İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis: deputat Əli Kərimlini sərt tənqid etdi

2117 15.04.2022 11:21 Gündəm A A

Milli Məclisin növbəti plenar iclası, Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Cari məsələlərin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmli çıxış etdi.

Deputat bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də hazırkı mürəkkəb situasiyada xalqla kommunikasiyanın zəruri mərhələsi oldu: “Bildiyiniz kimi, pandemiya və münaqişələr fonunda iqtisadi təlatümlərin Azərbaycana təsirləri qaçılmazdır və bu mənada real vəziyyət barədə insanların birbaşa ölkə başçısı tərəfindən məlumatlandırılması bəzi dairələrin şəraitdən sui-istifadə etmək perspektivlərini heçə endirdi. Ümumiyyətlə, bütün fəaliyyəti dövründə prezident İlham Əliyev siyasi mədəniyyət nümunəsi ortaya qoyub. Elə götürək 2018-ci il prezident seçkilərini, ölkənin rəhbəri ciddi bir iradə ortaya qoyaraq, islahatlara, yeniləşməyə bir başa prezidentlik institutundan başladı. Daha sonra rəhbəri olduğu partiyanın çoxluğuna baxmayaraq islahat naminə yeni parlament seçkilərinə gedildi. Yəni, cənab İlham Əliyev dəyişimi hakimiyyətin ən yüksək pillələrindən başladı və bu prosesdə də yeganə güvənci xalq oldu”.

B.Məhərrəmov ardınca tənqidi fikirlərini səsləndirdi: “İndi müqayisə üçün bu gün “islahat” “dəyişim” istəyən digər cəbhəyə baxın. Adamlar iqtidardan islahat tələb edir, dəyişiklik istəyir, amma 30 ildir ki, özləri dəyişmir. Eyni adam, eyni vəd, eyni kurs, eyni cılız məqsəd. Dəyişiklik arzu edirsən, özündən başla, baxırsan xırda radikal bir dərnəyi diktaturaya çevirib, səsini çıxaranı da ya partiyadan qovur, ya linç etdirir. Yaxşı sən xırda bir partiyanı avtoritar struktura çevirmisən, sənə dövlət etibar etmək olar? Bu gün Azərbaycanda əlində 20 min şəhidin qanı olan qaragüruh özündə İlham Əliyev siyasəti ilə bağlı mühakimə yürütmək cəsarəti tapırsa bu doğrudan bədbəxtçilikdir. Bu adamlar İlham Əliyevə dövlət idarə etməyi öyrətmək istəyir. Xarici dövlətlərə, əcnəbi təşkilatlara kiçiklik edənlər bu xalqa böyüklük arzusuna düşüb, Bu qədər də olmaz ki! Danışanda bir müqayisə aparın: sizin yarıtmazlığınız ucbatından 20 mindən artıq şəhidə rəğmən itirilən torpaqları İlham Əliyev 8 dəfə az itki hesabına işğaldan qurtardı. Xəyanətkarcasına satdığınız Şuşanı, Azərbaycana İlham Əliyev qaytardı. Nəinki qaytardı, hətta Şuşa artıq parlamentin komitə iclaslarına ev sahibliyi edir. Sizə qalsaydı, indi Şuşada separatçıların parlamentinin iclası idi. İndi yeni hədəf tapıblar. Taleh Kazımovun təyinatından sonra Əli Kərimli və trolları ölkənin ən iri biznes strukturlarından biri olan PASHA Holdinq üzərinə hücuma keçiblər. Bu başa düşmür ki, PAŞA Holdinq və ona daxil şirkətlər Azərbaycan biznes mühitinə yeni koorparativ mədəniyyət gətirib, yeni ruh gətirib. Biznesin yalnız vergi öhdəliyi yox, həm də cəmiyyət qarşısındakı mənəvi sosial öhdəliyi ənənəsini biz PASHA qrupun nümunəsində görmüşük. İstər COVİD-19 pandemiyası ilə mübarizədə, istər müharibə dövründə PASHA Holdinq və ora daxil şirkətlər sözün əsl mənasında milli həmrəylik nümunəsi göstərdi. Bu gün də PASHA grup ailəsi işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa prosesində vicdanla öz töhfələrini verməkdədir. İndi nədir sizi narahat edən? Təsəvvür edin, bu təfəkkürlü adamlar hakimiyyətə iddialıdır. Özləri bilər, amma sadəcə onu deyim ki, nə qədər bu xalqın həmrəylik ruhu var, Azərbaycançılıq ideyası yaşayır bu xalq sizi o Ağ evə buraxmayacaq. Ondan arxayın olun”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR