İnsanlara hürriyət, millətlərə istiqlal!

Mişellə yola davam! Kreml “ofsayd”da: Azərbaycan-erməni barışığı yönündə daha bir həmlə

707 25.02.2023 12:36 Siyasət A A

“Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş gözlənilir”. “Yeni Müsavat” yada salır ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə liderləri arasında danışıqların təşəbbüskarı olan dövlət katibi Entoni Blinkenin fikrini çatdırarkən deyib.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Azərbaycan və Ermənistan danışıqlarda mühüm irəliləyiş əldə edib. “Bu, tərəflərin işə qarışmasının nəticəsidir. İkitərəfli əməkdaşlığın, ABŞ ilə üçtərəfli əməkdaşlığın, eləcə də Aİ-nin diplomatiyasında apardığı işin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə təşkil etdiyi danışıqlarda görüşəcəyinə ümid etdiyimiz prosesdir” - sitatın sonu.

Aİ rəhbəri Şarl Mişel də Praysın haqqında danışdığı bu tərəqqinin davam edəcəyinə ümid etdiyini bildirib.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Münxendən əvvəl sonuncu dəfə ötən il oktyabrın 31-də, Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəlib. Həmin görüşdə üçtərəfli formatda hələ ki, sonuncu olan ortaq bəyanat qəbul edilib (Ondan sonra analoji sənəd olmayıb). Keçən il dekabrın 6-da Brüsseldə yüksək səviyyədə daha bir görüş nəzərdə tutulsa da, Paşinyanın ortaya “Makron şərti”ni atması Bakının görüşdən imtinasına gətirmişdi. İndi aydın olur ki, Paşinyan artıq öz şərtindən vaz keçib. 18 fevral Münxen görüşü də bunun bariz təsdiqi idi. Üstəgəl, 10 noyabr bəyannaməsi istisna olmaqla, bütün əvvəlki sənədlərdəki kimi 31 oktyabr Soçi sənədinin də heç bir yerində “Dağlıq Qarabağ” ifadəsi keçmir. Erməni tərəfini ən çox narahat edən də məhz bu məsələnin faktiki surətdə beynəlxalq gündəmdən çıxmasıdır.

“Sülh müqaviləsində Ermənistan ictimaiyyəti üçün ən gözlənilməz bənd Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair məsələdir. Bu faktorlar birbaşa Azərbaycan konstitusiyası ilə bağlı olacaq”.

Bu sözləri Ermənistanın müxalifətçi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib. O, feysbuk səhifəsində “Sülh danışıqlarının başlanmasının elementləri” adlı sənəd paylaşıb. “Paşinyan Qarabağı tam şəkildə təslim etmək istəyir. Sülh mətnində iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, Azərbaycanın konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair bənd var. İrəvan açıq bəyanatla çıxış edəcək ki, Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün lazım olan hər şey danışıqlar başa çatana qədər edilməlidir. Bakı Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı qarşılıqlı anlaşmanın təmin edilməsi üçün onlarla danışıqlara başlayacaq”, - Aşotyan yazıb.

Onun fikrincə, mətndə əsas diqqət edilməli məqam Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin Azərbaycanın konstitusiyasına və onun beynəlxalq öhdəliklərinə uyğun olmasıdır: “Azərbaycan və AB Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparacaq. Bakı bu işə ATƏT-in milli azlıqlar üzrə komissarını cəlb edəcək. AB Qarabağ erməniləri ilə əlaqə saxlayacaq”.

Aydındır ki, rəsmi Bakı özünün sülh gündəliyindən kənar məzmunda gündəliyə heç vaxt imkan verməyəcək. Çünki Azərbaycan qalib və diktə edən tərəfdir. Ən əsası güclü və haqlı tərəfdir.

Bəs “tunelin sonunda işıq” görünürmü? Qərbin diplomatik həmləsinə Rusiyanın reaksiyası necə olacaq?  Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, “Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda çoxlu maneə var”. Onlardan biri və ən böyüyü elə Rusiya deyilmi? Sülh müqaviləsində ən çox kim maraqlıdır - Qərb (Brüssel-Vaşinqton tandemi), yoxsa Moskva?

Əlavə edək ki, fevralın 27-də Rusiya baş diplomatı Sergey Lavrov iki günlük səfərlə Bakıya gələcək. Bu, gecikmiş səfər deyil ki?

Qabil Hüseynli - Teleqraf.com

Qabil Hüseynli: “Rusiya moderatorluğunu saxlamaq istəyir, amma görür ki...”

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Lavrovun gəlişi liderlərin Brüssel görüşünü vaxt baxımdan dəyişmək zərurəti yarada bilər, bununla belə tərəflər bir araya gələcəklər. Politoloqun fikrincə, Rusiya istəyir ki, moderatorluğunu qoruyub saxlasın və Azərbaycanı da bu yönə əysin. “Lakin Prezident İlham Əliyev də Münxendə bəyan etdi ki, Brüssel platformasını dəstəkləyirik. İndi Rusiya görür ki, bölgədə yer ayağı altından qaçır, bununla belə yenə inadla Ukraynada olduğu kimi, bu regionda nələrisə həyata keçirmək istəyindədir. Digər tərəfdən, bölgəyə ABŞ-ın geostrateji maraqları var, Vaşinqton sabitlik tərəfdarıdır, amerikalılar müharibə istəmir və beləcə bölgənin enerji ehtiyatları Avropaya axın etsin. Onun da əsas təminatçısı bizik. Bizimlə yanaşı Qazaxıstan, Türkmənistan da var. Yəni böyük proses gedir və bunu Avropa Birliyi, Amerika yönləndirsə, Orta Asiyaya təsir dairələrini artır bilərlər, karbohidrogen resurslarını Avropa, ümumiyyətlə, dünya bazarına çıxara bilərlər. Bu Azərbaycan, Türkiyə və Orta Asiyanın, həmçinin Qərb dünyasının xeyrinədir”, - deyə Q.Hüseynli vurğuladı.

Politoloqun sözlərinə görə, Paşinyan artıq başa düşür ki, bu didişmələr ölkəsinin iqtisadi dirçəlişinə imkan vermir: “Azərbaycanla və Türkiyə ilə sərhədlər bağlıdır, hansı irəliləyiş ola bilər? Axı yollar hər şeyi həll edir. Əgər sülh əldə olunsa, ticari əlaqələr bərpa ediləcək, milyardlar dövriyyədə olacaq, erməni əhalisinin maddi güzəranı ölçüyəgəlməz dərəcədə yaxşılaşacaq, dəmiryol xətləri işləyəcək. Odur ki, Ermənistan ağıllı olmasa, uduzacaq”.

İranda rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb" - ELXAN  ŞAHİNOĞLU

Elxan Şahinoğlu: “ABŞ Rusiyanın perimetri boyu fəallaşıb”

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra ABŞ dövlət katibi Entoni Blinkenin də Cənubi Qafqaz bölgəsinə səfəri istisna deyil: “Blinken son aylarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyini fəallaşdırıb. Münxen Təhlükəsizlik Konfransında Blinkenin təşəbbüsü ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş buna sübutdur. Sergey Lavrov Bakıya fevralın 27-də gələcək. Bundan bir gün sonra Entoni Blinken Qazaxıstana səfər edəcək. Blinken Astanada 5 + 1 formatında (ABŞ və Mərkəzi Asiya ölkələri arasında görüş formatı) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. ABŞ Rusiyanın perimetri boyu fəallaşıb. Entoni Blinken ölkəsindən bu uzunluqda məsafə qət edib Mərkəzi Asiya turnesinə çıxırsa təyyarəsi geri qayıdarkən Cənubi Qafqaz ölkələrinə də enə bilər. Blinken Azərbaycanla Ermənistana səfər etməklə həm bölgədə sülh və əməkdaşlığın formalaşmasında Amerikanın dəstəyini tərənnüm etdirmiş, həm də Moskvaya ”bölgədə biz də varıq" mesajını göndərmiş olar".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR