Bir neçə il xarici kəşfiyyatda xidmət edən polkovnik-leytenant Valeri Martınov əhəmiyyətli nəticələr əldə edib. Vaşinqtonda elmi və texniki sahəsində çalışıb və əməkdaşlığa cəlb etdiyi alimlərdən müntəzəm olaraq Moskvaya məlumatlar çatdırıb. O, digər əməkdaşlara nümunə kimi göstərilib və aldığı mühüm məlumatlara görə “Qırmızı bayraq” ordeni ilə təltif edilib.
Lakin Vaşinqtondakı sovet rezidenturasının və ya SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələrinin heç birinin ağlına belə gəlməzdi ki, “elmi” xətt üzrə aparıcı kəşfiyyatçılardan biri Amerikada qaldığı ilk vaxtdan Federal Təhqiqat Bürosuna işləyib.
V. Martınov sadə əməliyyatla “qarmağa” keçib. FTB Valerinin yanına ona guya məxfi məlumat verəcək informator göndərib. Amerikalılar Martınovla əlaqə saxlayıb və hər şeyin uydurma olduğunu bildiriblər. Bununla da əməkdaşlıq başlayıb. Halbuki kəşfiyyatçı uğursuzluğu barədə dərhal məlumat verməli və Moskvaya qayıtmalı idi. Bununla belə, FTB və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onun psixologiyasını çox yaxşı öyrəniblər. Martınov həmkarlarını satmağı karyerasını itirməkdən daha üstün tutub.
İkili agent
Əməkdaşlığa razı olan Valeri mərkəzə əvvəlcədən hazırlanmış dezinformasiyalar göndərib, ABŞ kəşfiyyatına isə həqiqətləri danışaraq adi funksiyalarını yerinə yetirməyə davam edib. O, Vaşinqtondakı sovet diplomatik missiyasının tərkibində olan bir neçə əsas kəşfiyyat zabitini və SSRİ üçün işləyən amerikalıların adını Mərkəzi Kəşfiyyat İdarəsinin ovcuna qoyub.
Təəccüblüdür ki, o, məlumatlara görə ayda cəmi 100-400 dollar arası vəsait alıb. Onun qarşı tərəfə işləməyinin əsas səbəbi xarici kəşfiyyat xidmətlərinin köməyi ilə DTK-da karyera qurmaq ümidi olub. Martınov ifadələrində bildirib ki, MKİ-nın müvafiq bölmələri onu işlədiyi qurumda yüksək vəzifələrə təyin etdirəcəkmiş. ABŞ-də sovet rsəfirliyi MKİ və FTB tərəfindən mütəmadi izləməyə məruz qalanda agentlər arasında “köstəbək” olması anlaşılıb.
Sovet səfirliyində kəşfiyyatçılardan birinin divar xəritəsində agentlərin mövqeyini sancaqlarla qeyd etmək vərdişi olub. Ona bu işarələrdən istifadə etməməklə bağlı qoyulan qadağalar heç bir nəticə verməyib. Martınov bundan istifadə edərək xəritədəki bütün nöqtələri amerikalılara ötürüb.
ABŞ-yə işləyəni müəyyən etmək üçün rezidenturaya daxil olan əks-kəşfiyyat polkovniki Viktor Çerkaşin hiyləgərliyə əl atıb. Bir gün elan olunub ki, şəhərdə xüsusi məxfi kəşfiyyatçı işə başlayıb və onun ünvanı xəritədə də qeyd olunub. Bir neçə saat sonra ünvana Amerika kəşfiyyatının nümayəndələri gedib. Nəticədə V. Martınov şübhəlilər arasında yer alıb.
İkili agentin taleyi, nəhayət, KQB tərəfindən əməkdaşlığa cəlb edilən keçmiş MKİ zabiti Oldriç Eyms tərəfindən təsdiqləndikdən sonra həll edilib. Artıq Martınovun casus olduğuna heç bir şübhə qalmayıb və o, Moskvaya göndərilməli və yaxşıca “müsahibədən” keçməli idi.
Moskvaya göndərmək üçün qurulan hiylə
Şübhələr özünü doğrultsa da, Martınovun bütün rezidentura sənədlərinə çıxışı olub, mərkəzlə yazışmaq imkanından da məhrum edilməyib. O, işçi görüşlərdə, əməliyyat birləşmələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edib. Çünki onu “qorxutmaq” lazım deyildi.
Polkovnik Viktor Çerkaşin həmin hadisələri belə xatırlayır: “Martınovu hansı bəhanə ilə Moskvaya göndərmək problemi ilə bir neçə ay mübarizə apardım. Ən asan seçim tətildir. Lakin o, bu yaxınlarda Moskvadan qayıdıb. Ona görə də onu yenidən məzuniyyətə göndərmək axmaqlıq olar, onda haqlı şübhə doğurardı. İşdə yaxşı nəticələrə görə mərkəzdə mükafat almaq, bəzi gözlənilməz ailə və ya məişət problemlərini həll etmək üçün Moskvada olmaq zərurəti kimi başqa variantlar da var idi. Amma iş burasındadır ki, peşəkar kəşfiyyatçı Martınov bizim əks-kəşfiyyatın bu cür üsullarını yaxşı bilirdi.
O, Moskvaya uçmaq təklifində ən kiçik yalanı hiss edəcək və dərhal FTB-yə qaçacaqdı. Bundan əlavə, ailə üzvlərinin hərəkətlərinə nəzarət etmək çətin idi, çünki onların hamısı Ayrin yaşayış kompleksindən kənarda, Vaşinqtonun ətraflarında kirayədə yaşayırdılar və təhlükə yarandıqda tez yoxa çıxa bilərdilər”.
Valerinin Moskvaya göndərilməsində sovet səfirliyində polkovnik Yurçenkonun gəlməsi kömək olub. O, Romada FTB agentləri tərəfindən qaçırıldığını və indi öz xalqına sığındığını iddia edib. Onun satqın olub-olmaması və ya qarşı tərəfə keçməsi dəqiq bilinməyib. Bu məsələ ilə bağlı bütün sənədlər məxfidir və sonradan çoxlarının təəccübünə səbəb o, DTK tərəfindən idarə mükafatına layiq görülüb.
Qərara alınıb ki, Yurçenko “ən etibarlı” rezidentura zabitlərinin nəzarəti altında Moskvaya aparılmalıdır. Təbii ki, onların arasında Martınov da olub. Hiylə işləyib və sonuncu heç nədən şübhələnməyib. O, Moskvaya çatandan dərhal sonra, praktiki olaraq təyyarənin trapında tutulub. Əməliyyat o qədər peşəkarlıqla aparılıb ki, amerikalılar öz əməkdaşının həbsindən yalnız bir ildən sonra xəbər tutublar.
İstintaq zamanı Martınov özünün “ikili oyunu”nun bütün mərhələlərini ətraflı təsvir edib. Məlum olub ki, o dəyəri milyard dollarlıq olan sənədləri 100 dollara satıb. Məhkəmədə Valeri Martınov təqsirini tam etiraf edib və dövlətə xəyanətdə təqsirli bilinib. Onun barəsində ən yüksək cəza tədbiri olan güllələnmə hökmü çıxarılıb və hökm 1987-ci ildə icra olunub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün