İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva görüşünə ümid edəkmi... - yekun sənədə doğru, yoxsa...

815 18.05.2023 09:14 Siyasət A A

Azərbaycan və Ermənistan arasında 2 ildən çoxdur davam edən sülh danışıqları bugünədək konkret bir nəticə verməyib. Ötən müddətdə həm Rusiyada, həm Avropada, həm də ABŞ-da çoxsaylı - ikitərəfli, üçtərəfli görüşlər baş tutub. Düzdür, bir sıra görüşlərin yekununda irəliyə doğru daha bir addım atıldığı bəyan edilib. Ancaq hələlik hansısa bir razılaşma sənədinin imzalanmasına nail olunmayıb.

Sonuncu - Vaşinqton görüşlərindən sonra növbəti görüşün Moskvada baş tutacağı bildirilirdi. Artıq buna hazırlıq gedir. Erməni mediası yazır ki, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib ki, mayın 19-da Moskvada Mirzoyan-Bayramov danışıqları gözlənilir. Bu çərçivədə Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün də mümkünlüyü istisna deyil. Onun sözlərinə görə, mayın 19-dakı görüş dəqiqləşdirilib, lakin hələlik bəlli deyil ki, nazirlər üçtərəfli formatda və ya ayrıca görüşəcəklər. Bəzi ekspertlər iddia edir ki, nazirlərin görüşündə pozitiv çalarlar olarsa, bunun ardınca Azərbaycan və Ermənistan rəhbərləri də Rusiyada növbəti dəfə görüşüb müzakirə apara bilərlər. Nəzərə çatdıraq ki, Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin Qərbdə, Avropada baş tutmasına qarşı olduğunu gizlətmir. Rusiya rəsmiləri dəfələrlə açıqlama veriblər ki, hər hansı nizamlanma 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində olmalıdır. Hətta o da sirr deyil ki, Qərbdə, Avropada baş tutan müzakirələrə Kreml qıcıqla yanaşır. Hətta bu görüşlər ərəfəsində və ya ondan dərhal sonra Ermənistanın sərhəddə, separatçıların Qarabağda törətdiyi təxribatların arxasında da Rusiyanın təsiri olduğuna dair iddialar var. Şübhəsiz, bütün gerçəklikləri Azərbaycan rəsmiləri daha yaxşı, dəqiq bilir. Bütün bunların fonunda isə 2023-cü ildə sülh razılaşmasına nail olunmasının mümkünlüyündən də danışılır. Artıq ilin 5 ayı geridə qalıb. Bütün deyilənləri, qeyd olunanları, reallıqları nəzərə alaraq düşünmək olarmı ki, Rusiyada planlaşdırılan görüşdə hansısa nəticələr əldə oluna bilər? Planlaşdırılan görüş sülhə doğru konkret bir addım olacaq, yoxsa bunun əksinin şahidi ola bilərik?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a mövzumuzla bağlı fikirlərini açıqladı: “Məlumdur ki, danışıqlar Vaşinqton, Brüssel və Moskva platformasında aparılır. Təbii olaraq bütün tərəflər istəyir ki, məsələnin həllində rolu olsun və nüfuz qazansın. Bu baxımdan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskva görüşünü Vaşinqton danışıqlarının davamı olaraq və razılaşdırılmamış müddəalara yenidən baxılması kimi dəyərləndirmək olar. Məlumdur ki, Azərbaycan tərəfi ikitərəfli danışıqların tərəfdarıdır, bununla yanaşı, Rusiya ilə eyni geosiyasi arenanı paylaşdığımız üçün görüşlərdə rəsmi Moskvanın rol alma istəyi təəccüb doğurmur. Hesab edirəm ki, məkandan asılı olmayaraq, önəmli nüans Ermənistan tərəfin sülhə hazır olması və dəqiq bir fikri orta qoymaq üçün qərar verməsidir”.

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

Arzu Nağıyev: “Ermənistan və Rusiya xarici işlər nazirləri arasında mayın 19-na planlaşdırılan ikitərəfli görüşdə sülh müqaviləsinin mətni barədə müzakirələr müsbət nəticə verərsə...”

A.Nağıyev xatırlatdı ki, bizim beynəlxalq ictimaiyyətə də məlum olan əsas 5 təklifimiz var: “Lakin hər dəfə sülh məsələsi masaya yatırılanda sərhəddə Ermənistan tərəfindən bir təxribat baş verir. Bu da onun göstəricisidir ki, rəsmi İrəvan məsələnin həllində maraqlı deyil. Fikrimcə, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında mayın 19-na planlaşdırılan ikitərəfli görüşdə sülh müqaviləsinin mətni barədə müzakirələr müsbət nəticə verərsə, o zaman növbəti mərhələ rəsmi Moskvanın vasitəçiliyi ilə üçtərəfli görüşlə davam edə bilər. Bu, sülhə gedən yolda ilk addım ola bilər. Yetər ki, Ermənistan və onun havadarları məsələnin həllində maraqlı olsun”.

Sahib Alıyev: “Qərbi Azərbaycana qayıdacağıq” – Polisə.az

Sahib Alıyev: “Rusiya bizim regiondan keçməklə Yaxın Şərqə çıxış axtarır”

Deputat Sahib Alıyev isə bu barədə qəzetimizə bildirdi ki, Moskva danışıqlarının nə ilə bitəcəyini proqnozlaşdırmaq üçün ilk növbədə onun keçirilməsində hansı məqsəd güdüldüyü açıqlanmalıdır: “Rusiya rəsmilərinin özəlliklə də Arlinqton görüşü zamanı səsləndirdiklərindən də göründüyü kimi, məqsəd də budur ki, mümkün qədər çalışmaq hesabına proseslərin gedişində təşəbbüsün tam Qərbin əlinə keçməsinin qarşısı alınsın. Ona görə alınsın ki, elə həmin Qərbin də sülh danışıqlarının təşkilində əsas niyyəti sülhdən çox, Rusiyanı vurub regiondan çıxarmaqdır. Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamasında da bildirilir ki, ABŞ Ermənistandan "rusları öz ərazisindən qovmağı tələb edir" və əvəzində onların təhlükəsizliyinin təminini öz üzərinə götürəcəyini deyir. Ancaq orası da var ki, Qərbin nə düşünməsindən, ABŞ-ın hansı tələbi irəli sürməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında sülh Rusiyanın burada hərbi mövcudluğunun sona çatması deməkdir. Yəni istənilən halda Rusiya Azərbaycanla Ermənistan arasında tezlikə sülhün əldə edilməsində İran və Fransadan da çox maraqlı deyil. Çünki sözügedən cütlüyə bu sülh regionda umduqalarına çatmayacaqları üçün əl vermirsə, Rusiya əlindəkini itirəcəyindən narahatdır". S.Alıyev ardınca qeyd etdi ki, Qarabağa və orada yaşayan haydillilərə gəldikdə, burada Rusiyanın nə istədiyini bilmək üçün hazırda əyalət Jirinovskisi funksiyasını yerinə yetirən Ruben Vardanyanın sərsəmləmələrinə diqqət yetirmək bəs edir: “Bilin ki, Zatulin nə qədər hay təəssübkeşidirsə, - baxmayaraq ki, onlarla eyni soydandır - Vardanyan da bir o qədər hay təəssübkeşdir. Yəni Zatulin kimi, ona da belə bir rol oynamaq tapşırılıb və o da Jirinovskidən qat-qat istedadsız olması səbəbindən nala-mıxa vura-vura həmin rolu oynayır. Oynadıqlarından da görünür ki, Moskva nə Qarabağdakı haydillilərin reinteqrasiyasını istəyir, nə də oradakı qanunsuz silahlı birləşmələrin ləğvini. Çünki haydilliləri də, Qarabağdakı qanunsuz silahlı birləşməni də özünün proksisi gözündə görür. Ancaq orası da tam aydındır ki, lokal təxribatlar maraqlarına cavab versə də, Rusiya bizim regonda ən azı yaxın perspektivdə genişmiqyaslı hərbi toqquşmanın olmasını istəmir”. Bəs nə istəyir, Moskva danışıqlarında hansı yöndə irəliləyiş ola bilər? Deputat: “Məncə, Kreml kommunikasiyaların açılmasında maraqlıdır. Ancaq burada da şərti belədir ki, üçtərəfli bəyanatda göstərildiyi kimi, Zəngəzur dəhlizi Rusiya sərhədçilərinin kontrolunda olsun. Fikrimcə, "parad danışıqları"nda da Paşinyan Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurmasına Rusiyanın yetərincə prinsipial reaksiya verməməsindən şikayətləndikdə, ona Zəngəzur dəhlizinin açılmasını gecikdirdiyi və o dəhlizin Rusiya sərhədçilərinin kontroluna verilməsinə qarşı çıxdığı xatırladılmış, tezliklə bu yöndə qəti qərar verməsi tələb edilmişdi. Nəticədə Paşinyan Brüssel danışıqlarından Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun çəkilməsi və onun Dünya Gömrük Təşkilatının qaydaları əsasında fəaliyyət göstərməsi haqda ilkin razılıqla döndü ki, bu da həmin yol üzərində Ermənistanın suverenliyi deməkdir. Əgər Zəngəzur dəhlizindən keçəcək dəmir yolu üzərində Ermənistanın suverenliyi təmin edilirsə, Laçın yolunda hayların, eləcə də Rusiyanın arzuladığı rejim mümkündürmü? Təbii ki, yox. Yəni göründüyü kimi, kommunikasiyaların açılması da heç də Moskvanın planlaşdırdığı şəkildə getmir". S.Alıyev Bakının qərar və addımlarının geridönməzliyinə diqqət çəkdi: “Əslində öncədən də aydın idi ki, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi götürülmək üçün orada qurulmayıb, Brüssel danışıqlarında isə bu, bir daha təsdiqləndi. Beləliklə, az öncə vurğuladığım səbəbdən kommunikasiyalarn açılması məsələsində də Moskva əvvəlki qədər maraqlı olmasa belə, Vladimir Putinin Gürcüstan vətəndaşları üçün tətbiq edilən viza qadağasını aradan qaldırması faktı da göstərir ki, bütün hallarda Rusiya bizim regiondan keçməklə Yaxın Şərqə çıxış axtarır. Gürcü ekspertlərin bildirdiyi kimi, Abxaziya dəmir yolunun açılması indiki halda mümkünsüz olduğundan Rusiyanın Yaxın Şərqə çıxışının tezliklə təminində Zəngəzur dəhlizinin işə düşməsi daha asan təsir bağışlayır ki, zənnimcə, bir daha vurğulayram, Moskva danışıqlarında diqqət ən çox məhz buna yönəldiləcək. Sonda onu da deyim ki, Ermənistan rəhbərliyi Azərbaycana Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla ona Moskva danışıqlarında Rusiyanın təzyiqlərinə mümkün qədər tab gətirmək şansı bəxş etdiyinə görə minnətdar olmalıdır”.

S.Alıyev son gəlişmələrdən bəhs edərkən mühüm bir məqama da toxundu: “Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı mayın 17-də imzalanan Rusiya-İran anlaşması göstərir ki, Moskva Zəngəzur dəhlizi olmadan da Yaxın Şərqə çıxışını təmin etməyi düşünür və ona görə də onun özünə sərf etməyən şərtlərlə işə düşməsi üçün elə də təkid etməyəcək. Yəni Moskva danışıqları Rusiyanın regionda varlığını və buradan getməyəcəyini sərgiləmək üçündür, vəssalam”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması da Kremlin bölgə uğrunda mübarizədən çəkinmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Bildirib ki, "ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi "tövsiyə edir", bunun müqabilində "təhlükəsizliyi təmin edəcəyini" vəd edir. Açıqcasına təxribat. Bu da diplomatiya deyil... Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var", - deyə Lavrov bildirib.

Bu, Rusiyanın “Qafqazdan getməyəcəyik” mesajı mənasını verir. Demək, Moskva danışıqları da Rusiyaya bölgədəki maraqlarının təmin olunması baxımından vacibdir... 

 Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR