İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva görüşündən nə gözləyək - sənəd imzalanacaqmı...

829 25.05.2023 09:27 Siyasət A A

Ekspertlər Rusiyanın moderatorluğu ilə keçiriləcək danışıqlardan nəticə gözləmir; şimal qonşu Qafqazdakı proseslərə nəzarəti əldən verəcəyindən ehtiyatlandığı üçün “növbətçi” görüşə ev sahibliyi edir

Mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq. Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər. 

Üçtərəfli danışıqlardan sonra Şarl Mişel mətbuata açıqlamasında bildirmişdi ki, tərəflər Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəliblər. Cənab Mişelin sözlərinə görə, bu il tərəflər arasında daha 3 görüşün keçirilməsi gözlənilir. Belə ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək 2-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə liderlər arasında növbəti danışıqların aparılması planlaşdırılır. İyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Brüssel danışıqlarında Mişel, İlham Əliyev və Paşinyan iştirak edəcək. “Mən həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm”, - Ş.Mişel əlavə etmişdi.

Məhz bu anonsdan sonra Rusiya xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşə ev sahibliyi etdi. Baxmayaraq ki, görüşdə irəliyə doğru hər hansı addım atılmadı. Brüssel görüşü tərəflərin ərazi bütövlüyü ilə bağlı qarşılıqlı anlaşma əldə edilməsi baxımından uğurlu olsa da, Moskvada bənzər mövqe açıqlanmadı. Lakin XİN başçılarının Vaşinqtonda 4 günlük görüşündən sonra narahatlığını gizlədə, ardınca Avropanın moderatorluğu ilə silsilə görüş planlarının açıqlanmasını sinirə bilməyən Kreml Qafqazdakı tənzimlənmə prosesində təşəbbüsü əldən verəcəyindən ehtiyatlandığı üçün liderləri bir araya gətirməyə qərar verdi.

Ermənistan mətbuatı yazıb ki, mayın 24-25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində II Avrasiya İqtisadi Forumu 2023 keçiriləcək. Aİİ ölkələrinin rəhbərlərinin iştirakı ilə keçiriləcək plenar iclasda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Məlumatda o da bildirilir ki, mayın 25-də forum çərçivəsində Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü keçiriləcək.

Əlbəttə, əsas müzakirə Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlıdır. XİN başçıları səviyyəsində ABŞ-da və ölkə liderləri səviyyəsində Brüsseldə sülhlə bağlı müzakirələrdə konkret bir nəticə olmasa da, tərəflər bu görüşləri irəliyə doğru daha bir addım kimi qiymətləndiriblər. Moskva görüşü öncəsi Azərbaycan Prezidenti İlham Əliyev mühüm açıqlama verib. O deyib ki, Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmiz sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb. Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olunub. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Dövlət başçısı bu xüsusda son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın Baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.

Bu məqamda nəzərə çatdıraq ki, sülhün baş tutmasında Rusiya çox mühüm bir tərəfdir. Bunun bir çox siyasi, obyektiv və subyektiv səbəbləri var. Hətta Rusiya rəsmiləri dəfələrlə belə mesajlar veriblər ki, sülh prosesinin məhz Rusiyanın iştirakı ilə və 10 noyabr üçtərəfli bəyanat çərçivəsində baş tutmasında maraqlıdır, Qərbdə, Avropada sülhə nail olmaq onların prinsiplərinə uyğun deyil. Amma hər bir halda Qərb və Avropadakı görüşlər irəliyə doğru addım kimi qiymətləndirilibsə, 2023-cü ildə sülhün baş tutmasının vacibliyi vurğulanırsa, mayın 25-də Moskvada baş tutacaq görüşdə hansısa konkret nəticələrə nail olunacağına ümid bəsləmək olarmı? Bu məqamda Ermənistan növbəti dəfə pozuculuğa, təxribata əl ata bilərmi? Ekspertlər necə düşünür, mümkündürmü 25 mayda Moskvada hansısa bir razılaşma protokolu, ilkin sənəd imzalansın?

Qərb köhnə maşasını yenidən oda atır -Oqtay Qasımov yazır

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Moskvada baş tutacaq üçtərfli görüşdən, xüsusilə sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi nəticə gözləmir: “Çünki Ermənistanla bərabər, Rusiya da sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki sülh müqaviləsi imzalanacağı halda, bölgəyə hərbi mövcudluqdan başqa heç nə təklif edə bilməyən Rusiyanın təsir imkanları kəskin şəkildə azalacaq. Hazırda Rusiyanın məqsədi gərginliyi müəyyən səviyyədə saxlamaqla bölgədə mövcudluğunu qorumaq və Qarabağdakı "sülhməramlı" adı ilə yerləşdirdiyi hərbi kontingentinə hüquqi status əldə etməkdir. Ermənistan tərəfindən səsləndirilən “Bakı-Xankəndi dialoqu beynəlxalq mexanizmlərin təminatında olmalıdır” açıqlamaları da Rusiyanın maraqlarına uyğundur. Bu halda Rusiya hərbi kontingenti üçün beynəlxalq mandat almağı düşünür. Separatçı-terrorçuların hərbi təlimləri də bu məqsədə xidmət edir".

O.Qasımov Moskva görüşü ərəfəsində təxribatlar olacağını düşünmür: “Çünki təxribatların təlimatını verən Rusiya olduğundan öz moderatorluğuna kölgə salmaq istəməz. Hansısa ilkin sənəd imzalanması da real görünmür. Ənənəvi bəyanatların davamını görə bilərik. Yəni üçtərəfli bəyanatın şərtlərinə əməl olunması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası kimi bəyanatlar səslənə bilər. Ənənəvi olaraq Rusiya siyasi məsələni - sülh müqaviləsini - arxa plana keçirib, texniki məsələləri önə çəkəcək”.

Hər halda, Moskva görüşü Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanımasından sonra baş tutacaq. Ermənistanın hökumət başçısının son bəyanatları Kremlin mövqeyinə təsir edəcəkmi? O.Qasımov: “Paşinyanın bəyanatının Rusiyanın mövqeyinə ciddi təsir edəcəyini düşünmürəm. Bu bəyanatların bir qismi Rusiya ilə razılaşdırılaraq verilir. Paşinyan 44 günlük savaşdan sonra Qarabağdakı ermənilərin məsələsini Rusiyanın öhdəsinə buraxmaq xətti seçib. Bu da Rusiyanın maraqlarına uyğundur. Çünki bu variant Rusiyanın bölgədə uzun müddətli qalma planlarının tərkib hissəsidir”.

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

 Tural İsmayılov 

Politoloq Tural İsmayılov qeyd etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi və davamlı olması iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün xüsusi əhəmiyyətə malikdir: “Bu baxımdan, görüşlərin davamlı və müxtəlif platformalarda keçirilməsi Azərbaycanın maraqlarına zidd deyil. Bu kimi təşəbbüslər davam etdirilərsə və sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilərsə, Ermənistan mina və digər humanitar problemlərin və böhranların həlli üçün səmimi niyyət ortaya qoyarsa, sülh müqaviləsi istiqamətində vacib bir addım hesab edilə bilər”. T.İsmayılov bildirdi ki, son dövrlər Paşinyanın sülhlə bağlı verdiyi açıqlamalar daha çox Qərbə yönəlib: “O, Qərbə Ermənistanın guya sülhə hazır olması haqda görüntü verir və həmçinin problemin həll edilməməsində birbaşa Moskvanı günahlandırır". Ekspertin fikrincə, bütün bunlar Paşinyanın növbəti manevr cəhdlərindən biridir: "Azərbaycan və Ermənistan arasında artıq real sülhdən başqa heç bir şans qalmayıb. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh üçün son şansı bu il müəyyənləşdirib. Artıq Ermənistan ağlını başına yığaraq, bu prosesdə mütləq və konkret addımlar atmalı olduğunun fərqinə varmalıdır". Tural İsmayılov hesab edir ki, N.Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi heç də Rusiyaya xoş gəlməyib: “Kreml bu məsələdən qıcıq olur. Rusiya hər vəchlə prosesi sabotaj etmək istəyəcək. Artıq Ermənistan üçün şanslar tükənib. Ya tamamilə Rusiyanın birdəfəlik "kukla"sı olacaq, ya da dövlətçiliyini xilas edəcək".

Ekspert Ermənistan daxilində etirazların davamlı xarakter almasını təsadüfi hesab etmir: “Buna görə də Paşinyana qarşı artıq daxildən müəyyən etirazlara start verilib. Sərgilənən etirazlarda əsas məqsəd Ermənistanda ictimai siyasi mühitində xaos yaratmaqdır. Ötən həftə Nikol Paşinyanın oğlu Aşot Paşinyana qarşı baş verən hadisənin də bu fonda dəyərləndirilməli olduğunu düşünürəm. Paşinyan belə etirazlar qarşısında istefa verməyəcək. Çünki o, nə qədər uğursuz baş nazir olsa da, eyni zamanda Ermənistan cəmiyyəti ona alternativ olanların daha bədbəxt olduğunu düşünür. Məhz bu səbəbdən də Nikolun hakimiyyətdən getməsi onlara sərf etmir”. Tural İsmayılov onu da qeyd etdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu ölkənin Azərbaycanla sülh prosesinə gəlməsi məcburidir: “Çünki Azərbaycan qalib tərəf kimi Ermənistana şərtləri diqtə edir. Bizim şərtlərimizdən kənara çıxmaq mümkün deyil. Rusiya bu məsələdə seyrçi qalmayıb, istənilən vasitə ilə Paşinyanı devirməyə çalışır. Rusiyanın anti-Paşinyan ritorikası günü bu gün də davam edir. Vaşinqtonun və Brüsselin Azərbaycan və Ermənistan arasındakı sülh prosesində iştirakı daha da fəallaşarsa, Rusiyanın təsir imkanları minimallaşa bilər”.

Bir qayda olaraq keçirilən üçtərəfli danışıqlar ərəfəsində Ermənistanın təxribatlarını müşahidə etmişik. Sonuncu hadisə Brüssel görüşü ərəfəsində Basarkeçər istiqamətində yaşanıb, hər iki tərəf itki verib. Ermənistanda həm Rusiyanın, həm də Qərbin “beşinci kolon”larının olduğunu və ciddi rəqabət mühitində fəaliyyət göstərdiklərini nəzərə alsaq, diqqətli olmaqda, ehtiyat tədbirlərini gücləndirməkdə fayda var...

Elşad Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR