İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan NATO Baş katibi ilə görüşdə: Erməni XİN başçısı Brüsselə niyə çağırıldı?

209 23.01.2023 09:08 Siyasət A A

İrəvanda anti-Rusiya mövqeyinin gücləndiyi zamanda xarici işlər naziri Alyansa dəvət alır, eyni gündə Aİ missiyasını sərhədə göndərməyi qərarlaşdırır - Qərbə yaxınlaşmaq Paşinyana nə vəd edir...

Yanvarın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun Brüsseldəki mənzil-qərargahında alyansın baş katibi Yens Stoltenberqlə görüşü suallar doğurur. “Yeni Müsavat” bildirir ki, Ermənistan XİN Mirzoyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Avropa Parlamenti deputatlarının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və Ermənistan - Avropa İttifaqı əməkdaşlığı ilə bağlı sualları cavablandıracağını açıqlayıb. Səfər çərçivəsində A.Mirzoyan NATO-nun baş katibi Yens Stoltenberq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel və Belçikanın xarici işlər naziri ilə də görüşəcək.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun isə Brüsselə səfər edəcəyi ilə bağlı informasiya yoxdur. Yada salaq ki, ötən həftə NATO baş katibinin xüsusi nümayəndəsi Xavyer Kolomina Bakı və İrəvanda səfərdə olub. Üstündən cəmi bir neçə gün keçmiş A.Mirzoyanın Brüsselə - NATO-nun mənzil-qərargahına çağırılması maraq doğurmaya bilməz. Görəsən, bu dəvətlə xüsusi nümayəndənin regiona ziyarəti arasında bağlılıq varmı?

“NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir”. Bu haqda Kolominanın Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair alyansın saytında yerləşdirilmiş məlumatda deyilir. Qeyd olunur ki, səfər Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsi olub və ziyarət zamanı NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını, eləcə də hər iki ölkənin Avroatlantik təhlükəsizliyə töhfəsi müzakirə edilib. Xüsusi nümayəndə həmçinin regional sabitliyin dəstəklənməsində Avropa İttifaqının rolunu alqışlayıb. Onu da qeyd edək ki, Şimali Atlantika bloku Qərbin ən güclü hərbi-siyasi təşkilatı olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində həmişə ədalətli və həssas mövqe sərgiləyib.

Diqqətçəkicidir ki, eyni gündə - yanvarın 23-də mənzil-qərargahı Brüsseldə yerləşən Avropa Birliyinə (AB) üzv olan 27 ölkənin xarici işlər nazirləri Ermənistana Azərbaycanla sərhədə yeni missiya göndərmək barədə qərar qəbul edəcəklər. Bu barədə Brüsseldə jurnalistlərə AB-nin yüksək vəzifəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, missiyanın göndərilməsi Cənubi Qafqazda sabitliyə töhfə verməlidir. Missiya bu dəfə 2 illiyə nəzərdə tutulur. Lakin məlumdur ki, Azərbaycan onunla hər hansı şəkildə əməkdaşlıq eləməyə hazırlaşmır. Bəs Ermənistan XİN başçısının NATO rəhbəri ilə görüş hansı zərurətdən doğub? Axı bilə-bilə ki, yüzdə-yüz Rusiyada qıcıq yaradacaq. Əlavə edək ki, səfər həmçinin son vaxtlar Ermənistanda KTMT-dən çıxmaq tələblərinin artması və anti-Rusiya ovqatının gücləndiyi dönəmə təsadüf edir. Bu olaylar arasında bağlılıq nə dərəcədədir, Paşinyan hökuməti bununla konkret hansı hədəfə can atır və rəsmi İrəvanın Qərb təşkilatları ilə yaxınlaşmaq istəyi ona və Azərbaycana nə vəd edir?

Qarabağda ildırımsürətli əməliyyat - cəmi 6 aya...

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Mirzoyanın səfəri və onun görüşdüyü siyasilər bir daha sübut edir ki, İrəvan Moskva ilə bütün əlaqələri üzməkdə, birmənalı şəkildə Qərbyönümlü addımlar atmaq niyyətindədir: “Ermənistanda KTMT-ni tərk edib NATO-ya daxil olmağa, Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyindən ayrılıb Avropa İttifaqına qoşulmağa çağırış edənlər artıb. Mirzoyan Avropa təşkilatları ilə Ermənistanın Qərbə inteqrasiya məsələlərini müzakirə etməkdədir. NATO-nun baş katibi, Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə rəhbəri ilə görüşlər təsdiqləyir ki, artıq ciddi danışıqların bünövrəsi qoyulub, Ermənistanı bu mövqedən kimsə yayındıra bilməyəcək. Zənnimcə, Rusiya hansı təzyiq imkanlarını işə salsa da, bunun real nəticələri olmayacaq. Çünki Paşinyan hakimiyyəti öz strateji seçimini edib və bu istiqamətdə siyasətini genişləndirməkdədir. Sözsüz ki, Ukrayna müharibəsinin də təsirləri var və İrəvan Rusiyanın daha da zəifləyəcəyini düşündüyü üçün Qərbə yaxınlaşmağı inkişaf etdirir”.

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Cənubi Qafqazın daha bir ölkəsi Rusiyanın orbitindən uzaqlaşmağa başlayıb: “Lakin bu, varlığına görə Rusiyaya minnətdar olmalı Ermənistan dövlətidir. Onlar qucaq dəyişirlər və tarixdə növbəti dəfə xəyanət edirlər. Rusiya bunu Paşinyana bağışlamayacaq. Çünki Ermənistanın təhlükəsizliyinə qarantiya olan 102-ci bazadır, sərhədlərini rus əsgərləri qoruyur, amma Ermənistan hakimiyyəti onları Qərblə əvəzləmək eşqinə düşüb. Ona görə Putin nə olursa-olsun ya iqtidarı devirmək istəyir, ya da Paşinyanı möhkəm sıxa-sıxa əlində saxlamağa çalışır. Bu da faydamızadır, Ermənistan Rusiyanı qəzəbləndirdikcə, bir çox məsələlərin həllini tələb edə bilərik”. Ermənistanın NATO-ya üzvlüyünün çox tez olduğunu deyən ekspertin fikrincə, hələlik Moskvadan qopma prosesi getməkdədir: “Putin Paşinyanı Saakaşvilinin vəziyyətinə salmaq istəyir. Buna qədər siyasi əyləci basacaq ki, onu ram eləsin. Ancaq Qərb və xüsusən Vaşinqton Paşinyanı az dəstəkləmir, ona qahmar çıxır. Bu baxımdan Rusiya ciddi güclə üzləşib. Üstəlik, Rusiyanın Ukrayna müharibəsindən necə çıxacağı bilinmir. Mirzoyanın səfərlərinin məramı da məhz Avrointeqrasiya xəttini gücləndirməkdir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR