İnsanlara hürriyət, millətlərə istiqlal!

MI6 və MKİ SSRİ-ni necə dağıtmaq istəyib? - Rokfeller, Ford, Karnegi milyonlar ayırıb

778 15.01.2025 14:30 Yaxın tarix A A

II dünya müharibəsi bitdikdən sonra eyni düşmənə qarşı birləşən dövlətlər məğlub ölkələrin ərazisini bölüblər və öz aralarında mübarizəyə başlayıblar. Böyük Britaniyanın gizli kəşfiyyat xidməti (Mİ6) Sovet İttifaqına qarşı mübarizə üçün planlar quran ilk xarici kəşfiyyat xidməti olub. İngilislər müharibə dövründə olanları nəzrə alaraq diqqəti hərbi sahədən ideoloji və iqtisadi müstəviyə keçiriblər.

“Liote” əməliyyatı

“Liote” əməliyyatının müəllifi MI6-nın direktor müavini, polkovnik Valentayn Vivyen olub. Məxfi sənəd əməliyyatın adını izah edən tarixi bir məsəllə başlayıb.

XX əsrin əvvəllərində Afrikadakı Fransa müstəmləkə qoşunlarının komandanı Lui Yuber Qoncalves Liote bir gün piyada getməyə qərar verib. Zenitdə olan günəş yerə od tökürmüş. General tabeliyində olanlara yolun kənarlarında kölgə salmaq üçün ağac əkməyi tapşırıb. Ona etiraz etməyə çalışıblar ki, belə ağaclar ancaq 50 ildən sonra böyüyəcək. Ancaq Liote işə elə həmin gün başlamağı əmr edib.
SSRİ-yə qarşı proqramın da əsas məqsədi onilliklər ərzində zəmanətli nəticələr əldə etməklə yanaşı, sosialist bloku ölkələrindəki çətinlikləri kəşfiyyatın köməyi ilə aşkar edərək onlardan maksimum yararlanmaq və lazımi tədbirləri görmək olub.

eca16311-3242-42d5-9e9d-7984cd383674.jpg (254 KB)

Baltikyanı ölkələrdə və Qərbi Ukraynada SSRİ-yə qarşı mübarizə aparanların aşkarlanmasına xüsusi diqqət yetirilib və bunun üçün ayrıca “Nora” şöbəsi yaradılıb. Əsasən sovetdən xaricə gedənlərlə əməkdaşlıq edilməsi təklif olunub. Bunlar əməkdaşlığa dair sənəd imzalayan, işə götürülən agentlər olmayıb.

Lakin onlar mövcud sistemin təkmilləşdirilməsinin tərəfdarları olmaqla, incə psixoloji prosesdən sonra əslində Sovet İttifaqının iqtisadi və siyasi əsaslarını dağıtmağa yönəlmiş yadelli iradənin icraçılarına çevriliblər. İşlər adətən xırda iltifatlarla başlayıb, xaricdə fantastik qonorarlarla kitabların nəşrinə qədər davam edib. Sonda çox vaxt kəşfiyyata işlədiyini anlamayan şəxslər istənilən tapşırığı yerinə yetirib.

İngiltərədən geri qalmayan ABŞ

MI6-nın planlarından xəbər tutan Vaşinqton ingilislərinkinə bənzər bir proqram yaradıblar. SSRİ-ni atom bombası ilə dağıtmaq mümkün olmadığı üçün onu daxildən məhv etmək lazım olub. SSRİ-nin məhv edilməsi üzrə Amerika proqramı dörd əsas hissəyə bölünüb.

0915c749-8722-4012-b214-f306b9349cca.jpg (63 KB)

İlkin olaraq sovet sisteminin dinc yolla məhv edilməsində əsas istiqamətlər müəyyən edilib. Öncə partiyanın ölkəni idarə etməkdə acizliyini nümayiş etdirməklə, birliyi dağıtmaq və ləğv etmək düşünülüb. Digər tərəfdən, ölkəni parçalamaq məqsədi ilə millətlər arasında nifaq yaratmaq, vətənpərvərliyi gözdən salmaq və öz ölkəsinə biganəlik təbliğ etmək planları qurulub.

İkinci bəndə əsasən silahlanma yarışı getdikcə çoxaldığı üçün SSRİ-ni iqtisadi cəhətdən tükənməsini təmin etmək olub.

“Demokratiya” layihəsi çərçivəsində isə bütün sosialist ölkələrində, xüsusən də SSRİ-də müxalifətə geniş yardım ayırmaq planlaşdırılıb. Xarici media və nəşriyyatlara dəstək göstərmək, müxalifətə lazım gəldiyi məqamda pul və hətta silah tədarük etmək nəzərdə tutulub.

ee235cc5-b98e-4cb2-8a87-e2b3274d96df.jpg (160 KB)

Xüsusilə SSRİ-ni hissə-hissə parçalamaq və dağıtmaq üçün sovetin tərkibində olan ölkələrdə vəzifəli şəxslər vasitəsilə mübarizə aparacaq qrupların birləşdirilməsini təmin etmək də diqqət mərkəzində olub.
Sonuncu, psixoloji müharibə planına əsasən sovet xalqlarında azadlığı təbliğ etməklə insanların mənəviyyatını sarsıtmaq, onlar arasında çaşqınlıq səpəcək və ölkədə nizamsızlıq yaradacaq hallar əhəmiyyət kəsb edib.

SSRİ-ni dağıtmaq üçün ayrılan milyonlar və sponsorlar

ABŞ 1950-ci illərin əvvəllərindən SSRİ-ni dağıtmaq üçün heç bir xərcdən çəkinməyib. Hətta 1951-ci ildə Trumenin imzaladığı “Qarşılıqlı təhlükəsizlik aktı”nda istər dövlətin içində, istərsə də xaricdə sosialist ölkələrinə qarşı çıxanların hamısını maliyyələşdirmək üçün 100 milyon dollar ayırılıb.

4f43451d-34f6-40fa-9d6b-6d429191fe2c.jpg (260 KB)

Belə insanlara hökumətləri devirməyə yönəlmiş silahlı dəstələrin yaradılması təşviq edilib. Bu fəaliyyət üçün əlavə vəsait Rokfeller, Ford, Karnegi, Makkloy və digər fondlar tərəfindən ayrılıb.

Onlara peşəkar kəşfiyyatçılar rəhbərlik edib. “Amerikanın Səsi”, “Azadlıq” və “Azad Avropa” radiostansiyaları SSRİ-nin sabitliyinin pozulmasına və süqutuna mühüm töhfə verib.

Zamanın göstərdiyi kimi, Böyük Britaniya və ABŞ-nin sosialist bloku ölkələrini parçalamaq proqramları uğurla həyata keçirilib. Amma onlar heç də bununla məhdudlaşmayıblar. Hazırda bu kimi fondlar bir çox ölkələrin daxili və xarici siyasətinə qarışmaq üçün yenə də müxtəlif adlar altında vəsait ayırırlar.

Çünki Rusiya da dinc oturmur, bu və ya digər adla keçmiş SSRİ-ni bərpa etmək (daha çox sərhədlərini, siyasi quruluşunu yox), hətta keçmiş sosialist düşərgəsi dövlətlərini yenidən öz nüfuz darisəinə almağa çalışır. Kremlin bu cür məkrli planları Qərbin də bənzər planlarının aktual olaraq qalmasına rəvac verir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR