İnsanlara hürriyət, millətlərə istiqlal!

Mişustinin Azərbaycan qərarı - valyuta bazarında ticarət izni

2487 27.09.2023 08:25 İqtisadiyyat A A

Bank mütəxəssisi: “Bu addımın Azərbaycan üçün ciddi təsirini görmürəm”

Xarici kredit təşkilatlarına və dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək. Belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin başçısı Mixail Mişustin imzalayıb. Siyahıya 30-dan çox ölkə daxildir.

Bunlar Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tailand, Türkiyə və Cənubi Afrikadır.

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş “Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək məqsədilə qəbul edilib. Rusiya hökumətinin yaydığı açıqlamaya görə, bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.

Qeyd edək ki, son aylarda Rusiya rublu sürətlə dəyərsizləşir. Bu proses həm dünyanın aparıcı dönər valyutası dollara münasibətdə, həm avroya, həm yuana və digər valyutalara münasibətdə qeydə alınır. Rusiya Mərkəzi Bankı rublun dəyərsizləşməsinin qarşısını almaq üçün uçot dərəcəsini kəskin artırsa da, bu, rublun dəyərsizləşməsinin qarşısını ala bilməyib. Hazırda Rusiyada dollar və avronun kəskin çatışmazlığı davam edir. Mərkəzi Bankın valyuta hərraclarına müdaxilələrinin həcmi artsa da, ölkəyə daxil olan xarici valyutanın həcmindəki kəskin azalma, idxalın artması fonunda rublun məzənnəsindəki eniş davam edir.

Rusiya Mərkəzi Bankının məlumatına görə, avqust ayında rublun ABŞ dollarına nisbətdə ay ərzində 4,8 faiz zəifləməsi fonunda ölkə vətəndaşları 42,1 milyard rubl dəyərində xarici valyuta satıblar. Eyni zamanda ən böyük banklarda 64,1 milyard rubl dəyərində “toksik” valyutanın satışı reallaşıb. Avqust ayında rusiyalılar  16,7 milyard rubl dəyərində digər “dost” ölkələrin valyutalarını, əsasən isə yuan alıblar. Bu satışlara rəğmən ölkədə dollara olan tələbatın qarşılanması getdikcə çətinləşir.

Yeni normalar məhz əsas dönər valyutalar olan dollar və avroya olan ehtiyacın qarşılanmasını təmin etməyə hesablanıb. Bu normaların qəbuluna qədər valyuta ticarətində yalnız Rusiya rezidentləri iştirak edə bilirdi. Lakin onların əksəriyyətinin milli valyutalarda tələb olunan həcmdə likvidlik təmin etmək imkanı yox idi.

Rusiya ekspertləri hesab edirlər ki, xaricilərin ticarətə buraxılması Rusiya bazarında likvidliyi artıracaq. Məlumdur ki, Rusiya fond bazarı Qərbin sanksiyaları səbəbindən likvidliyin ciddi azalması ilə üzləşib. Bu azalma bazarın kapitallaşmasına və volatilliyinə mənfi təsir göstərir. Buna görə də hesab olunur ki, bazara yeni iştirakçıların qəbulu, onların sistemli şəkildə ticarətə qoşulması milli fond bazarı üçün mənfi nəticələri əhəmiyyətli dərəcədə azalda, o cümlədən milli valyutanın məzənnəsinin möhkəmlənməsinə dolayısı ilə töhfə verə bilər.

Qeyd edək ki, son bir il ərzində Moskva birjasında ticarət edilən valyutaların siyahısı xeyli genişlənib. Bununla belə, onların bir çoxu ilə ticarət həcmi cüzidir. Çünki Rusiyanın həmin valyutaların sahibi olan ölkələrlə ticarətinin həcmi aşağıdır.

İştirakçıların kredit təşkilatları və xarici ölkələrin brokerləri şəklində genişlənməsi likvidliyin və bu cür valyutalarda əməliyyatların sayının artmasına kömək edə bilər. 

“Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milçakovanın fikrincə, xarici banklara və dost ölkələrdən olan brokerlərə Moskva birjasında valyuta ticarətində iştiraka icazə verilməsi valyuta məzənnələrində baş verən dalğalanmaların hamarlanması mexanizminin yaradılmasına kömək edəcək. Ekspert diqqəti ona yönəldib ki, Rusiyada “dost” ölkələrin valyutaları arasında yuana ən çox tələbat var, çünki o, dünyanın ehtiyat valyutalarından biridir. Qalan valyutalar “yumşaqdır” və daha az tələbat var: “Dost ölkələrin qalan valyutalarına Rusiyada böyük tələbat yoxdur, ona görə də Moskva birjasında onlara marketmeyker lazımdır, onların səlahiyyətində banklar və müvafiq ölkələrin brokerlərinə ticarətə icazə veriləcək. Dost ölkələrin valyutaları nə qədər likvid olarsa, onlarla ixrac və idxal üçün ödənişlər etmək bir o qədər rahat olar”.

Analitikin fikrincə, Moskva birjasında dost ölkələrin valyutaları ilə ticarət dövriyyəsi orta hesabla ən azı 25-50 faiz arta, eyni zamanda bazar iştirakçılarının sayı bir qədər çoxala bilər. Lakin bu artım 5-10 faizdən yuxarı ola bilməz: “Ancaq spekulyativ aktivlik çox yüksək olacaq. Rublun məzənnəsinə təsir kifayət qədər böyük olacaq, lakin valyuta bazarında marketmeykerlərin olması həm rublun, həm də dost ölkələrin valyutalarının kotirovkalarının kəskin dəyişməsini hamarlaya bilər”.

Eyni zamanda “Feedom Financial Group”un müştəri xidmətlərinin inkişafı departamentinin rəhbəri Dmitri Lesnov hesab edir ki, xarici investorların ölkəyə girişi Rusiya bazarına güclü təsir göstərməyəcək: “Bir neçə səbəb ola bilər: siyahıda yer alan bir çox ölkələrin ölkə daxilində inkişaf etmiş maliyyə bazarı yoxdur (əgər ölkə daxilində inkişaf etdirilməyibsə, bu ölkədən xarici bazarlara investor axınını çətin ki, gözləmək olar). Əgər bəzi ölkələrin daxili bazarı inkişaf edibsə, o zaman çətin ki, onlar Rusiya bazarında onlara daha az tanış olan ticarətdə fəal iştirak etmək istəsinlər”.

Bununla belə, onun fikrincə, belə imkanlar Rusiyanın hazırda dost valyutalarla aktiv xarici ticarət aparmağa başladığı şirkətlər üçün maraqlı ola bilər (ilk növbədə Türkiyə və Çindən olan şirkətlər). Onlar valyuta mübadiləsi aparmaq üçün Rusiya birjasının infrastrukturundan istifadə edə bilərlər: “Bir çox işgüzar tərəfdaşlar valyuta əməliyyatları həyata keçirərkən öz bankları və brokerləri ilə işləməyə öyrəşiblər, ona görə də belə təşkilatların Moskva Birjasının valyuta bölməsində ticarətdə birbaşa iştirak etmək imkanı Rusiya şirkətləri ilə ticarət əlaqələrinin qurulmasını xeyli asanlaşdırır”.

Ekspertə görə, xarici investorlara 6-12 ay ərzində Rusiya bazarında səhm və istiqraz alqı-satqısına icazə veriləcək.

İyul ayında qüvvəyə minən qanunvericilik dəyişiklikləri xarici şirkətlərə Rusiya bazarında ticarət etməyə imkan verir, lakin belə iştirakçılar üçün bir sıra məhdudiyyətlərin tətbiqi imkanını nəzərdə tutur. Xüsusilə Rusiya Bankı onlara əlavə tələblər qoya, habelə xarici iştirakçıların edə biləcəyi əməliyyatların həcmini məhdudlaşdıra biləcək.

Rəsmi məlumata əsasən, 2022-ci ildə Rusiyanın Avrasiya İqtisadi İttifaqı üzvləri ilə qarşılıqlı ticarətinin 74 faizi milli valyutalarla həyata keçirilib. Bunun 90 faizdən çoxunu rublla əməliyyatlar təşkil edib. 2023-cü ildə ittifaq daxilində ticarətin 83 faizinin milli valyutalarla reallaşdırılması gözlənilir.

Bir sıra qonşu ölkələr Rusiya ilə qarşılıqlı ticarətini qismən milli valyutalarla həyata keçirirlər. Onlardan biri də Azərbaycandır. 2022-ci ildə Azərbaycan-Rusiya qarşılıqlı ticarətinin 30 faizi milli valyutalarla həyata keçirilib. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi dollar ekvivalentində 2,4 milyard təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz artım deməkdir. Azərbaycan Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 8 ayda Azərbaycanın Rusiyaya ixracı 711,5 milyon ABŞ dolları, Rusiyadan idxalı isə 1,7 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri, idxalında isə birinci yeri tutub. Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın xarici ticarət dövriyyəsinin 8 faizdən çoxunu təşkil edib.

Hazırda Rusiya ilə qarşılıqlı ticarətdə milli valyutaların payı açıqlanmasa da, Azərbaycan şirkətlərinin bu prosesi dollarla aparmağa çalışdıqları barədə məlumatlar yayılır.

Rusiyada yaradılan yeni imkan Azərbaycan üçün nələr vəd edir? Azərbaycan şirkətləri Rusiyanın valyuta bazarında iştirakçı olaraq hansısa gəlir əldə edə bilərlərmi? Bank sahəsi üzrə mütəxəssis Cəfər İbrahimlinin sözlərinə görə, yeni qaydalar Azərbaycan üçün hansısa ciddi dəyişiklik vəd etmir: “Onsuz da Azərbaycan banklarının Rusiya banklarında müxbir hesabları var və onlar valyuta konvertasiyasını həmin banklara sifariş etməklə rahatlıqla həyata keçirə bilirlər. Yəni kontragentlərlə rahat işləyə bilirlər. Bundan sonra kiminsə gedib Rusiya valyuta birjasında qeydiyyatdan keçib əməliyyatlar həyata keçirməsini çox da real hesab etmirəm”.

Mütəxəssis bildirir ki, Türkiyədə Moskva birjasında lirə-rubl, lirə-dollar kotirovkaları ilə ticarətin olunacağına dair məlumatlar yayılır: “Bunu valyutalar qarşısında açılan yeni yol kimi təqdim edirlər. Amma bunun belə olduğunu düşünmürəm. Üstəlik, hələ qəbul edilən qərarın işləmə mexanizmi də tam açıqlanmayıb, ortada net bir proses yoxdur”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR