İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva NATO-nu dayandıra bildimi?..

644 04.04.2023 10:15 Yazarlar A A

Bəli, ötən həftənin sonunda qardaş Türkiyədən xəbər gəldi ki, Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolları ratifikasiya edibdir. Daha sonra bildirildi ki, prezident Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin qərarını təsdiqləyibdir.

Qeyd edək ki, bununla da Finlandiyanın NATO-ya üzvlük məsələsi demək olar ki, həll olunubdur - 30 dövlət onun ərizəsini ratifikasiya edib. Bir sıra xırda formallıqlar bitəndən sonra Helsinki NATO-nun iyul sammitində Alyansa üzv qəbul ediləcəkdir.

O ki qaldı digər bir namizədə - İsveçə, prinsipcə, onun da iyula qədər vaxtı var və əgər Stokholm Ankara ilə münasibətlərini qaydaya qoyarsa, o halda güman ki, onun da üzvlük məsələsi həll olacaq.

Amma İsveçdən hələ ki belə işarə görünmür. Finlandiya daha ağıllı tərpəndi, Türkiyəyə silah satışına qoyulmuş embarqonu aradan qaldırdı və bununla da özünün NATO-ya yolunu açdı. Amma İsveç belə etmir, özünü elə aparır ki, sanki terrorçu kürd separatçılarının maraqları Stokholmun öz milli maraqlarından daha önəmlidir...

Qərəz, NATO son illərdə özünün ən mühüm addımlarından birini atmaqdadır. İndi hamını bir sual düşündürür: Rusiyanın reaksiyası necə olacaq? Kreml Finlandiyaya və İsveçə müharibə elan edəcəkmi?

Əvvəlcə onu deyək ki, Moskvada belə söz gəzirdi ki, guya Türkiyə NATO-da Rusiyanın maraqlarına “lobbiçilik” edir. Amma bir daha aydın oldu ki, bütün bunlar ağ yalandan başqa bir şey deyil - Türkiyə öz milli maraqlarının keşiyindədir və o, heç də Rusiya politoloqlarının dediyi kimi, NATO-nu tərk etmək və yaxud da ki, onun genişlənməsini dayandırmaq fikrində bulunmur.

O ki qaldı Moskvanın Helsinkinin və Stokholmun qərarına münasibətinə, Kreml lap əvvəlcədən bəyan etmişdi ki, onun bu ölkələrlə problemi yoxdur. Bəli, bir daha aydın oldu ki, Rusiyanın və onun prezidentinin problemi postosvet ölkələri ilədir: Putin keçmiş sovet ölkələrini qaytarmaq istəyir, adını da qoyur ki, guya NATO-nun Şərqə doğru, öz sərhədlərinə doğru genişlənməsinin qarşısını almaq istəyir. Amma bir daha aydın oldu ki, Kreml istəsə də bunu edə bilməz, çünki ölkələr özləri NATO-ya üzv olmağa can atırlar. Moskvanın çabalarının isə yalnız və yalnız əks nəticələri ola bilir. Məsələn, bu yaxınlarda bəlli oldu ki, Kremlin Ukraynadan başqa Moldova ilə bağlı da planları var. Di gəl, bu nəyə gətirib çıxardı? Əvvəllər neytral qalmaq istəyən Kişinyov da NATO haqqında düşünməyə başladı...

Bəs bütün bunların bizim üçün hansı nəticələri ola bilər? Hazırda biz çox gərgin bir dövr yaşayırıq. Bir tərəfdən ona görə ki, Qərb-Rusiya qarşıdurması həm də Cənubi Qafqazdan keçir və bu, öz ifadəsini həm də Azərbaycan-Ermənistan münaqişəsində tapır.

Sonuncu ilə bağlı onu demək olar ki, Bakı öz məqsədlərinə doğru addımlamaqdadır. Bu son günlərdə belə məlum oldu ki, Azərbaycan Ordusu Laçın dəhlizini və ətrafdakı mühüm yüksəklikləri öz nəzarətinə götürüb. Amma Azərbaycanın bir problemi yaranıb - bu da qonşu İrandır. Son vaxtlar daha iki dövlət Rusiyanın Ukraynada apardığı müharibənin “təcrübə”sini öyrənir: Çin bunu Tayvanı işğal etmək üçün edir, İran isə təhdid ünvanı kimi Azərbaycanı seçibdir. Ona görə də biz maksimum dərəcədə ehtiyatlı olmalı, zərgər dəqiqliyi ilə hərəkət etməliyik. Ona görə ki, Rusiya ilə İran arasındakı geosiyasi arakəsmədə yerləşirik və bu iki dövləti ən azı eyni vaxtda özümüzə qarşı qoya bilmərik.

Əlbəttə ki, biz qətiyyən tək deyilik. Qardaş Türkiyə, Pakistan və İsrail kimi müttəfiqlərimiz var. Hətta ABŞ belə Bakı-Tehran münasibətlərini diqqətdə saxlamağa çalışır. Düzdür, aydın məsələdir ki, Vaşinqton Bakıya görə Tehranla vuruşmayacaq, necə ki, o, bunu Ukraynada etməyə tələsmir. Amma Rusiya və İran tamamilə başqa məsələdir. Unutmayaq ki, vaxtilə məhz ABŞ Səddam Hüseyni və İraq qoşunlarını Küveytdən vurub çıxarmışdı. Bunu nəyə görə deyirik? Ehtiyatlı olmalı və öz çevrəmizi genişləndirməli, müttəfiqlərimizin sayını artırmalıyıq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR