İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonlar qazanılan “MTN bazarı”- ŞOK faktlar açıqlandı

2018 01.06.2022 08:30 Gündəm A A

Mövlam Şıxəliyevin məhkəməsini tez-tələsik yekunlaşdırmaq istəyirlər

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir və məhkəmənin tez-tələsik yekunlaşdırılmasına çalışır.

Zərərçəkənlər eyni zamanda iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbsini tələb edirlər. Deyirlər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. Bildirirlər ki, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər günahlarını boynuna almırlar, cinayətlərini etiraf etmirlər. Dəymiş maddi ziyanı ödəməkdən yayınırlar. Bununla belə, başqa yerə getməmək haqqında iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar.

“Fuad Məmmədov Yasin Məmmədovla birgə atamdan 300 min manat tələb edirdi”

Məhkəmə prosesində ilk ifadə verən Vüqar Cəfərov oldu. O, iş üzrə zərərçəkmiş Etibar Cəfərovun qardaşıdır. Vüqar Cəfərov bildirib ki, qardaşı 2005-ci ildən “Sədərək”də sahibkarlıqla məşğul olub. 2013-cü ilin avqustunda qardaşını və daha bir neçə nəfəri  MTN əməkdaşları saxlayıblar. Sonradan qardaşı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. İş üzrə müstəntiq Fuad Məmmədov olub: “Fuad Məmmədov Yasin Məmmədovla birgə atamdan 300 min manat tələb edirdilər. Deyirdilər ki, guya qardaşım qaçaqmalçılıq edib. Halbuki qardaşım qaçaqmalçılıq etməmişdi. Sadəcə, şərləyirdilər. Biz qohum-qardaşdan borc aldıq, varımızı satdıq. Cəmi 210 min manat pul toplaya bildik. Pulu aparıb MTN-in arxasında Fuad Məmmədova verdim.  Pulu alandan 3-4 gün sonra qardaşımı azad etdilər. Qaradağ Məhkəməsi ittihamın əsassız olduğunu  təsdiqləyib. Buna görə də qaçaqmalçılıq maddəsi ölkəyə keyfiyyətsiz mal gətirmə maddəsinə tövsif olunub. Bu maddə ilə kimsəni həbsdə saxlamaq olmazdı. Bunu Yasin Məmmədov da, Fuad Məmmədov da bilirdilər. Ona görə də qaçaqmalçılıq maddəsini ortaya atmışdılar. Qardaşımla bərabər tutulanların hər birindən MTN-də hədə-qorxu ilə pul almışdılar. Bu adamlar bu günə qədər bizə vurulan zərəri ödəməyiblər".

movlam.jpg (101 KB)

 “Vüsal Ələkbərovun otağından Raufu birbaşa Mövlam Şixəliyevin xidməti kabinetinə apardı”

Bundan sonra həbsdə olan zərərçəkən Cavidan Hacıyev də məhkəmədə sərbəst ifadə verib. O, 2016-cı ildə “Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası 6 ilə qədər endirilib.

Məhkəmədə sərbəst ifadə verən Cavidan Hacıyev bildirib ki, həbsinə qədər Türkiyədə biznes quraraq orada işləyib.  Özünün “İnter Alyans” şirkətinin adından Türkiyədən, digər ölkələrdən ölkəyə sement, sement xammalı gətirilməsi ilə məşğul olub.

akif.jpg (141 KB)

2008-ci ilin noyabrından başlayaraq Rauf Kərimovla şərikli işləməyə başlayıb. 2008-ci ilin dekabrında  “Texnikabank” ASC-dən qeyd edilən şirkətlərin adından müvafiq girovları, eləcə də Rauf Kərimova məxsus “Bakı” mehmanxanasını girov qoymaqla 30  milyon manat məbləğində uzunmüddətli kredit götürüblər. 2012-ci ilin mart ayının ortalarında “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunub.

vusal.jpg (84 KB)

2012-ci ilin mayında şəriki Rauf Kərimov MTN-ə çağırılıb. Onu çağıran MTN İstintaq Baş İdarəsinin şöbə rəisi olan Vüsal Ələkbərov olub. Sonradan onun özünü də Vüsal Ələkbərov MTN-ə çağırıb. Türkiyədən ölkəyə gələrək  MTN-ə gedib. Vüsal Ələkbərovun çağırışı üzrə 2-3 ay ərzində hər gün onun qəbuluna gedib. Vüsal Ələkbərov hər gün onu və Rauf Kərimovu “Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürmələri, krediti nəyə xərclədikləri barədə soruşub. Uzun dindirmələrdən sonra Vüsal Ələkbərov Rauf Kərimovdan külli miqdarda pul tələb edib: “Vüsal Ələkbərov Raufa demişdi ki, hərəniz 500 min manat verin, sizi həbs etməyək. Biz razılaşmadıq. Çünki cinayətimiz yox idi. Vüsal Ələkbərov demək olar ki, hər gün MTN-ə çağırıb 10-15 dəqiqə, gah da saatlarla gözlədib bizi 1 milyon manat pulu verməyə razı salmağa çalışırdı. Bizi hədələyirdi. Hədəni artırmaqla razılığımızı almaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına aparmışdı.

e13efa8c-82fe-40a9-8e9a-018d2b739129.jpg (139 KB)

Təhsin Ağayev də Vüsal Ələkbərova qoşulub hər dəfə bizə hədə-qorxu gəlir, israrla 1 milyon manat pulu vermək lazım olduğunu deyirdi. Təhsin Ağayev bu gün özünü tülkülüyə vurub, guya xəstədir, aradan çıxıb. Bir dəfə Təhsin Ağayev öz otağından Mövlam Şixəliyevə zəng vurdu, ”bunlar deyilən məbləği hələ düzəltməyiblər" dedi. Bundan sonra Təhsin Ağayev dəfələrlə mənə zəng elədi, pulu hazırlayıb verməyi, razılaşmağı, rəhbərliyin xəbər gözlədiyini, əks halda bizi həbs edəcəklərini deyirdi. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayevlə və Vüsal Ələkbərovun tələbi ilə razılaşmağa məcbur olduq. Rauf mənə dedi ki, pulu düzəldib verməsək, axırımız yaxşı olmayacaq. Mövlamın sözlərini mənə çatdırdı. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib çürüdəcəyəm. Ona görə də məcbur olub razılaşdıq. Biz Vüsal Ələkbərovdan pulu hissə-hissə vermək üçün vaxt istədik. Vüsal Ələkbərov razılaşdı. 2012-ci ilin sentyabr - noyabr ayları ərzində Rauf “Yunayted Kredit Bank” ASC-dən və “Atrabank” ASC-dən 500 min manat kredit aldı.

sahib.jpg (30 KB)

Mən sürücüm Elmir Muxtarovun adına “Atrabank”dan 200 min manat kredit götürdüm. Avtomobillərimi satmaqla 250 min manat, ümumilikdə 500 min manat düzəltdim.  Vüsal Ələkbərov Rauf Kərimova zəng edib pulu istədi. Pulu MTN-in poliklinikasının qarşısında Vüsal Ələkbərova verdik. Vüsala ilk olaraq 200 min manat, ardınca 300 min manat, daha sonra 200 min manat və 200 min manat verdik. Son dəfə Vüsalın tapşırığı əsasında Təhsin Ağayev bizdən 100 min manat aldı.

2014-cü ildə Baş Prokurorluq “Texnikabank”la bağlı araşdırmalarla bizi istintaqa çağırdı. O zaman bildik ki, bizi aylarla MTN-ə çağırıb dindiriblər, bizim barəmizdə heç bir sənədləşmə aparmayıblar".

“Ay naxçıvanlı, sənə yaraşmaz belə seyə görə burada oturmaq”

Bundan sonra şahid qismində Cavidan Hacıyevin işçisi Sahib Səfərov ifadə verdi. Bildirdi ki, Cavidan Hacıyevdən general Mövlam Şıxəliyev külli miqdarda pul tələb etdiyi zaman pulun toplanmasında iştirak edib. Cavidan Hacıyevin maşınlarını satıb, əldə olunan pulu ona verib ki, aparıb MTN-ə versinlər. 

Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Orxan Abdullayev bildirib ki, 2013-cü ilin martında şəriki Sərdar İsmayılovla Gürcüstanda satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş ediblər: “10 sentyabr 2013-cü ildə Sərdarla Bakıda ”Eqzotika" çay evində oturub çay içirdik. Özlərini MTN-in əməkdaşları kimi təqdim edən şəxslər bizi saxladılar və MTN-ə gətirdilər. Günyarım orada qaldıq. Bizdən pul istəyirdilər. Dedilər ki, gedin, sizi çağıracağıq. Növbəti gün MTN-ə çağırdılar. Ora getdik və həbs olunduq.  Səbayel Rayon Məhkəməsi barəmizdə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçdi. 17 gün sonra müstəntiq Fuad Alməmmədovun xidməti otağında məndən ifadə alındı. Otağa Yasin Məmmədov gəldi. Şəhadət barmağını göstərib “ay naxçıvanlı, sənə yaraşmaz belə şeyə görə burada oturmaq, 100 min manat ver, sənin həbsini ev dustaqlığı ilə dəyişdirim” dedi. Mən də Yasin Məmmədova o qədər pulumun olmadığını dedim. 2013-cü ilin noyabrında məni MTN-in istintaq təcridxanasından Yasin Məmmədovun otağına gətirdilər. Atam da Yasin Məmmədovun otağında idi. Təxminən 5 dəqiqə  söhbət elədik. Atama dedim ki, “Yasin Məmmədov nə istəyir onu ver, məni çıxart. Burada qala bilmirəm”. Məni təcridxanaya qaytardılar. Atam Yasin Məmmədovun otağında qaldı. Bir müddət sonra Fuad Alməmmədovun otağında ifadə verəndə ona dedim ki, məni Yasin Məmmədovun otağına apar.  Yasin Məmmədova azad edilməyim üçün köməklik etməsini xahiş etdim. Yasin Məmmədov vərəqə 100 min rəqəmini yazıb mənə  göstərdi. Dedi ki, “Cahangir səndən çox pul verir, bunu gətir, səni buraxım. 4 ay 23 gün MTN-də həbsdə qaldım. 2014-cü ilin yanvar ayının sonlarında məni ekspertizaya aparıb ağır xəstəlikdən əziyyət çəkməyim barədə rəy alındı. Ekspertizaya görə Yasin Məmmədov atamdan 3 min manat pul almışdı. 6 fevral 2014-cü ildə həbsdən azad edildim. Atam Elman Abdullayevdən öyrəndim ki, məni həbsdən azad etdirmək üçün  Nizami rayonu, Nəsimi küçəsi ev 50, mənzil 42 ünvanındakı mənzilimi satıb, Yasin Məmmədova 50 min manat pul verib”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR