İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə gedə-gedə “referendum” – Kreml ermənilərin qələtini təkrarlayır

3330 24.09.2022 14:32 Yazarlar A A

Rusiya işğalı altındakı Ukrayna ərazilərində dünəndən saxta referendum səsverməsi başlayıb. Təbii ki, səs verənlər ruslardır. Yerli Ukrayna əhalisi çoxdan öz yurd yerindən köçkün düşüb. Demək, referendum ən azı, ədalətli və azad deyil. Ən əsası, bu, əlbəttə, nəinki ölkələrin ərazi bütövlüyü prinsipinin ələ salınmasıdır, ümumən beynəlxalq hüquqa tüpürməkdir.

Kimə olmasa da, hər halda bizə tanış mənzərədir, deyilmi? Axı müharibə gedə-gedə, qaçqınlar ordusu ola-ola, nə referendum, hansı obyektiv səsvermə? Taleyüklü bir referendumla bağlı nə vaxt bölgədə, ölkədə (Ukraynada) normal təbliğat və izahat işi aparıldı, əleyhdarlar və tərəfdarların teledebatları təşkil olundu, görən varmı? Bəs səsverməni izləyən beynəlxalq müşahidəçilər harda qaldı?

Erməni işğalçıları kimi ərazidə etnik təmizləmə apar, köklü əhalinin yurdundan qov, sonra da referendum tamaşası düzəldib dünyaya car çək ki, “biz artıq öz müqəddəratımızı təyin elədik, xahiş edirik, bizi tanıyın!” Belə olmur, olmayacaq. Necə ki, ermənilərdə alınmadı.

Bir dəfə yazmışdıq, rusların da öz “erməni xəstəliyi” var. Harda rus yaşayır, deyirlər ora bizimdir, “Novorosiyadır”, qədim rus torpağıdır. Daha rus ora nə vaxt, necə gəlib və ya gətirilib, veclərinə deyil, yaxın-uzaq tarix onları heç ilgiləndirməz. Çünki daim “güclü həmişə haqlıdır” prinsipindən çıxış ediblər. Gəl ki, bu dəfə ilişiblər, əməllicə palçığa giriblər...

Kremlin növbəti “referendum” hoqqası fonunda 2 absurd detal xüsusi diqqət çəkir. Biri erməni kökənli XİN başçısı Sergey Lavrov-Kələntərovun o gün BMT tribunasından verdiyi “Ukrayna beynəlxalq hüquqa və təhlükəsizliyə əsas təhlükə mənbəyidir” həyasız bəyanatıdır.

İşə bax, hamıdan birinci beynəlxalq hüququn anasını ağladasan, sonra da guya onun dərdini çəkəsən. Sən demə, Rusiya Ukraynaya beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsini qorumaq və bərpa eləmək, xalqlara xoşbəxtlik gətirmək üçün giribmiş. İnsafsız və “ədalətsiz” dünya, o sırada Türkiyə, Azərbaycan da onun bu “nəcib missiya”sını anlamaq, ona dəstək olmaq istəmir. Siyasi riyakarlığın zirvəsi yəni.

Qonşunun evinə silahlı basqın edib sakinlərini didərgin sal, qırıb çat, üstəlik də ev yiyəsindən dünyaya şikayətlən ki, özünü yaxşı aparmır. O ev yiyəsi ki, basqınçını yerindəcə, dərhal məhv eləmək haqqına, elementar özünümüdafiə hüququna sahibdir və buna görə ona heç kəs “gözün üstdə qaşın var” deyə bilməz! Necə ki, demir.

İkinci absurd Putinin reytinqinin guya hələ də yüksək səviyyədə (80%) qalmasıdır. Niyə “guya”?

Ona görə ki, kim nə deyir-desin, rus gənci, rus mujiki Ukrayna müharibəsini özününkü, vətən müharibəsi saymır, qardaş qırğını hesab edir. O səbəbə kiminsə hakimiyyət hərisliyi yolunda “top əti” olmaq istəmir, ilk fürsətdəcə baş götürüb Rusiyadan “yaxın xaric”ə, uzaqlara qaçır, savaşa getməkdən yayınır, səfərbərliyə qarşı dirənir. O zaman bu 80% haradan çıxdı?

Axı bu dəqiqə Putinə rəğbət - ədalətsiz və mənasız müharibəyə rəğbət deməkdir. Ukraynada mülki infrastruktura çox tonluq raket zərbələrinin davam eləməsinə, günahsız insanların (ruslar da daxil) qətlinə “hə” deməkdir. Nəhayət, Putinin nüvə dəliliyinə haqq qazandırmaq, onu atom düyməsi basmağa daha da həvəsləndirmək deməkdir. Hansı atom silahı ki, rus xalqının da, Rusiyanın da dərhal sonunu gətirəcək.

Rus xalqı bunumu arzulayır? Yaşamaqdan, həyatdan bezibmi? İnanmaq çətindir. Odur ki, 80%-ə də inanmaq olmur.

Bilirsizmi bu, nəyə bənzəyir? 1991-ci ilin martında SSRİ-nin saxlanması haqda saxta bir referendum keçirilmişdi. Cəmi 9 ay sonra - həmin ilin dekabrında isə Şər imperiyası tarixin zibilliyinə gömüldü. Çünki referendum səsverməsi gərək azad, ədalətli ola, dünya birliyi, heç kim onun obyektivliyinə şəkk eləməyə. Bu dərəcədə bəsit məntiq.

Belə görünür Rusiya SSRİ-nin aqibətinə doğru gedir. Çünki SSRİ-nin səhvini və vaxtilə Qarabağda ermənilərin elədiyi qələtləri təkrarlayır. Babalı öz boyunlarına. Ancaq “tarixin təkəri”ni geri döndərmək mümkünsüz. Tarixi faciələrdən ibrət götürməyənlər isə onu bir də yaşayırlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR