İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva yaxın qonşuları yenə hədələdi - Azərbaycanın NATO-da nə işi?

2682 25.08.2023 14:55 Siyasət A A

Bakıdan reaksiyalar: nə Azərbaycan Gürcüstandır, nə də Qarabağ Abxaziya və ya Osetiya; analitiklərin şərhi

Rusiya Ukrayna bataqlığında ilişsə də, arada “Yaxın xaric” saydığı müstəqil ölkələri hədələməyindən də qalmır. Bu dəfə yenə sabiq prezident, Putinin sadiq dostu Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev fərqlənib.

“Moskva Gürcüstandan ayrılan Cənubi Osetiya və Abxaziya bölgələrini ilhaq edə bilər”.

Bu barədə o, Gürcüstan müharibəsinin başlanmasının və bitməsinin on beş illiyinə həsr olunmuş “Arqument i Facts” nəşrinə yazdığı məqaləsində yazır: “Nəhayət, Qərb daha bir vacib, lakin zəruri dərs çıxarmalıdır. 2008-ci ildə yaranmış təhdidləri aradan qaldırıb təhlükəsizliyi təmin edəndə Tiflisə hücumu dayandırdıq. Amma indi vəziyyət yenidən gərginləşir - görünür, sərhədlərimiz yaxınlığında Ukrayna cinahından əlavə daha bir gərginlik ocağı yaratmaq üçün. Yenə də Gürcüstanın NATO-ya qəbulu ilə bağlı söhbətlər gedir. Təlimata uyğun şəkildə, bu ölkədə rusofobiya partlayışları başlayıb”.

Medvedevə görə, Rusiyaya tarixin təkrarı - 2008-ci il lazım deyil. “Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları varsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Və bunun üçün əsaslı səbəblər olduqda həyata keçirilə bilər”, - deyə rusiyalı siyasət qırğısı vurğulayıb.

Bu açıqlama, sözsüz ki, digər postsovet ölkələrinə də mesajdır, xüsusən də ərazisində rus icması, Rusiya pasportları daşıyanların olduğu keçmiş müttəfiq respublikalara.

Qeyd edək ki, Azərbaycan onsuz da NATO üzvü Türkiyə ilə müttəfiq, “ət-dırnaq” kimidir. Ordumuz mini-Türkiyə modelinə keçidi tamamlamaq üzrədir. Bu ilin yayından isə iki qardaş ölkənin vahid hava məkanını qoruyacaq ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsi reallaşmağa başlayıb. Şuşa Bəyannaməsi də öz yerində.

Yəni nə Azərbaycan Gürcüstandır, nə də Qarabağ Abxaziya və ya Osetiya. Azərbaycana hücum isə birbaşa NATO üzvü Türkiyəyə hücum demək olacaq və əksinə. O zaman alyansa üzvlük nəyimizə gərək? Yoxsa nə vaxtsa bu məsələ də gündəmə gələ, Rusiyanı qıcıqlandıra bilər?

Qalib orduda neqativ hallar

 Alp Arslan İmamqulu

Hərbi ekspert Alp Arslan İmamqulu Turan ordusundan söz açdı: “Azərbaycan bu gün hər hansı bir siyasi ittifaqda yer almaqdan ziyadə, Türk Dövlətləri Təşkilatı timsalında yeni bir alyansın yaradılmasında maraqlı olmalıdır. Ən azından bir iqtisadi ittifaq və davamında bir Turan ordusunun yaradılmış olması gücümüzü daha da artırmış olacaq. Təbii ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin bir çoxunun fərdi qaydada problemləri olsa da, biz artıq ortaq müstəvidə bir araya gələrək bu problemlərin öhdəsindən gəlmək istiqamətində ciddi addımlar ata bilərik. Bunu edə bilmək üçün bu gün ortaq əlifbanın, dilin, pul vahidinin ortaya qoyulması, iqtisadi olaraq ortaq mərkəzlərin yaradılması, elm və tərəqqi adına ortaq elm, akademiyaların ortaya qoyulması çox önəmlidir. Bununla yanaşı, təbii ki, bu istiqamətdə əsas onurğa sütunu bizim üçün ortaq ordunun, müdafiə sənayesinin yaradılmış olmasıdır. İstər hava məkanlarının, istər quru sərhədlərimizin ümumi şəkildə qorunma prinsiplərinin ortaya qoyulması gələcəkdə Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin bir növ tək millət kimi alyansının yaradılmasına təkan vermiş olacaq. Bunun üçün yetərincə nümunələr var. Bu gün Avropanın ortaya qoyduğu NATO kimi təşkilatının olması, Avropa İttifaqının mövcudluğu buna misaldır. Bu təcrübələrdən faydalanmaq bizə yetər ki, biz sürətlə bu keçidi edə bilək. Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatının yerləşdiyi coğrafiya bu gün üzü Asiyadan Avropaya qədər bir çox dövlətlərin enerji ilə təmin olunmasına böyük töhfələr verir”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, nə Gürcüstanın, nə də Ukraynanın Türkiyə kimi müttəfiqi yoxdur: “Nə Gürcüstan, nə də Ukraynaya görə heç kəs Rusiya ilə müharibə edən deyil. Azərbaycanın isə Rusiya ilə də, bütün dünya ilə də müharibə edəsi Türkiyə kimi müttəfiqi var. Bu baxımdan Azərbaycan digərlərindən çox şanslıdır. Üstəlik, Azərbaycanın Pakistan kimi də müttəfiqi var. Türkiyə-Pakistan-Azərbaycan hərbi birliyi müsəlman dünyasının ən güclü ittifaqıdır. Bu vəziyyət də ümumi düşmənlərimizi çox narahat edir. Ona görə də bu üçlü birliyimizi daha da möhkəmləndirib yeni üzvlər də qəbul etmək lazımdır ki, daha böyük İslam siyasi-iqtisadi-hərbi ittifaqı qurulsun. Bəhs etdiyimiz ittifaqda qeyri-müsəlman ölkələri də yer ala bilər. Bu gedişat daha çox qardaş Türkiyəmizin güclənməsindən asılı olacaq. Çünki Türkiyə hal-hazırda həm Türk, həm də İslam dünyasının ən nüfuzlu və güclü ölkəsidir.

NATO üzvlüyünə qəldikdə isə, ora Ukraynanı qəbul etmirlər, bizi kim qəbul edəcək?! Fikrimcə, bu barədə danışmaq tezdir və əhəmiyyətsizdir. Real şeylərdən danışmaq lazımdır. Məsələn, Turan Birliyindən. Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı vahid Turana qoyulmuş fundament ola bilər. Özbəkistan prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi çox vacib bir məqam idi. Azərbaycan, başda Türkiyə olmaqla, bütün türk dövlətləri ilə münasibətləri yaxınlaşdırmalı, dərinləşdirməli və genişləndirməlidir. Paralel olaraq da, yuxarıda qeyd etdiyim kimi, Pakistan kimi müsəlman dünyasının qeyri-türk dövlətləri ilə də sıx əlaqələr qurulmalıdır. NATO üzvlüyünə gəldikdə isə, yenə söyləyirəm-Bosniya, Albaniya, Serbiya, Ukrayna, Gürcüstan növbəsini gözləyərkən Azərbaycana hələ çox var, əgər, ümumiyyətlə, varsa..."

Azərbaycanlıların şüurundakı din travması...

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu regionda dəyişən reallıqlardan söz açdı: “Əlbəttə, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi Rusiyada xoş qarşılanmır. Rusiya digər keçmiş ittifaq respublikaları əraziləri kimi, Cənubi Qafqazı da öz təsir dairəsi hesab edir. Və buraya digər dövlətlərin daxil olmasına isti yanaşmır. Ancaq Türkiyə ilə son illərdə əlaqələrin inkişafı, Suriyada əldə olunan razılaşma Moskvanın, necə deyərlər, əl-qolunu bağlayır. Xüsusilə də indiki Ukrayna müharibəsi Moskvanı çətin duruma salıb. Ancaq düşünmürəm ki, Rusiya konkret olaraq Azərbaycanın müstəqilliyini birbaşa təhdid edə bilər. Abxaziya və Cənubi Osetiyada vəziyyət fərqlidir. Azərbaycan müstəqil dövlətdir, bu reallığı kimsə dəyişə bilməz. Sadəcə, Cənubi Qafqaz regionuna nəzarətdən söhbət gedir. Cənubi Qafqaz ən azı 3 əsrdir 3 böyük imperiyanın mübarizə meydanıdır. İndi isə regionu iddia edən dövlətlər daha çoxdur. Azərbaycan üçün əsas məsələ bu əbədi maraqlar toqquşmasında ağıllı siyasət apararaq müstəqilliyini və siyasi suverenliyini heç bir böyük dövlətin ixtiyarına verməsin. Əksinə, ağıllı və tədbirli siyasət sayəsində regionda aparıcı söz sahibi kimi bir dövlət olsun”.  

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR