Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni açıqlama verib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, istənilən sülh müqaviləsi düşmənçilik və müharibədən sonra imzalanır, bu sənəd bütün problemləri dərhal həll edə bilməz.
“Dost ölkələr arasında sülh müqaviləsi deyil, tərəfdaşlıq inkişaf etdirilir. Bizim halda isə açıq şəkildə görünür ki, uzun illər davam edən düşmənçilik və müharibə olub”, – deyə Mirzoyan vurğulayıb.
Nazir qeyd edib ki, heç bir sülh sazişi mövcud olan bütün suallara cavab vermir və xalqları sehrli çubuqla dost edə bilməz. Onun sözlərinə görə, müqavilədə həlli müzakirələr tələb edən həssas məsələlər var və bunlar zamanla nizama salınmalıdır.
“Ermənistan və Azərbaycan arasında imzalanmağa hazır olan sülh müqaviləsi bu baxımdan istisna deyil”, - deyən Mirzoyan bildirib ki, sənəddə gələcək problemlərin həlli və münasibətlərin tam normallaşdırılması üçün mexanizmlər nəzərdə tutulub.
Bununla da, Ermənistan rəsmisi sülh müqaviləsinin imzalanmağa hazır olduğunu, lakin hələ də həll olunmalı məsələlərin qaldığını etiraf edib. Ermənistanın bu müqaviləyə dair son mövqeyi yaxın günlərdə daha da aydınlaşacaq.
Musavat.com