaniyalılar və amerikalılar deyirdi ki, müharibə qaçılmazdır, fransızlar və almanlar isə “qulaq asma, bu cəfəngiyyatdır” deyirdilər”.
Musavat.com






