İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə büdcəsi qızılı da “yeyir”

1138 21.07.2026 14:29 Dünya A A

Rusiya federal büdcəsində yaranmış nəhəng kəsiri maliyyələşdirmək üçün ölkənin qızıl ehtiyatlarının satışını davam etdirir. Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları ilin əvvəlindən 43,5 ton azalaraq son 25 ilin rekordunu müəyyənləşdirib.

Musavat.com xəbər verir ki, Rusiya Mərkəzi Bankı artıq altıncı aydır ardıcıl olaraq ehtiyatlarındakı qızılı azaldır.

Bu proses federal büdcənin cəmi altı ay ərzində təxminən 6 trilyon rubla çatan kəsiri fonunda baş verir.

Rusiya Mərkəzi Bankının dünyada həcminə görə beşinci olan qızıl ehtiyatı təkcə iyun ayında daha 0,3 milyon troya unsiyası və ya 9,33 ton azalıb. İlin əvvəlindən isə azalma 1,4 milyon unsiya – 43,5 ton təşkil edib.

Dünya Qızıl Şurasının (World Gold Council) statistikasına görə, bu, ən azı son 25 ildə Rusiyada qeydə alınmış ən böyük qızıl satışı olub. Rusiya Mərkəzi Bankı buna yaxın miqyasda qızılı sonuncu dəfə 2002-ci ildə satmışdı. Həmin ilin yanvar-iyun aylarında ölkənin qızıl ehtiyatları 36,1 ton azalmışdı.

Müqayisə üçün, hətta COVID-19 pandemiyası dövründə Rusiya hakimiyyəti rublu və dövlət büdcəsini dəstəkləmək məqsədilə valyuta-qızıl ehtiyatlarından aktivlər satarkən indiki göstəricidən təxminən altı dəfə az – 2020-ci ilin iyulundan 2021-ci ilin aprelinədək cəmi 7,6 ton qızıl realizə edilmişdi.

2026-cı il iyulun 1-nə Rusiya Mərkəzi Bankının qızıl ehtiyatı 2 283 tona – 73,4 milyon troya unsiyasına qədər azalıb. Bu, 2020-ci ilin fevralından bəri ən aşağı göstəricidir.

Qızıl satışından təxminən 5,6 milyard dollar əldə edilmiş ola bilər.

“Freedom Global”ın analitiki Vladimir Çernov “Reuters”ə bildirib ki, bu vəsait büdcənin balanslaşdırılmasına yönəlib. Onun sözlərinə görə, ötən ilin payızından Mərkəzi Bank daxili bazarda qiymətli metallarla əməliyyatlar həyata keçirərək Maliyyə Nazirliyinin Milli Rifah Fondunun vəsaitləri ilə apardığı analoji əməliyyatları kompensasiya edir.

Çernov izah edib ki, neft-qaz gəlirləri büdcə qaydasında nəzərdə tutulmuş səviyyədən aşağı düşdükdə və ya Milli Rifah Fondunun vəsaitləri ölkə daxilində investisiyalara yönəldildikdə Mərkəzi Bank likvid ehtiyat aktivləri ilə qarşılıqlı əməliyyatlar həyata keçirir. Analitik vurğulayıb ki, bu mexanizmdə Mərkəzi Bank texniki funksiyanı yerinə yetirir və büdcə kəsirini qızıl satmaqla bağlamaq barədə ayrıca siyasi qərar qəbul etmir.

Qızılın belə əməliyyatlar üçün əlverişli olmasının əsas səbəblərindən biri onun Rusiya ərazisində saxlanılması və Qərbin sanksiyalarına baxmayaraq Mərkəzi Bank üçün əlçatan qalmasıdır. Bundan başqa, son illərdə dünya bazarında qızılın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi də Moskva üçün bu ehtiyatın satışını daha sərfəli edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR