İnsanlara hürriyət, millətlərə istiqlal!

Minalar daha 2 can aldı: səhlənkarlıq, yoxsa... - Ekspertlər diqqətə alınmalı detallar barədə

810 18.03.2023 09:57 Gündəm A A

Rey Kərimoğlu: “Xəbərdarlıq lövhələri kifayət qədərdir, amma...”

Üzeyir Cəfərov: “Minaların təbii səbəblərdən yerdəyişməsi ehtimalı da var...”

Martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mal-qara otaran iki nəfər minaya düşərək həlak olub. Bununla da 44 günlük müharibədən sonra mina partlayışı nəticəsində həyatını itirənlərin sayı 49 nəfərə çatıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) hadisə ilə bağlı yaydığı açıqlamada deyilir: “Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov həlak olub. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi mina terrorunun təzahürüdür. Unutmayın, məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır”.

Hadisəyə  Azərbaycan XİN də münasibət bildirib.

Sitat: “Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır. Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir. Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda jurnalistlərə açıqlamasında deyib ki, BMT agentliklərinin mina probleminə diqqəti böyükdür və dəstək vermək istəkləri var. O bildirib ki, ANAMA BMT agentlikləri ilə sıx əməkdaşlıq edir: “Sözsüz ki, BMT agentliklərinin mina probleminə olan diqqəti böyükdür. Dəstək vermək istəkləri var. Bu sahədə əməkdaşlığımızı davam etdiririk. Ümid edirik ki, bu əməkdaşlıq genişlənəcək. BMT-də sözsüz ki, bugünkü hadisəyə kədərlənirlər. Eyni zamanda biz hər zaman bu məsələni qabardırıq və mina probleminin mülki insanlara nə qədər böyük ziyan verdiyini göstəririk. Çalışırıq ki, bu məsələ diqqət mərkəzində olsun”.

R.Kərimoğlu: " Dövlətin birinci, ikinci səxslərinin bundan xəbəri olmayıb"  » NUH informasiya agentliyi

Qarabağ qazisi, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) ictimai birliyinin sədri Rey Kərimoğlu “Yeni Müsavat”a bildirdi ki, mina faciələrinin yaşanmasının əsas səbəbkarı Ermənistandır. R.Kərimoğlu qeyd etdi ki, azərbaycanlıların hələ də mina partlaması nəticəsində həlak olması terror əməli kimi dəyərləndirilməlidir: “Ermənistan hələ də mina xəritələrini Azərbaycana təhvil verməyib. Ərazilər də təhlükə mənbəyi olaraq qalır. Xəbərdarlıq lövhələri kifayət qədərdir. Eyni zamanda, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) regionda maarifləndirmə işini davam etdirir. Əhali ilə də görüşlər keçirilir, lakin görünən odur ki, bu, kifayət etmir. Maarifləndirməni artırmaq lazımdır. Bunun müxtəlif formaları var. Fövqəladə Hallar Nazirliyi, ANAMA və digər qurumlar mütəmadi olaraq xəbərdarlıq məlumatları yayırlar. 10 noyabr 2020-ci ildən, yəni Üçtərəfli bəyanatın imzalandığı gündən bu günə qədər 290 nəfər minaya düşüb, 49 nəfər həlak olub. Minaların təmizlənməsi prosesi bitməyənə qədər təəssüf ki, təhlükə qalmaqda davam edəcək. Əhali diqqətli olmalıdır. ANAMA-nın əməkdaşları hər gün, fasiləsiz müvafiq tədbirlər görürlər. Bu qədər iş görülərkən insanlar minaya düşürsə, deməli maarifləndirməni daha da artırmaq lazımdır. Hadisənin baş verdiyi Yusifcanlı kəndində çox sayda mina basdırılıb”.

R.Kərimoğlu qeyd etdi ki, Azərbaycan dünyada mina ilə çirklənmiş ölkələr arasında ön sıradadır. O, dünya ictimaiyyətinin, beynəlxalq qurumların buna lazımi diqqət yetirmədiyini vurğuladı: “Minaların təmizlənməsi ağır və bahalı prosesdir. Təəssüf ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanı tək qoyub. ABŞ və başqa dövlətlər müəyyən dərəcədə dəstək göstərir, amma minaların tam təmizlənməsi üçün genişmiqyaslı tədbirlərə və külli miqdarda vəsaitə ehtiyac var. Azərbaycan bu işi 99 faiz öz hesabına həll edir. Ukraynadakı müharibəyə isə milyardlarla vəsait xərclənir”.

Tanınmış hərbi ekspertə polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub

Hərbi ekspert Üzeyir Cəfərov mövzunu “Yeni Müsavat”a şərh edərkən dedi ki, məlumat lövhələrinin olması kifayət deyil. Ekspert Kütləvi İnformasiya Vasitələrindən (KİV) istifadə edərək maarifləndirmənin önəmini vurğuladı: “Xüsusilə axşam saatlarında televiziya, radio vasitəsilə çağırışlar edilməlidir. Təəssüf ki, son iki il ərzində 290 nəfər minaya düşüb. Bu hadisələrin ən azı yarısının qarşısını almaq olardı. Məsuliyyət hər zaman zərərçəkənin üzərinə düşmür”.

Mütəxəssis xatırlatdı ki, son zamanlar Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı məsələyə diqqət nisbətən azalıb. O, danışıqlar prosesində mina xəritələrinin verilməsinin daim diqqətdə saxlanmalı olduğuna diqqət yönəltdi: “İlk xəritələrin doğruluğu cəmi 25 faiz idi. Biz nə olursa-olsun, Ermənistanı xəritələri verməyə məcbur etməliyik. Yeri gəlmişkən, minaların təbii səbəblərdən yerdəyişməsi ehtimalı var. Piyada əleyhinə minaların yerdəyişməsi zamanı daha tez partlayış əmələ gəlir. Yerdəyişmə 1 metr də ola bilər, 100 metr də”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir: “Azərbaycanın Respublikasının işğaldan azad edilmiş Ağdam rayonu Yusifcanlı kəndi ərazisində iki nəfər dinc sakinin həlak olması ilə nəticələnən mina partlayışı baş verib. Dinc mülki insanların davamlı olaraq həyat və sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyir, həlak olanlara Allahdan rəhmət diləyirəm. Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb.

Təəssüflə qeyd edirik ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub. Ermənistan isə nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib. V.Andreyeva deyib ki, BMT Azərbaycanın minatəmizləmə səylərini bundan sonra da dəstəkləməkdə davam edəcək: “Biz ərazilərin bərpası sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə davam edəcəyik. Minatəmizləmə işləri prioritetdir. Bununla bağlı may ayında Ağdamda və Bakıda mina təhlükəsi ilə bağlı konfrans keçiriləcək”.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Nuno Keyroz Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib ki, Azərbaycan müxtəlif milli strategiyaların həyata keçirilməsi yolu ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq öhdəliyini nümayiş etdirib. Onun sözlərinə görə, BMTİP minaların təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləyir: “Biz DİM ilə minalardan təmizləmə arasında əlaqə görürük. Məsələn, məktəbin yaxınlığında partlamamış hərbi sursatların olması buranı təhlükəli məkana çevirir və bu, uşaqların təhsil almasına mane olur. Bu isə 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birbaşa problemdir. Ərazilərin minalardan təmizlənməsi yolu ilə keçmiş məcburi köçkünlərin bu yerlərə davamlı şəkildə qayıtması üçün şərait yaradırıq. Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesini sürətləndirməyə çağırıb”.

O həmçinin Ağdamda mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı başsağlığı verib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR