İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Xankəndidəki “at”ını qurban verdi

1836 24.02.2023 09:15 Siyasət A A

Ruben Vardanyan “vəzifədən” azad edilsə də, Xankəndidə qalmağa davam edəcəyi deyilir

Ruben Vardanyan Qarabağdakı qondarma qurumun “dövlət naziri” vəzifəsindən azad edilib. Musavat.com erməni mediasına istinadən bildirir ki, onun yerini qondarma rejimin “prokuroru” Qurgen Nersisyan tutacaq.

Erməni mediası bildirir ki, Bakının Laçın dəhlizinin açılması və Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı Xankəndi ilə danışıqlara başlaması üçün şərtlərdən biri idi. Bundan əvvəl Ermənistanın “Hraparak” qəzeti yazmışdı ki, Vardanyan “vəzifədən” azad edilsə də, Xankəndidə qalmağa davam edəcək. “Past” nəşri isə bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların “dövlət naziri” Ruben Vardanyanın “yoldan çəkiləcəyinə” söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

 “Ruben Vardanyan işdən çıxarılacağı təqdirdə  Qarabağı tərk etməyəcək”. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, bunu Ruben Vardanyanın müşaviri Mesrop Arakelyan bir gün əvvəl AzadlıqRadiosuna müsahibəsində deyib. “Hər hansı siyasi dəyişikliyin olub-olmamasından asılı olmayaraq, Ruben Vardanyanın Qarabağa (qondarma, oyuncaq "dqr" nəzərdə tutulur - red.) sədaqəti dəyişməz qalacaq və o, mövcud təhdidlərə tab gətirmək üçün əlindən gələni edəcək", - deyə Arakelyan söyləyib. Vardanyanın tutduğu vəzifədən uzaqlaşdırıla biləcəyi məsələsinə gəldikdə, Mesrop Arakelyan onda belə bir məlumat olmadığını demişdi.

Qeyd edək ki, Ruben Vardanyanın fevralın 23-dək “dövlət naziri” postunu tərk edəcəyi barədə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan anons etmişdi. O deyib ki, Azərbaycan ərazisindəki separatçı qurumun “dövlət naziri” postunu tərk edəcək. Ruben Vardanyanın yerinə isə Qurgen Nersisyan gətiriləcək. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti də yazmışdı. Bildirilirdi ki, Xankəndidəki separatçı rejim dəyişikliyə hazırlaşır və qondarma dövlət naziri Ruben Vardanyanın yerinə “baş prokuror” Qurgen Nersisyan gətirilir. Nəşr onu da bildirib ki, separatçıların lideri fevralın 23-də xüsusi müraciətlə Nersisyanın yeni vəzifəsini elan edəcək.

Rusiyalı bir çox ekspertlər isə  Vardanyanın Kremlə hələ lazım olduğunu vurğulayırdılar. “Rusiya Dağlıq Qarabağı subyekt olaraq yüksəltmək imkanlarına çox ciddi yanaşır. Moskva bu təklifə problemin həlli formulu, o cümlədən Rusiya sülhməramlılarının Qarabağda olma müddətinin uzadılma forması olaraq baxır”. Bu barədə NEWS.am-a açıqlamasında Rusiyanın Avrasiya İttifaqının inkişaf problemləri üzrə İnstitutunun ( EAES) direktoru, politoloq Vladimir Lepexin bildirib. Ekspert deyib ki, buna baxmayaraq Rusiyaya bu gün Qafqazda əlavə cəbhə, “qaynar nöqtə” lazım deyil. Burada hazırda Türkiyə Moskva üçün vacib kanal sayılır: “Rusiya və Türkiyə müttəfiq deyil. Onların münasibəti hər an pozula bilər. Bu isə Rusiya üçün ciddi zərbə olacaq. Ona görə də Ukraynada xüsusi əməliyyat qurtarana qədər Rusiya Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin maraqlarına toxunan heç bir addım atmayacaq. Ukraynada "xüsusi əməliyyat" bitdikdən sonra Rusiya öz fəaliyyətini Cənubi Qafqazda fəallaşdıracaq. İlk növbədə  erməni əhalisinə dəstək verməklə Qarabağ məsələsini həlli üçün təkliflərini açıqlayacaq". Politoloq iddia edirdi ki, Rusiya Xankəndində olan milyarder Ruben Vardanyanın “oyundan çıxarılmasını” istəmir. Görünür, Qarabağ separatçılarının oyuncaq “xarici işlər naziri”nin Moskvaya səfəri də məhz bu məsələlərlə bağlı olub. Amma Rusiya “at”ını qurban verməyə məcbur oldu...

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhendə “Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı “Qarabağın erməni icması ilə kommunikasiya o halda başlaya bilər ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin” demişdi.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Ruben Vardanyanın Qarabağdan rədd olub getməsi barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tələbi ilə Qərbdəkilər, ilk növbədə də ABŞ razılaşmışdı: “Məhz bu razılığın nəticəsi idi ki, Paşinyan Münhendən dönər-dönməz Vardanyanın "dövlət nazirliyi"ndən çıxarılacağı məsələsi gündəmə gəldi. Düzdür, normalda vəzifədən çıxarılmanın belə “detallı” anonsu verilmir. Amma söhbət dövlət anlayışı olmayanlardan və Qarabağdakı separatçı rejimdən getdiyindən orada hər şey mümkündür. Paşinyan ABŞ-ın diktəsi ilə Vardanyanı  Sorosun uşaqlarından biri ilə əvəzləmək tapşırığını  yerinə yetirdi". S.Alıyev qeyd etdi ki, əgər Vardanyan "vəzifə"dən çıxarılmasaydı, bu, Paşinyanın növbəti primitiv oyunu olacaqdı. Əgər rədd olub getməsəydi, biz Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurandan sonra onun tutulub Bakıya gətiriləcəyini də gözləmək olardı".

Siyasi şərhçi Elçin Mirzəbəyli isə bu barədə aşağıdakı fikirləri söylədi: “Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını, erməni əhalinin yaşadığı Qarabağ rayonunun olduğunu bəyan etməsi, beynəlxalq hüququn subyektlərini Azərbaycanın suverenliyinə və konstitusiyasına hörmətlə yanaşmağa çağırması, həmçinin Qarabağa “ixrac edilmiş”, yaxud “gizli yollarla keçirilmiş”, bu əraziyə hər hansı bir formada aidiyyəti olmayan şəxslə hər hansı bir müzakirənin aparılmasının istisna olduğunu bildirməsi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərini də hərəkətə gətirib və separatçılar həm öz mövcudluqlarını nümayiş etdirmək, həm də sülhməramlıların öz missiyalarını yerinə yetirmək iqtidarında olmadığı mənzərəsini yaratmaq üçün təxribata əl atıblar.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli

Yəni separatçıların, yalnız Ruben Vardanyanın getməsini əngəlləmək üçün təxribata əl atdıqları inandırıcı deyil. Çünki hər dəfə Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindən təxribat həyata keçiriləndə, bu, ilk növbədə sülhməramlıları hədəfə gətirir, həmçinin həmin ərazilərdə antiterror əməliyyatının keçirilməsi zərurətini ortaya qoyur". E.Mirzəbəyli hesab  edir ki,  həyata keçirilən təxribatların miqyası genişlənəcəyi halda, Rusiya sülhməramlıları da antiterror əməliyyatını, missiyalarına uyğun olaraq, sadəcə, müşahidə etməli olacaq: “Bu baxımdan, Azərbaycanın Qarabağ rayonunda yaşayan ermənilər üçün yalnız bir perspektiv var: Azərbaycan qanunlarına tabe olmaq və ölkəmizin digər vətəndaşları kimi qanunlar çərçivəsində yaşamaq. Əks təqdirdə, erməni icmasının təmsilçiləri Xankəndidə Azərbaycan komandolarının pişvazına çıxmalı olacaqlar”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı əmindir ki, Vardanyanı Qarabağa Rusiya rəhbərliyi göndərmişdi: “O, Xankəndidə konkret tapşırıqları yerinə yetirməli idi. Vardanyanın oradan uzaqlaşdırılması qərarını "dqr" və ya Paşinyan deyil, Putin verib. Vardanyanı oraya göndərməkdə məqsədi var idi, ona görə də ondan maksimum dərəcədə istifadə etmək istədilər, amma alınmadı. Müşahidələrimizə görə, Vardanyan istefa versə də, hələ bir müddət regionda qalacaq". A.Nağı dedi ki, regionda vəziyyət getdikcə gərginləşir: “Avropa İttifaqı, ABŞ iddialarını daha təkidlə ortaya qoyur,  onlar güc amilini də ortaya qoymağa, bunu hələlik "missiya" adı altında həyata keçirməyə çalışırlar. Rusiya Qərbin bu təzyiqlərini zərərsizləşdirməyə çalışır, bunun üçün gərginliyi artırır, atəşkəsin bir aylıq fasilədən sonra geniş miqyasda pozulması da Kremlin təşəbbüsləri ilə bağlıdır".

1968-ci ildə İrəvanda doğulan Ruben Vardanyan Moskvada, ABŞ-da, Fransada və Sinqapurda təhsil alıb, “Skolkovo” Biznes Məktəbinin təsisçisidir. 1 milyard dollara qədər sərvəti olan Vardanyan “Forbes” jurnalının 2021-ci ildəki məlumatına görə, Rusiyanın 200 ən varlı adamı siyahısında 116-cı yerdə olub. Hazırda isə onun sərvəti 1,3 milyard dollar təşkil edir.

İnvestor iş həyatına ilk böyük addımı 1991-ci ildə atıb. Həmin ildə amerikalı Peter Derbi ilə Rusiyanın beynəlxalq bank lisenziyası alan ilk özəl bankı “Troyka Dialoq”u təsis edib və 10 il banka rəhbərlik edib. 2012-ci ildə “Troyka Diaoluq”un bütün səhmlərini “Sberbank” aldıqdan 1 il sonra isə "Troyka Dialoq"un icraçı direktoru, keçmiş partnyoru Mixail Broytmanla birlikdə “Vardanyan, Broitman and Partners” investisiya şirkətini yaradaraq bu şirkətlərin 75%-nə sahiblik edib. Milyarderin  “Vardanyan, Broitman and Partners” tərəfindən idarə olunan aktivləri arasında Ermənistanın özəl bankı “Amerikabank”ın səhmləri də var.

Bundan başqa, müxtəlif dövrlərdə Rusiyada və bir çox xarici şirkətlərdə direktorlar şuralarının, ekspert və məsləhət şuralarının üzvü olub.  Buraya Rusiyanın aparıcı “Sollers Avto”, “AvtoVAZ”, “Sibur Holdinq”, “Novatek”, “Şeremetyevo” hava limanı daxildir.

Bu gün o, Rusiyada “Romanov Dvor” biznes mərkəzinin sahibidir, “KamAZ” avtomobil konsernində payı var, 2022-ci ilin fevralına qədər isə “BaltTransService” dəmiryol operatorunda pay sahibi olub.

E.Paşasoy,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR