İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskva da öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin edəcəyimizin qaçılmazlığını anlayır”-Sahib Alıyev

352 01.03.2023 15:06 Siyasət A A

 

“Azərbaycan həmişə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan əməkdaşlığa can atıb ki, onlardan da biri Rusiyadır. Bizim bu dövlətlə maraqlarımız onun xarici işlər nazirinin Bakıda bildirdiyi kimi heç də bütün məsələlərdə üst-üstə düşmür. Bəlli səbəblərdən düşməyəcək də. Amma hər iki tərəf biri-biri üçün ən azından hələlik proqnozlaşdırılan olduqlarından razılığa gəlmədiyimiz bir sıra məsələlər var ki, o yöndə müsbət irəliləyişlərin baş verməsi gözləniləndir”.

Deputat Sahib Alıyev bu fikirləri Rusiyanın baş diplomatının Azərbaycana iki günlük səfərini Musavat.com-a şərh edərkən söylədi.

Bildirdi ki, Sergey Lavrovun fevralın 27-28-dəki səfəri, hətta Laçın yoluyla bağlı ilk baxışda qıcıq doğuran açıqlaması yuxarıdakı ehtimalları təsdiqlədi: “Rusiya xarici işlər nazirinin bu açıqlamasında bir etiraf və bir eyham var. Etiraf ondan ibarətdir ki, o, təsdiqləməsə də, Laçın yoluyla indiyədək qanunsuz yüklərin və heç də dinc olmayan ünsürlərin daşınması faktıyla razıdır. Onun “dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var” sözlərinə gəldikdə burada Rusiya hərbi kontingentinin Laçın yoluna Azərbaycanın uyğun qurumlarının təmsilçiləri ilə birgə nəzarət etməyə hazır olduqlarına eyham görürəm. Moskvada istənilən halda gözəl dərk edirlər ki, Azərbaycanı Laçın yolunu kontrolda saxlamaq niyyətindən çəkindirə bilməyəcəklər və bu, orada indi hansı ad altında həyata keçiriləcək bilmirəm, amma 2025-ci ildə belə adlanacaq-nəzarət-buraxılış məntəqəsi!”

 S.Alıyev dedi ki, o, bəzi ekspertlərdən fərqli olaraq, Azərbaycanın Rusiya ilə sərt davranışlarının, aradakı fikir ayrılıqlarının, eləcə də narazılıqların qabardılmasının tərəfdarı deyil: “Biz çalışmalıyıq ki, Rusiya ilə Fransa və Rusiya ilə İran bu regionda sinxron hərəkət etməsinlər. Rusiya ilə açıq qarşıdurma məhz belə “sürpriz”lərə aparıb çıxara bilər. Prezidenti nə qədər Rusiyanın əleyhinə danışsa da, əminəm ki, Fransa regionda onunla birgə hərəkət etmək, ən azından ikinci Qarabağ savaşı öncəsi davranışlara bənzər davranış sərgiləmək üçün fürsət axtarır. İranla isə hər şey aydındır. Sergey Lavrovun Bakıda dövlətlərimizin birgə reallaşdıracaqları meqalayihələrdən danışarkən Şimal-Cənub dəhlizinə toxunması, burada Azərbaycanla Rusiyanın liderliyni vurğulaması, Naxçıvanın adını çəkməsi, 3+3 formatından danışması da maraqlarımıza uyğundur və o deməkdir ki, Tehranın bizim regionda Moskva ilə birgə hərəkət etmək niyyəti dinsiz rejimin düşündüyü qədər də asan deyil”.

Deputat bir məsələni də xatırlatdı: “Rusiya Duması sədri Volodinin Ermənistanın bir ölkə kimi xəritədən silinə biləcəyi xəbərdarlığından fərqli olaraq, Sergey Lavrovun həmən ölkənin rəhbərliyinə yanaşmada ortaya qoyduğu az qala nifrət dolu mənfi mövqeni də mən yaxşı hal kimi qiymətləndirirəm. Həm də ona görə ki, bu mövqe Bakıda, Ermənistanın düşməncəsinə yanaşdığı bir ölkənin paytaxtında sərgiləndi. Bir sözlə, Lavrovun səfəri ən azı yaxın perspektivdə Azərbaycan-Rusiya əlaqələrinin proqnozayatımlılığını göstərdi ki, indiki qarışıq dövrdə bu, heç də xırda görünməməlidir”.

S.Alıyevin sözlərinə görə, Lavrovun səfəri başa çatar-çatmaz Xocalıda Rusiya hərbi kontingentinin qərargahında Azərbaycanın dövlət orqanların təmsiçilərinin Qarabağda yaşayan haylarla reinteqrasiya danışıqlarına başlamaları da göstərir ki, Moskva da bizim öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin edəcəyimizin qaçılmazlığını və burada dirənişin regionda mövqelərinin güclənməsinə qətiyyən müsbət təsir göstərməyəcəyini anlayır.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR